Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 08:42
Amerikalı milyarder, "Microsoft" şirkətinin rəhbəri Bill Qeyts koronavirus xəstəliyinin Afrika qitəsində və Cənubi Asiyada daha ciddi problemlər yarada biləcəyindən narahatdır.
Sonxeber.net novator.az-a istinadən xəbər verir ki, ötən həftə ABŞ-ın Sietl şəhərində elmi konfransda çıxış edən Bill Qeyts korona virusunun dünyada çox pis situasiya yaratdığını söyləyib. O bildirib ki, bu cür infeksiyalardan ən etibarlı müdafiə yolu molekulyar diaqnostika sahəsində irəliləyişə nail olmaq və yeni vaksinlər kəşf etməkdir.
Bill Qeytsin çıxış etdiyi günlərdə bir Afrika ölkəsində - Misirdə korona virusuna ilk yoluxmanın baş verdiyi xəbəri yayılıb.
Milyarderin başçılıq etdiyi "Melina və Qeyts" Fondu bu yaxınlarda koronavirus xəstəliyi ilə mübarizəyə 100 milyon dollar ayırıb.
Koronavirus pnevmoniyanın bir növüdür. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb. İndiyədək bu xəstəlikdən Çində 1770 nəfər ölüb. Hazırda Çində 57 min 934 nəfərin korona virusuna yoluxduğu, 10 min 644 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Korona virusuna başqa ölkələrdə də yoluxanlar var. Honkonq, Tayvan, Filippin, Yaponiya və Fransada ölümlər qeydə alınıb.
Azərbaycanın Nazirlər Kabineti sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi; Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması; xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi barədə qərarlar qəbul edib.
Yüksək riskli məhsulların siyahısına müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), zoopark quşları, vəhşi və ov quşları, inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, quş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri, isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.
İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Nazirlər Kabineti koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan ərazisindən aparılmasını məhdudlaşdırıb. Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.