Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropanın enerji təhlükəsizliyi: Azərbaycan Prezidentinin Münxen mesajları fonunda

Avropanın enerji təhlükəsizliyi: Azərbaycan Prezidentinin Münxen mesajları fonunda

Tarix: 26 Fevral 2020 17:30

Sonxeber.net newtimes.az-ın yazısını təqdim edir:

Biz ikinci yazıda dövlət başçısının Münxendə enerji təhlükəsizliyinə həsr edilmiş "dəyirmi masa"da ifadə etdiyi əsas tezislərin təhlilini davam etdiririk. İlham Əliyev fikirlərini davam etdirərək Azərbaycanın istehsal profilini sabit saxladığını, yeni layihələrlə onu inkişaf etdirəcəyini, "OPEC+" formatında fəallığını yeni səviyyəyə yüksəldəcəyini və bərpaolunan enerji mənbələri istiqamətində konkret proqramlar həyata keçirəcəyini bəyan edib. Bütün bu faktorlar dövlət quruculuğunun geosiyasi kontekstində son dərəcə aktual görünür. Onların üzərində indiki mərhələdə geosiyasi proseslərin dinamikası müstəvisində geniş dayanmağa ciddi ehtiyac görürük.

Sabit istehsal profili: strateji proqramın tərkibi kimi

Əvvəlki yazıda vurğulamışdıq ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu faktora görə də ölkə rəhbərliyi enerji siyasətində yeni məqamları nəzərə alır. O cümlədən Avropanın enerji təhlükəsizliyi ilə Azərbaycanın enerji təhlükəsizliyinin uyğunlaşdırılmasının yeni səviyyədə təmini üçün addımlar atılır. Həmin baxımdan Azərbaycan Prezidentinin yeni layihələrdən bəhs etməsi çox əlamətdardır. Burada diqqətə alınmalı mühüm geosiyasi məqamlar mövcuddur.

Hər şeydən öncə, aydın olur ki, Azərbaycan rəhbərliyinin strateji məzmunlu proqramları yeni tələblərə uyğunlaşmağa imkan verir. Müstəqil dövlət quruculuğu sürətlə dəyişən geosiyasi mühitdə çevik yeniləşmələr edə bilən kurs üzrə aparılır. Bunun önəmini təsəvvür etmək çətin deyil. İndi dünyada riskli geosiyasi proseslər gedir. Bu qədər mürəkkəb bir şəraitdə dəqiq işləyən kurs müəyyənləşdirib onu sürətlə yeniləmək bacarığı, müdrik siyasətçiyə xas olan keyfiyyətdir. Eyni zamanda, dünya üçün ayrıca əhəmiyyəti olan enerji təhlükəsizliyinin təmini məsələsi xüsusi yanaşma tələb edir. Azərbaycan isə bu vəzifənin öhdəsindən layiqincə gəlir. Həm də konkret layihələr vasitəsilə özünün milli təhlükəsizliyini Qərbin təhlükəsizlik formulları ilə sıx bağlayır.

Digər tərəfdən, Azərbaycan yalnız özünün malik olduğu enerji potensialından istifadə etmir. Bakı region üçün vacib olan proqramları beynəlxalq tərəfdaşları ilə birgə həyata keçirir. Bunun üçün Azərbaycan Xəzərin o tayındakı enerji ehtiyatlarını da özünün layihələrinə qoşmaq üçün ciddi addımlar atır. Bu kontekstdə "Bir kəmər, bir yol" layihəsinə çox diqqət yetirilməsi və ölkənin uyğun infrastrukturunun yeni səviyyəyə yüksəldilməsi olduqca əhəmiyyətli faktorlar təsiri bağışlayır.

Həmin bağlılıqda Prezident İlham Əliyevin Münxendə ifadə etdiyi və vəziyyəti dəqiq əks etdirən aşağıdakı fikirləri çox maraqlıdır. Dövlət başçısı çıxışında ayrıca vurğulayıb: "Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək".

Burada bir-biri ilə əlaqəsi olan bir neçə özəl məqam vardır. Birincisi, BP şirkəti ilə imzalanan müqavilə deməyə əsas verir ki, Azərbaycanın 2050-ci ilə qədər sabit istehsal profili olacaq. Hazırkı qlobal geosiyasi mənzərənin qarışıq dinamikası fonunda bu, kifayət qədər etibarlı təminatdır. İkincisi, bu səbəbdəndir ki, Azərbaycan regionda xarici sərmayələr üçün ən cəlbedici və etibarlı məkan statusunu nəinki qoruyub saxlayır, hətta gücləndirir. Üçüncüsü, bu proses yeni layihələrin hazırlanması fonunda baş verir. Yəni onun konkret təməli mövcuddur. Bu isə o deməkdir ki, proses davamlı olacaq. Prezident həmin məqamı istehsal profilinin daha da artacağı tezisi ilə ifadə edib.

Üçüncü geosiyasi faktor Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən enerji yönümlü beynəlxalq qurumlarla əməkdaşlığında faktiki olaraq yeni dönəmin başlaması ilə izah oluna bilər. Bu aspektdə də dövlət başçısı Münxendə konkret tezis ifadə edib. İlham Əliyev vurğulayıb: "Biz "OPEC+"un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda "Neftin qiyməti ilə bağlı nə etmək olar" sualı veriləndə, mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi".

Beynəlxalq təşkilatlarla yeni səviyyədə əməkdaşlıq: daha bir səmərəli addım

Azərbaycanın neft istehsal edən ölkə kimi "OPEC+" formatında fəal iştirakının geosiyasi əhəmiyyəti yüksəkdir. Söhbət ancaq OPEC-in dünyada böyük nüfuzundan və bütövlükdə dünya enerji siyasətinin həyata keçirilməsindəki rolundan getmir. Burada Azərbaycanın milli maraqlarını yüksək səviyyədə təmin etmək imkanının genişlənməsi ciddi əhəmiyyət daşıyır. Həmin qurumda artıq bunu qəbul edirlər. Prezident İlham Əliyevin verdiyi təklifi qəbul ediblər və bu, reallaşıb. Bunun davamı, təbii ki, olacaq. Azərbaycan bununla vacib dünya enerji qurumunda mövqeyini möhkəmlədəcək.

Həmin təklif həm də OPEC üzvü olan istehsalçılarla kartelə üzv olmayanlar arasında əməkdaşlığa yeni təkan verib. Neftin qiyməti ilə bağlı müşahidə edilən proseslər göstərir ki, bunun bütün dünya üçün səmərəsi vardır. Məsələnin bu tərəfi də dövlət başçısının Münxendəki çıxışında konkret ifadəsini tapıb. Ölkə rəhbəri fikirlərinə davam edərək vurğulayıb: "Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, "OPEC+" əməkdaşlığının davam etdirilməsi çox vacibdir".

İlham Əliyev təhlilinə davam edərək xüsusi ifadə edir ki, bu gün OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Neft istehsal edən ölkələrin bundan başqa təşkilatı yoxdur. Başqa əməkdaşlıq formatı da mövcud deyildir. Prezident onu da diqqətə çatdırıb ki, bir sıra hallarda bir təşkilat daxilində belə razılığa gəlmək mümkün olmur. "Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq".

Nəhayət, sonuncu geosiyasi məqam Azərbaycanın alternativ enerji mənbələri ilə bağlı ayrıca proqramlara malik olması ilə bağlıdır. Prezident xüsusi olaraq bu məsələnin üzərində dayanıb. Dövlət başçısı deyib: "Azərbaycanda da buna böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq".

Aydın görünür ki, ölkə rəhbərliyi enerji sferasında diversifikasiya prosesinə ciddi önəm verir. Azərbaycan ancaq neft və qazla kifayətlənmir. Günəş və külək enerjisindən də istifadə etməklə hər il artan enerji tələbatını yüksək səviyyədə və ekoloji cəhətdən təmiz formada təmin etməyə istiqamətlənib. Bu, bir sıra dairələrin "Holland sindromu" adlandırdığı böhran vəziyyətinin Azərbaycanda təkrar olmasının mümkünsüzlüyünü göstərir.

Maraqlıdır ki, Azərbaycan həmin istiqamətdə fəaliyyətini həmişə genişləndirir. Bununla bağlı Prezident İlham Əliyev ifadə edib: "Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var".

Ekspertlər bu prosesdə Azərbaycanın başqa bir vacib məqamı da unutmadığını xüsusi vurğulayırlar. Bu barədə İlham Əliyev Münxendə danışarkən qeyd edib ki, Azərbaycan çox ehtiyatla davranır. "Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin". Konkret ifadə etsək, Azərbaycan enerji siyasətində sistemliliyi və tərkib hissələrinin bir-biri ilə inteqrasiya olunmasını yeni səviyyəyə yüksəltməyə hazırdır.

Beləliklə, Münxendə dövlət başçısı olduqca əhəmiyyətli mesajlar verib. Həmin mesajlar müstəqil dövlət kimi Azərbaycanın çox uğurlu kurs götürdüyünü və strateji aspektdə düşünülmüş siyasət həyata keçirdiyini bir daha təsdiqləyir.


Etiketlər:  Avropanın enerji təhlükəsizliyi Azərbaycan Prezidentinin Münxen mesajları fonunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ