Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 14:24
Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Gecədə filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun "Aşıq yaradıcılığı" şöbəsinin müdiri Elxan Məmmədli çıxış edərək Dünyamalı Kərəmin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Dünyamalı Kərəmin 1930-cu illərdən, 2000-ci illərə kimi yazdığı şeirlərə nəzər saldıqda görürsən ki, hər dövr üçün bir rəngarənglik yaradıb. Yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün zamanını və nəbzini tutmağı bacarmalıdır. 100 yaşlı yubilyarın doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından , uzunömürlülüyün sirrindən söz açılıb. Yubilyarın gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm işlər gördüyünü bildirilib.
Daha sonra səhnəyə yubilyar özü dəvət edilib. Yubilyar tədbirdə yalnız çıxışları dinləmək arzusunda olduğunu bildirib və 100 yaşının qeyd edilməsini şair ömrünə, şair adına, şair yaradıcılığına verilən ən böyük qiymət kimi dəyərləndirib. Uzunömürlüyünün sirrini isə bir fikirlə ifadə edib : "Hər kəs 100 il yaşamasa təqsir onun özündədir".
Aşıq Güllü Eldar Tomarlının aparıcılığı ilə keçən gecədə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun yubilyara təbrik məktubu oxunub. Həmçinin "Ulduz" jurnalının bədii redaktoru Ədalət Həsən, Aşıq Pəri məclisinin rəhbəri Pərvanə Zəngəzurlu yubilyarı təbrik edib, yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin aşıqları çıxış ediblər.
Qeyd edək ki, də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.