Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib (FOTO)

Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib (FOTO)

Tarix: 23 May 2019 17:24

Bakı. Trend:

Bakıda Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətləri hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətləri hüquq-mühafizə bölmələrinin rəhbərləri, MDB üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzi, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosu və MDB sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak ediblər.

İclasın açılış mərasimində DGK-nin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev çıxış edərək MDB üzv dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin (GXRŞ HMBBK) iclasının 4-cü dəfə Azərbaycanda keçirilməsinə görə Şura rəhbərliyinə təşəkkürünü bildirib. Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan Gömrük Xidməti gömrük işinin hüquq-mühafizə sahəsinə xüsusi diqqət göstərir və bu sahədə regional və beynəlxalq əməkdaşlığa böyük önəm verir.

Ə.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkənin gömrük orqanlarının sürətlə inkişaf etdiyini vurğulayıb, bütün sahələrdə olduğu kimi, qaçaqmalçılığın, hüquqpozmaların qarşısının alınması istiqamətində də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Son illər gömrük sistemində aparılan islahatların, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması ilə yanaşı, qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin də effektivliyinin artırılmasında, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığı qeyd olunub. Əsgər Abdullayev iclasda aparılan müzakirələrin təcrübə mübadiləsinin və hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, iştirakçı ölkələrin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə fayda verəcəyinə əminliyini ifadə edib.

Sonra iclasda çıxış edən Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Oleq Qubaydulin iclasın səmərəli keçirilməsi üçün yaradılan şəraitə, diqqət və qayğıya görə Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Oleq Qubaydulinin sədrliyi ilə keçirilən iclasın gündəliyinə əsasən, öncə GXRŞ HMBBK-nın fəaliyyət strategiyasının reallaşdırılması ilə bağlı vəziyyət barədə iclas sədrinin məlumatı dinlənilib.

Daha sonra DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Gömrük sahəsində cinayət və hüquqpozmaların qarşısının alınması işinin təşkili üzrə DGK-nin təcrübəsi” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dayanıqlı və davamlı inkişaf strategiyasına uyğun olaraq ölkənin sürətlə inkişaf etdiyi, xarici ticarət dövriyyəsinin, Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalarının və ölkəyə səyahət edən insanların sayının artdığı vurğulanıb. Gömrük sistemində həyata keçirilən islahatlar barədə də məlumat verilib, tətbiq edilən yeniliklərin qaçaqmalçılıq və hüquqpozmalara qarşı mübarizə sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda, təqdimatda Azərbaycan gömrüyünün hüquq-mühafizə sahəsindəki fəaliyyəti - yeniliklər və islahatların müsbət təsiri, qaçaqmalçılığın və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə olunan nəticələr, müasir informasiya texnologiyalarının tətbiqi və digər məsələlərlə bağlı məlumat verilib.

Sonra digər iştirakçı ölkələrin nümayəndələrinin çıxışları dinlənilib, iclasın gündəliyindəki məsələlər müzakirə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ