Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanın mötəbər beyin mərkəzi AZƏRTAC ilə tərəfdaşlıq etmək istəyir

Pakistanın mötəbər beyin mərkəzi AZƏRTAC ilə tərəfdaşlıq etmək istəyir

Tarix: 11 Fevral 2020 18:57

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi AZƏRTAC-ın məlumatlarını müntəzəm əldə etmək istəyir və bu məqsədlə tərəfdaşlığa hazırdır.

Əməkdaşlığın aspektləri və əhəmiyyəti ilə bağlı müzakirələr AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Mərkəzin icraçı direktoru Xalid Teymur Əkrəmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüşdə Pakistan-Azərbaycan münasibətlərinin tarixindən söhbət açılıb. Azərbaycanın  müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin məhz Pakistan olduğu, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində xidmətləri məmnunluqla xatırlanıb. Vurğulanıb ki, Prezident İlham Əliyev də Pakistanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dost ölkədə həyata keçirdiyi  humanitar layihələr xalqlarımız tərəfindən dərin rəğbətlə qarşılanır.

Söhbət zamanı Azərbaycanda keçirilən parlament seçkiləri, media ilə beyin mərkəzləri arasında əməkdaşlığın səmərəliliyi, iki dost və qardaş ölkənin bir-birini beynəlxalq arenada daim dəstəkləməsi barədə danışılıb, informasiya məkanında birgə fəaliyyətin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. "Azərbaycanda demokratik seçki ənənəsi hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. Bu ənənə hazırda müstəqil Azərbaycanda davam etdirilir və zənginləşdirilir. Pakistanlı ekspertlərin və jurnalistlərin seçkilərə böyük marağının şahidi olduq. Ölkələrimiz və xalqlarımız arasında xoş münasibətlərin fonunda AZƏRTAC Pakistanla informasiya sahəsində əməkdaşlığa önəm verir. Pakistanın bir sıra xəbər agentlikləri ilə bizim əməkdaşlıq münasibətlərimiz var. Beyin mərkəzləri ilə əlaqələrin qurulması da diqqət ayırdığımız istiqamətlərdən biridir", - deyə Aslan Aslanov qeyd edib.

Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm Azərbaycanla bağlı materiallar hazırlayarkən, əsasən, AZƏRTAC-a istinad etdiklərini bildirərək deyib: "Düşünürəm ki, iki ölkənin media qurumları informasiyaları ilk mənbədən, yəni bir-birindən almalıdır. Üçüncü tərəfin ölkələrimiz haqqında yaydığı xəbərlər adətən obyektivlikdən uzaq olur. Ona görə də hər ölkənin rəsmi mənbələrinin məlumatlarından istifadə daha məqbuldur. AZƏRTAC ilə tərəfdaşlıq müqaviləsi bağlamaq istərdik. Bu, bizə informasiya mübadiləsi üçün daha geniş imkanlar açar".

Görüşdə Çinin Sinxua agentliyinin layihəsi olan "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı çərçivəsində məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb. Təşkilatın İcraiyyə Şurasının üzvü olduğunu qeyd edən Xalid Teymur Əkrəm burada təmsil olunan KİV-lərlə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb. Xatırladaq ki, yüzdən çox beynəlxalq media qurumunu və beyin mərkəzini birləşdirən bu təşkilatda AZƏRTAC həmtəsisçi statusuna malikdir. 

Mərkəzin İdarə Heyətinin üzvü Mahmud Hasan Xan, Siyasi və Beynəlxalq Əlaqələr İnstitutunun professoru Zəfər Navaz Yaspal iki ölkənin tədqiqatçılarından ibarət qrupların yaradılmasının, ekspertlərin birgə işləyərək ölkələrimiz haqqında qərəzli rəylərə qarşı birgə iş aparılmasının vacibliyini vurğulayıblar.


Etiketlər:  Pakistanın mötəbər beyin mərkəzi AZƏRTAC ilə tərəfdaşlıq etmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ