Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 11:06
Emil Balayevin “Zirə”yə gözlənilməz transferi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Səbəbsiz də deyil. Çünki ötən ili həm milli, həm də sabiq komandası “Tobol”da (Qazaxəstan) uğurla keçirən 25 yaşlı qapıçımızın yenidən xaricdə oynayacağı gözlənildiyi halda, o, Azərbaycan çempionatına qayıtdı.
Əvvəlcə onu qeyd edək ki, Emilin erməni məşqçiyə görə “Tobol”dan getməsinin doğru qərar olduğunu zaman özü təsdiqlədi. Aleksandr Qriqoryan baş məşqçi təyin ediləndən bir müddət sonra özüylə 3 erməni oyunçu da gətirib. Yəni komanda faktiki olaraq erməniləşdirilib.
Belə məqamda tez-tez fikirlər var idi ki, futbolçu iki millət arasındakı münaqişəyə baxmayaraq, bir peşəkar kimi davranıb komandada qalmalıydı. Amma Emil bu qədər erməninin arasında necə qala bilərdi? Özümüzü bir anlıq onun yerinə qoyaq.
Və...
Mənəvi məsələlər bəzən hər şeydən öndə olmalıdır. Peşəkarlıqdan belə.
Emil “Zirə”yə son anda keçdi. Çünki mediada yayılan xəbərə görə, Norveçin vitse-çempion klubuna transferi qarşı tərəfin aya cəmi 3 min avro verməsi səbəbindən baş tutmayıb. Bu pulla Norveç kimi bahalı ölkədə qalmaq çətindir. Üstəgəl yüksək kirayə haqqını da özü verməli imiş.
Emil bir çox halda özündən asılı olmayan səbəblərdən klubsuz qalmışdı və bu, onun futbolçu kimi durumuna ciddi zərbə vura bilərdi. Gedişat göstərir ki, ən azı 3-4 gün öncəyə qədər onun yenidən Azərbaycanda oynamaq istəyi olmayıb. Olsaydı, indi mövsumun qurtaracağına yaxın deyil, ilin əvvəli, “Tobol”dan ayrıldıqdan sonra bu qərarı verərdi. Deməli, o, məcburiyyətdən bu addımı atıb. Və heç bir klubda oynamayıb hazırda yaxşı olan formasından düşməkdənsə, Azərbaycana qayıtması indiki məqamda ən uyğun qərar idi. Onsuz da cəmi 3 ay sonra xaricdə özünə klub tapa bilər.
Yəni bir az anlayışla yanaşaq.
Aydın BAĞIROV