Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 14:32
Bakı. Trend:
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxı rayon Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Trend-in məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından, nazir müavini Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul ediblər.
Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayevin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən Şamaxı rayonunda aşıq Məmmədağa Babayevin büstünün ucaldılması, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində “Şəxsiyyətlər muzeyi”nin yaradılması, “Yeddi günbəz” kompleksinin bərpa olunması, Sündü kəndində olan mağaraya inventar nömrəsinin, Şirvan folklor kollektivinə “xalq kollektivi” adının verilməsi ilə bağlı müraciətlər edilib. Həmçinin Qobustan rayon Rəşid Behbudov adına Musiqi məktəbi üçün konsert zalının tikilməsi, Şamaxıda səsyazma studiyasının yaradılması, Dəmirçi Arxeologiya Muzeyinin nazirliyin balansına verilməsi, fəxri adlar, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət də səslənib.
Nazirin birinci müavini Vaqif Əliyevin keçirdiyi qəbulda İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri xalq teatrlarının rejissorları üçün paytaxt teatrlarında praktiki məşğələlərin təşkili, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təchizatı, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin nazirliyin balansına verilməsi, Qəbələ Dövlət Rəsm Qalereyası üçün inzibati binanın tikilməsi, rayon MKS-lərə yeni kitabların verilməsi, “Lahıc” xalq kollektivinə ştat vahidlərinin ayrılması bərədə olub.
Nazir müavini Rafiq Bayramovun iştirak etdiyi qəbulda Ağsu rayon sakinləri tərəfindən ölkədəki Heydər Əliyev mərkəzlərinə tanışlıq turlarının təşkili, Ağsu Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, məktəb üçün yeni binanın tikilməsi, Tarix-diyarşünaslıq muzeyinin təmiri və ekspozisiyasının yenidən qurulması və digər məsələlər barədə müraciətlər edilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb.
Qəbuldan sonra mətbuata açıqlama verən Mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib: “Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.
Nazir vurğulayıb ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq həyata keçirilir. Həmçinin Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir.
Əbülfəs Qarayev mayın 24-də nazir müavinləri tərəfindən İsmayıllı, Qəbələ və Ağsu sakinlərinin qəbulunun keçirildiyini də diqqətə çatdıraraq deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ həll olunmasına şərait yaradır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin