Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu ölkədə xəbər etmədən qonaq getməyin ki...'' - Soydaş - FOTO

''Bu ölkədə xəbər etmədən qonaq getməyin ki...'' - Soydaş - FOTO

Tarix: 1 Mart 2020 06:30

Tural Kişizadə: "Bura gələrkən ən böyük gözləntim seçdiyim ixtisas üzrə yüksək səviyyədə tədris idi və ümidim tam doğruldu"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Düşünür ki, xaricdə təhsil mütləq deyil, insan evdə oturarkən belə, internetdən müəyyən informasiyalar əldə edərək özünü inkişaf etdirə bilər. Özü, sadəcə komfort zonadan çıxmaq, təcrübə qazanmaq və ətrafını genişləndirmək üçün xaricdə təhsil almağa qərar verdiyini deyir. "Xaricdə Təhsil" rubrikamızda bu dəfə İtaliyada təhsil alan Tural Kişizadə ilə həmsöhbət olduq.

Tural Kişizadə 1998-ci ildə Biləsuvar rayonunda hərbiçi ailəsində anadan olub. 3 yaşından ailəsi ilə birlikdə Bakıya köçüb. 63 saylı orta məktəbi bitirdikdən sonra 2015-ci ildə  553 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə qəbul olub. Oxuduğu ixtisas tam ürəyincə olmasa da, ona kifayət qədər təcrübə qazandırıb. Bakalavr təhsili müddətində, sadəcə universitet təhsili ilə kifayətlənməyib, özünü inkişaf etdirmək üçün çalışıb, müxtəlif şirkətlərdə işləyərək kommunikasiya bacarıqlarını genişləndirib. Bir müddət elektrik mühəndisi və bələdçi kimi çalışıb. Universitetin son illərindən xaricdə təhsil almaq fikrinə düşüb. Hazırda İtaliyada Politecnico di Torino Universitetində enerji və nüvə mühəndisliyi üzrə magistr təhsili alır.
 
- İlk olaraq bizə universitet, ixtisas seçiminizdən danışardınız. İtaliyada təhsil almaq hüququ qazanmağınız necə oldu?

- Magistr təhsili üçün bir neçə ölkəyə müraciət etmişdim. Bunlar arasında Estoniyadan 2 və İtaliyadan 3 universitet vardı. Demək olar ki, bunların hamısından qəbul aldım. Hazırda oxuduğum universitet bütün göstəricilərinə görə dünyada mühəndislik üzrə ilk "otuzluğ"a daxil olub. Seçim zamanı bu universiteti bitirən azərbaycanlılarla da məsləhətləşdim. Burada oxumaq üçün seçdiyim ixtisas enerji və nüvə mühəndisliyidir. Bu, gələcəyin ixtisasıdır, insan daim axtarışda olmağa məcbur edir. Ölkəmizdə də bu sahə yeni inkişaf etməyə başlayır. Digər sahələrlə müqayisədə ölkəmizdə çox az enerji mühəndisləri var. Qəbul olarkən heç bir imtahandan keçməmişəm. Sadəcə dil bilgisini təsdiq edən "İelts" sertifikatı və bəzi sənədlər tələb olunurdu. 

- Sizcə, hər bir gəncin inkişafı üçün xaricdə təhsil şərtdirmi?

- Məncə, yox. Çünki özünü inkişaf etdirmək istəyən hər kəs yerindən və zamanından asılı olmayaraq bunu edə bilər. Yəni xaricdə oxumadan, hətta evdə oturarkən də bacarar. Ona görə ki, internet əsrində yaşayırıq. Heç kimin informasiya əldə etmək baxımından bir əngəli yoxdur.
 
- O zaman belə bir sual yaranır ki, bəs, siz niyə xaricə üz tutubsunuz?

- (Gülür) Ölkəmizdə komfort zonada idim və bundan çıxmağa qorxurdum. Həmin komfort zonadan çıxmaq mənə böyük baryer kimi gəlirdi. Sırf bunu aşmaq, daha çox təcrübə qazanmaq, ətrafımı genişləndirmək üçün xaricdə təhsil almaq istədim. Yəni bu, mənim seçimim idi, amma xaricdə təhsil mütləq şərtdir deyə bilmərəm. 
 
- İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?

- Fərqlər çoxdur, olmağı da normaldır. Çünki İtaliya Avropanın inkişaf etmiş ölkələrindən biridir və bu, onların təhsil sisteminə də sirayət edib. Məsələn, universitetə sənəd vermək sərbəstdir. Burada heç bir valideyn övladını "mütləq ali təhsil almalısan" deyib oxumağa məcbur etmir. Məncə, ölkəmizdəki valideynlər də bu mövzuda bir az araşdırma etməlidirlər. Burada olarkən bir peşə məktəbinə qonaq olduq. Aşpazlığı tədris edən peşə məktəbində 12-13 yaş aralığında olan şagirdlərin artıq 3 dildə başa düşməyi, bundan başqa, buna bənzər digər peşə sahələrində hərtərəfli kadrların yetişdirilməsi bizi müsbət mənada təəccübləndirdi. Çünki onlarla söhbətimiz zamanı kifayət qədər bilikli və savadlı olduqlarını gördük. Bu cür təhsil sisteminin, peşə təhsilinin bu səviyyədə inkişafının ölkəmiz üçün də vacib nüanslardan olduğunu düşünürəm. 

- Maraqlıdır, İtaliyada gənclərin təhsilə yanaşması necədir?

- Burada 200-300 nəfərə yaxın qrup yoldaşım var. Onların əksəriyyəti ilə həmsöhbət olmuşam. Maraqlıdır ki, onlar imtahandan keçmək, yüksək bal toplamaq dərdində deyillər, bunun üçün heç çalışmırlar da. Onlar arasında bakalavrı bitirməyib magistraturada oxuyanlar var. Buradakı tələblər üçün əsas qiymət göstərici deyil, biliyin hansı səviyyədə olmağıdır.
 
- İtaliyaya gedərkən gözləntilərinizlə gördükləriniz üst üstə düşdümü, ya fərqli nə iləsə qarşılaşdınız?

- Bura gələrkən ən böyük gözləntim seçdiyim ixtisas üzrə yüksək səviyyədə tədris idi və ümidim tam doğruldu. Sadəcə bura gələrkən ingilis dilinin elə də önəmli olmadığını bilmirdim. Yəni şirkətlərin bir çoxunda işçilərin əksəriyyəti ingiliscə bilmir. Hansı ki, həmin işlər ingilis dili biliyi tələb edir. Biz burada olan azərbaycanlı tələbələrlə hansısa quruma yaxınlaşanda ya işçilər ingiliscə bilmirdilər, ya da qəsdən bizi italyanca danışmağa məcbur edirdilər. Şəxsən belə bir situasiya ilə qarşılaşacağımı bilmirdim.
 
- Maraqlıdır, İtaliyada Azərbaycana münasibət necədir?

- Deməzdim ki, burada ölkəmizi tanıyan çox insan var. Azərbaycan haqqında məlumatı olanlar isə daha çox, keçirilən beynəlxalq yarışların adını çəkərək ölkəmiz barədə danışır.

- Bəs siz ölkəmizin tanıdılması üçün nə isə edirsiniz?

- Mən və burada oxuyan digər azərbaycanlı tələbələr ölkəmiz haqqında xarici vətəndaşları məlumatlandırmağa çalışırıq. Bir sıra peşə və orta məktəblərdə ölkəmiz haqqında məlumatverici təqdimatlar təşkil edirik. Verdiyimiz informasiyaların əsas məğzi isə bizim adət-ənənələrimiz, tariximiz, təbii ehtiyatlarımız haqqındadır.
 
- Bu il İtaliyada "Azərbaycan ili" elan edilib. Sizcə, bunun bizim ölkəmiz üçün hansı faydaları olacaq?

- Bu, həqiqətən də çox sevindirici xəbər oldu. Belə bir addımın atılması iki ölkə arasında istər iqtisadi, istər sosial-mədəni əlaqələrin genişlənməsinə müsbət təsir edəcək. Ən əsası tələbələr üçün çox yaxşı oldu. Çünki Azərbaycanda oxuyan tələbələrin bir çoxu xarici şirkətlərdə işləmək üçün başqa ölkələrə üz tuturlar. Amma İtaliya müəssisələrinin ölkəmizə cəlb edilməsi ilə tələbələr artıq xaricə getmədən də bu şirkətlərdə işləyə biləcəklər.
 
- Bir az italyanlardan danışardınız. Hansı fərqli adət-ənənələri var, başqa ölkədən olan qonaqlara münasibətləri necədir?

- Bura gələndə insanları haqqında müxtəlif deyimlər eşidirdim. Amma məncə, İtaliya da daxil olmaqla, ölkələri insanların xarakterinə görə bölmək olmaz. Hər hansı bir millətin nümayəndəsinə münasibətiniz necə olsa, onlar da sizə qarşı eyni davranışı sərgiləyəcək. Müşahidələrimə əsasən deyə bilərəm ki, italyanlar deyib-gülməyi sevən, ünsiyyətə meyillidirlər. Hər sahədə keyfiyyətə böyük üstünlük verirlər. Burada xəbərsiz qonaq getmək adəti yoxdur. Əgər qonaq gedəcəklərsə, əvvəlcədən zəng vurub bildirirlər. Xəbər etmədən gedəndə ev sahibi qapını açmaya bilər. Xarici vətəndaşlara qarşı ayrı-seçkilik yoxdur, amma son dönəmlər yaranan koronavirusa görə çinlilərə qarşı fərqli münasibət var (gülür).

- İtalyan mətbəxinin zəngin olduğu deyilir. Siz hansı yeməkləri xoşlayırsınız?

- Vaxtımın böyük hissəsini universitetdə keçirdiyimə görə, orada verilən italyan yeməklərindən yeyirəm. Əlbəttə ki, italyan mətbəxindən söz aşıb pizza və spagettidən danışmasaq olmaz. Ən sevdiyim yeməklər bunlardır, amma bacardığım qədər az yeməyə çalışıram. Daha çox evdə özüm hazırladıqlarımı yeyirəm.
 
- Bəs, öz mətbəximizdən hansı təam üçün darıxıbsınız?

- Heç biri üçün darıxmamışam. Çünki dediyim kimi, ərzaq alıb yemək bişirirəm. Tələbə həyatı elədir ki, insana yemək hazırlamağı öyrədir. Bura gələndən bir çox yeməklərimizi hazırlamağı öyrənmişəm. Həmçinin məndən başqa da azərbaycanlı tələbələr var ki, onlar da öz mətbəximizə aid yeməkləri bişirib universitetə gətirirlər və birlikdə yeyirik.
 
- Maraqlıdır, xərclərinizi necə qarşılayırsınız?

- Burada regional bir təqaüd proqramı var, onun vasitəsilə təqaüd alıram. Həmçinin ailəm də dəstək olur. Digər tərəfdən, bura gələndə bilirdim ki, pula ehtiyacım olacaq, ona görə işləyib bir miqdar pul yığmışdım. Təəssüf ki, kirayə evlər bahadır. Ən çox pulum ora xərclənir. Aylıq təxmini 400-500 avro arası xərcim çıxır.


Etiketlər:  ölkədə xəbər etmədən qonaq getməyin Soydaş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ