Tarix: 16 Fevral 2020 21:38
"Ardıcıl iki oyunda məğlub olmaq acı hissdir. Heç bir məşqçi bunu yaşamaq istəməz". Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Neftçi” ilə oyundan sonra mətbuat konfransında deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Bu gün “Keşlə”də futbol adına heç nə yox idi. Mən tələb etdiyim oyunu görmədim. Görünür, işimizin belə uğursuzluqlarla bağlılığı var. Qarşıda 11 oyun qalır. Ardıcıl iki matç uduzan komandanın oyunundan danışacağım söz yoxdur. Futbolçular əziyyət çəkirlər. Onların haqqını tapdalamaq olmaz. Hər halda, məğlubiyyətdə ən böyük günah məndədir. Görünür, hələ komandanı tam formalaşdıra bilməmişik. Qışdan sonra eniş yaşanır. Bunu yoluna qoymalıyıq. Səbrlə işimizi davam etdirməliyik".
O, müdafiə xəttindəki boşluqlar haqda da danışıb: "Hərdən elə sual olur ki, özüm də cavab verməyə çətinlik çəkirəm. Boyoviç uzun müddət zədəli oldu. Flores vərəqə limitini doldurmuşdu. Latın amerikalıların birbaşa təlim-məşq toplanışına gəlməsi bizim üçün problemdir. Bakı hazırlığında onların heç biri iştirak etməyib. Bu gün də bunun acısını yaşayırıq. Mənim məşqçilik karyeramda 5 oyun ardıcıl məğlubiyyət olub. Amma elə də olub ki, ardıcıl 17 görüşdə uduzmamışıq. Düşünürəm ki, komanda toparlanacaq".
T.Əhmədov zədəlilərin durumu haqda isə bunları deyib: "Artıq nəsə etmək çətindir. Ruslanın nə vaxt qayıdacağını bilmirik. Kamara növbəti matçda iştirak edəcək. Sezar son 3 məşqi buraxmışdı. Frutos da eynilə. Rotasiyalar üçün əlimdə olan futbolçular budur. Səbirsizliklə Ruslanla Kamaranın sıraya dönməsini gözləyirəm. Mən həmişə komanda oyunu quracağımı düşünürdüm. Amma görürəm ki, bir futbolçu böyük əhəmiyyət daşıyır. Ruslanla Kamaranın yoxluğu hiss olunur".