Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 19:18
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi onun fəaliyyətinin qlobal miqyası, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə deputat Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, Azərbaycan dinlər və mədəniyyətlər arasında körpü rolunu oynamaqla hazırkı ziddiyyətli beynəlxalq münasibətlər sistemində dialoqu təmin edən dövlət kimi çıxış etməyi bacarır:
"Nəzərə almaq lazımdır ki, 21-ci əsri bəzən dini və milli identiklik əsri kimi səciyyələndirirlər. Bu isə o deməkdir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı davranışlar məhz bu məntiqə əsaslanmalıdır. Etiraf etmək lazımdır ki, bəzi hallarda ədalətin və hüququn təmin olunması da elə milli və dini təssübkeşliyə əsaslanır. Belə olduqda isə qlobal, universal dəyərlər və beynəlxalq hüquq öz əhəmiyyətini itirmiş olur. Lakin Azərbaycan öz diplomatiyası və siyasəti ilə əməkdaşlıq və tərəfdaşlığın məhdudlaşdırıçı çərçivəyə salınmasının əleyhinədir. Ölkə multikultural və tolerant dəyərlərə söykənərək uğurlu təşəbbüslərlə çıxış edir, qarşılıqlı faydalı əməkdaşlıqlar üçün yeni keyfiyyət platformaları yaradır. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. İtaliyaya dövlət səfəri zamanı fevralın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşmələri bir daha ondan xəbər verir ki, Azərbaycan multikultural və tolerant ölkə olaraq qarşılıqlı hörmətə əsaslanan münasibətlərini dünyanın ən böyük dini-ideoloji mərkəzlərindən biri ilə uzlaşdırmağı bacarır".
Millət vəkili vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də ilk növbədə birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin miqyası və dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır:
"Şübhəsiz ki, ölkəmizdə bütün dini icmaların nümayəndələri, o cümlədən katolik xristianların azad və sərbəst şəkildə fəaliyyəti üçün hər cür şərait yaradılıb. Azərbaycanda olan dinlər və məzhəblərarası münasibətlərə Avropanın ən tolerant ölkələrində belə rast gəlmək bəzən çətin olur. Əlbəttə ki, dünyaya ali dini dəyərləri, humanizmi, qarşılıqlı hörməti təbliğ edən Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətləri təqdir etməklə onu yüksək qiymətləndirməsi mühüm hadisədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də ilk növbədə Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına, dinlər və mədəniyyətlər arasl dialoqa, humanist və ali dəyərlərin təbliği və qorunmasına verdiyi töhfələrə bağlıdır".