Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 08:48
Elektrikli avtomobillər hələlik tam avtopilota sahib olmasa da, Tesla-nın istehsal etdiyi maşınların sözügedən sistemi heyranlıq yaradır. Onlarla kilometr yolu sadəcə müəyyən müddətlərdə sükanı tutaraq tamamlama imkanı verən sistemin inkişafı üçün ciddi əmək sərf edilir. Avtopilot xeyli sayda sensordan gələn minlərlə məlumatı real zamanda analiz edərək yola necə davam ediləcəyinə qərar verir. Ətrafdakı obyektlərin aşkar edilməsi normal hərəkət vaxtı da mümkün qəzalardan yayınmanı təmin edir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, İsraildəki Negev Ben-Gurion Universitetinin araşdırmaçıları Tesla Model X də daxil olmaqla avtopilota sahib avtomobilləri 2D, yəni standart proyeksiya cihazı istifadə edərək "aldatmağı" bacarıblar.
Proyektorun əks etdirdiyi görüntü avtopilot tərəfindən insan kimi qəbul edilir və avtomobil hərəkətini dayandırır. Bunun holoqram olduğu isə insan gözü ilə çox rahat şəkildə anlaşılır.
Əks etdirilən görüntülər avtopilotun ani əyləc sistemini işə salmasına səbəb olub. Bundan başqa, mütəxəssislər asfalt üzərinə yeni yol işarələri əks etdirərək Tesla-nı xətdən çıxarmağı bacarıblar. Bu isə olduqca təhlükəli vəziyyətlər yarada bilər.
Araşdırmaçılar drona yerləşdirdikləri mini proyektor ilə yaxındakı binaya xəyali sürət həddi işarəsi yansıdıblar. Bir saniyə görüntülənən video sistemi "aldatmaq" üçün yetərli olub.
Avtopilot sistemlərinin yetərsiz olduğunu bir daha sübut edən bu araşdırma üçün sevindirici xəbər də var. Araşdırmanı həyata keçirən mütəxəssislər nəticələri Tesla və avtopilota sahib digər avtomobillərin istehsalçılarına təqdim ediblər. Bu da çatışmayan cəhətləri analiz edərək aradan qaldırmağa kömək olacaq.