Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 15:46
2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək. Nəticədə, bərpa xidməti göstərilənlərin illik sayı iki dəfə artaraq 26,1 minə çatacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurularaq istifadəyə verilməsi işləri bu il də davam edəcək.
Belə ki, 2020-ci ildə Xaçmaz, Şəki, Lənkəran, Şirvan şəhərlərində hər biri ildə 700 şəxsə xidmət göstərəcək bərpa mərkəzləri və ildə 6500 şəxsə xidmət göstərəcək Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.
Həmçinin Sumqayıt şəhərindəki bərpa mərkəzində də müasir reabilitasiya şəraiti yaradılır və həmin mərkəzin də cari ildə açılışı nəzərdə tutulub. Mərkəz ildə 1500 şəxsi bərpa xidmətləri ilə təmin edəcək.
Eyni zamanda, bu il Şəmkir və Qəbələ rayonlarında hər biri ildə 1000-dək şəxsə bərpa xidmətləri göstərəcək yeni müəssisələrin tikintisi həyata keçiriləcək.
Beləliklə, 2020-ci ildə açılacaq və inşasına başlanacaq bərpa mərkəzləri ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə, bu xidmətlərlə təmin edilənlərin illik sayının iki dəfə artaraq 26,1 minə çatmasına imkan verəcək.