Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycanın təhlükəsizliyinə əsas təhlükə mənbəyidir

XİN: Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycanın təhlükəsizliyinə əsas təhlükə mənbəyidir

Tarix: 11 Mart 2020 15:15

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-i 10 mart tarixində bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanla dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə, regional sülh və təhlükəsizliyə hədə təşkil etməkdə ittihamı ilə bağlı KİV-in sualını cavablandırıb.

Sonxeber.net-a daxil olan məlumatda L.Abdullayeva bildirib:

"Öncə bir məsələyə aydınlıq gətirək, bu bəyanatı kim verir? Bu açıqlama Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını hərbi işğal edib bu ərazilərdəki azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan işğalçı ölkənin XİN-in dilindən səslənir. Bu bəyanatlar son həftələr ərzində Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan sərhədçi əsgərlərimizi məqsədyönlü şəkildə qətlə yetirən Ermənistan Respublikasına aiddir.

Ermənistan tərəfinin diqqətinə bir daha çatdırırıq ki, güc tətbiqi və etnik təmizləmə nəticəsində yaranmış hazırkı status-quo vəziyyəti təhlükəsizlik anlayışı ilə heç cür uyğun gəlmir. Azərbaycanın ərazilərinin işğalı və bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycanın təhlükəsizliyinə əsas təhlükə mənbəyidir. Azərbaycan hər zaman təhlükəsizlik anlayışının bölünməzliyi və universallığı mövqeyindən çıxış edib. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, eləcə də bölgənin erməni və azərbaycanlı əhalisinin birgə sülh və qanunun aliliyi şəraitində yaşaması, birgə təhlükəsizliyin təminatı və bölgənin rifahı naminə etimadın və yaxınlaşmanın yaranmasını müəyyən edən şərtlərdir.

Ermənistan tərəfi mövcud reallığı düzgün dərk etməli və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tam, dərhal və qeyd-şərtsiz boşaldılması, yerli azərbaycanlıların öz evlərinə geri qayıtmasının təmin olunması tələblərini yerinə yetirməlidir. Azərbaycanın ədaləti və beynəlxalq tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcəyindən heç kəs şübhə etməsin".


Etiketlər:  XİN Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycanın təhlükəsizliyinə əsas təhlükə mənbəyidir


RƏYLƏR