Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 ''bürünc'' şansı

3 ''bürünc'' şansı

Tarix: 16 Fevral 2020 20:06

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı bu gün başa çatacaq. 
 
Sonxeber.net bildirir ki, yarışın son günündə sərbəst güləşçilər axırıncı 5 çəki dərəcəsində medalçıları müəyyənləşdirəcəklər. 

Azərbaycan millisinin üzvləri finala yüksələ bilmədiyindən üçüncü yer uğrunda mübarizə aparacaqlar. Güləşçilərimizdən üçü bürünc medal görüşünə çıxacaq. 
 
Avropa çempionatı
Sərbəst güləş
61 kq

Yığmamızın gənc pəhləvanı İntiqam Vəlizadə türkiyəli Hamza Alacaya qalib gəlsə də, yarımfinalda gürcüstanlı Beta Lomtadzeyə məğlub olub. Finala çıxa bilməyən Vəlizadə bürünc medal uğrunda Nikolay Oxlopkov (Rumıniya) - Leomid Kolesniç (Moldova) görüşünün qalibi ilə üz-üzə gələcək.

74 kq
Polşalı Patrik Kriştof Olenjini (Polşa) məğlub edib, italiyalı Frank Markesə (İtaliya) uduzan Hacımurad Hacıyev təsəlliverici görüşdə qüvvəsini sınamalı idi. Lakin onun türkiyəli Soner Dəmirtaşla görüşü baş tutmayıb. Dünən Frank Markeslə dueldə qolu sınan güləşçimiz məhz bu səbəbdən xalçaya çıxa bilməyib. Nəticədə Dəmirtaş mərhələ adlayıb.

 

86 kq
İvars Samusonoksa (Latviya) qalib gəldikdən sonra Artur Nayfonova (Rusiya) uduzan Abubakr Abakarov təsəlliverici görüşə qatılıb. O, Axmed Maqamayevlə (Bolqarıstan) qüvvəsini sınayıb. Görüş 4:4 hesabı ilə nəticələnsə də, bolqarıstanlı qalib elan olunub və idmançımızın medal qazanmaq şansı əldən çıxıb.

92 kq
Milliləşdirilmiş legioner Aslanbek Alborov da təsəlliverici görüşə çıxıb. Bendequz Totu (Macarıstan) məğlub etdikdən sonra Süleyman Karadənizlə (Türkiyə) bacarmayan güləşçi rəqibi finala yüksəldiyindən bu dəfə Simone Yannattoni (İtaliya) ilə mübarizə aparıb. Vaxtından əvvəl qələbə qazanan təmsilçimiz bürünc medal görüşünə çıxacaq. O, gürcüstanlı İrakli Mtsituri önünə çıxacaq.

125 kq
Komandamızın ən təcrübəli güləşçilərindən olan Camaləddin Məhəmmədovun da bürünc medal şansı davam edib. Elhad Hukiç (Bosniya və Herseqovina), Tanju Gemici (Türkiyə) ilə dueldən qalib ayrılan ağır çəkili pəhləvan Robert Barana (Polşa) uduzduğundan və sonuncu finala yüksəldiyindən təsəlliverici görüşdə iştirak imkanı qazanıb. O, avstriyalı Yohannes Ludeşerlə dueldən qalib ayrılıb - 5:1. Camaləddin 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Levan Berianidze ilə qarşılaşacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub. 

Sərbəst güləşçilərimizdən isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala sahib olub. 


Etiketlər:  bürünc şansı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ