Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 16:03
Bakı. Trend:
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədi daşıyır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sənədin imzalanması tədbirində Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin dayandığını, özünüməşğulluq proqramının da həsas qrupların rifahına xidmət etdiyini vurğulayıb. O bu mühüm sosial proqramın genişləndirilməsində Dünya Bankının da iştirak edəcəyini deyib.
Mərkəzi Bankın sədri bankların ölkənin sosial-iqtisai inkişaf proseslərində aktiv iştirakını diqqətə çatdırıb. O, eyni zamanda, yeni iş yerlərinin yaradılması, sosial məsələlərin həlli prosesində bank sektorunun daha yaxından, aktiv iştirakının əsas gözləntilərdən olduğunu deyib. Bankların fəaliyyətində sosial məsuliyyət prinsipinin də diqqətdə saxlanmasını mühüm amillərdən biri kimi qeyd edib.
E.Rüstəmov həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi ilə bağlı dövlət başçısının çağırışına banklar tərəfindən yekdilliklə müsbət cavab verilməsinin sevindirici olduğunu bildirib. Bu gün özünüməşğulluq proqramı iştirakçısının məşğulluqdan başlayaraq gələcəkdə kiçik, orta və hətta böyük sahibkara da çevrilə biləcəyini deyib, bu baxımdan proqrama dəstəyin təkcə sosial deyil, həm də iqtisadi məqsəd daşıdığını qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səmərəli məşğulluq imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.
O, aktiv məşğulluq proqramlarının ildən-ilə gücləndirildiyini, 2019-cu ildə nazirliyin məşğulluq orqanlarının xətti ilə 103 028 şəxsin, bu ilin iki ayında 15 minə yaxın şəxsin münasib işlə təmin edildiyini, peşə hazırlığına cəlb edilənlərin də sayının getdikcə artdığını deyib. Nazir məşğulluq sahəsində aparılan islahatları, “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin innovativ əsasda qurulmasını təmin etdiyini diqqətə çatdırıb.
Dövlət başçısının tapşırığı ilə ötən il 38 min ödənişli ictimai iş yerinin yaradıldığını deyən S.Babayev Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7,3 minədək işsiz və işaxataran şəxs cəlb edildiyini bildirib. Qeyd edib ki, 2019-cu ildə isə proqram 10 352 nəfəri əhatə edib. Proqram çərçivəsində 46 iqtisadi fəaliyyət istiqaməti üzrə kiçik müəssisələr yaradılır. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin «Sosial Bağlar» layihəsi çərçivəsində də proqram dəstək olaraq 2018-2019-cu illərdə 400-ə yaxın ailə üçün intensiv bağçılıq təsərrüfatı yaradılıb.BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri aparılır.
S.Babayev bildirib ki, xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir. Şəffaflığın və ictimai nəzarətin təmini üçün proqram iştirakçılarına dair məlumatlar «E-sosial» portalında yerləşdirilir. Özünüməşğulluq proqramında iştirak üçün müraciətlərin sayı hazırda 40 mindən çoxdur.
Nazir bu il 11 min nəfərin proqrama cəlb olunmasının nəzərdə tutulduğunu deyib. Vurğulayıb ki, cənab Prezidentin tapşırığı əsasında özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə artıq bu ildən əməkdaşlığa başlanacaq. Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi” üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq.
S.Babayev bildirib ki, bu gün imzalanan əməkdaşlıq sənədi də 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ölkəmizdə özünüməşğulluq proqramının daha da geniş vüsət alması, həssas əhali qruplarından olan daha çox insanın özünüməşğulluğunun təmin olunması üçün banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi barədə irəli sürdüyü təşəbbüsün uğurlu bir nəticəsidir. Belə ki, dövlət başçısının həmin çağırışının nəticəsidir ki, ümumən böyük sosial-iqtisadi əhəmiyyətə malik bir proqramın genişləndirilməsinə banklar tərəfindən dəstəyi nəzərdə tutan belə bir mühüm sənəd imzalanır.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Z.Nuriyev Assosiasiyaya üzv bankların bu çağırışa qoşularaq ölkəmizdə həssas əhali qruplarının özünüməşğulluğuna xidmət edən proqramının genişləndirilməsi prosesin aktiv iştirakçıları olacaqlarına əminliyini ifadə edib. O, bununla bağlı bir sıra təkliflərini də diqqətə çatdırıb.
Qeyd edək ki, memorandum özünüməşğulluğun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Özünüməşğulluğun təşkilinə köməklik göstərilməsi isə əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran şəxslərə məsləhət və məlumatların verilməsi, iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə, biznes-planın hazırlanmasına kömək edilməsi, natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi (bu müddət bitdikdə əmlakların əvəzsiz olaraq Proqram iştirakçılarının mülkiyyətinə verilməsi də daxil olmaqla), bu müddət ərzində monitorinqlərin aparılması, habelə növbəti mərhələlərdə Proqram iştirakçılarının müxtəlif bank (maliyyə) alətləri ilə inkişafının dəstəklənməsi kimi istiqamətləri özündə əhatə edir.
Nazirlik isə proqrama cəlb olunmaq məqsədi ilə müraciət edən həssas qruplar barədə məlumatları proqramda iştirak edən banklara təqdim edəcək. Proqram iştirakçıları üçün müvafiq təlimlərin təşkilində dəstək verəcək, biznes planların müdafiəsi, əmlakların proqram iştirakçılarına təqdim edilməsi, biznes planların icrasının monitorinqi proseslərində iştirak edəcək.