Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brüsseldə Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rolu müzakirə edilib - FOTO

Brüsseldə Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rolu müzakirə edilib - FOTO

Tarix: 11 Mart 2020 15:51

Brüsseldə Azərbaycanın və Avropa İttifaqının (Aİ) rəsmilərinin iştirakı ilə Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rolu barədə müzakirələr aparılıb.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan Respublikasının Avropa ittifaqı yanındakı Nümayəndəliyinə istinadən bildiririk ki, cari ilin 5 mart tarixində Avropa Parlamentinin üzvləri - İlhan Kyüçyük və Andris Ameriksin ev sahibliyi ilə "Aİ qonşuluğunda regional və sub-regional əməkdaşlıq: Azərbaycan-Gürcüstan-Türkiyə tərəfdaşlığı" mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirmiş, ölkəmizin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində fəaliyyətini xüsusilə vurğulamış, eləcə də regional əməkdaşlıq formatlarının yaradılmasında təşəbbüskar olmasını qeyd etmişlər.

Gürcüstan, Türkiyə və Aİ-nin bir sıra yüksək vəzifəli nümayəndələri bir çox iqtisadi, enerji, nəqliyyat və digər məsələlərdə Azərbaycanı etibarlı tərəfdaş kimi xarakterizə etmişdir. Gürcüstanın Aİ yanında Səfiri xanım Nataliya Sabanadze Azərbaycanın dəfələrlə Gürcüstanı xilas etdiyini söyləmiş və strateji tərəfdaşlığımızın praktiki əhəmiyyətindən bəhs etmişdir.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, habelə ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyü Brayza region ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də mövcud əməkdaşlıq mexanizmlərinin vaxtilə sabiq prezident Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu bildirmiş, dahi liderin müəllifi olduğu enerji və nəqliyyat layihələrinin region əhalisinin rifahı üçün müsbət nəticələrindən söz açmışdır.

Səfir Fuad İsgəndərov məhz ulu öndər Heydər Əliyevin iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri arasında xüsusi yeri və çəkisi olduğunu vurğulamış, regional müstəvidə Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətləri inkişaf etməsindən danışmışdır. Səfir əlavə etmişdir ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan Ermənistan rəhbərliyi işğalçı siyasətindən əl çəksə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanısa və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa Ermənistanın da regional layihələrə qoşulması mümkündür.


Etiketlər:  Brüsseldə Azərbaycanın Avropanın enerji nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rolu müzakirə edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ