Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 14:40
İtaliyada futbol mövsümü erkən dayandırıla bilər.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədə geniş yayılmış koronavirusla əlaqədar 2019/20 mövsümünün başa çatdırılacağı təhlükə altına düşüb.
Pandemiya ilə əlaqədar bir müddət əvvəl oyunların ən azı apelin 3-dən dayandırılması haqda qərar verilib. Amma “Yuventus”un futbolçusu Daniele Ruqanidə koronavirus aşkarlandığından çempionatın nəzərdə tutulan vaxtda bərpası real görünmür.
Qeyd edək ki, artıq “Yuventus” və “İnter” karantinə bağlanıb, klubda məşqlər dayandırılıb.
Hazırkı mövsümü isə mayın 24-nə kimi yekunlaşdırmaq lazımdır. Çünki iyunun 12-də Romada Avropa çempionatı start götürməlidir.
Baş verənlərlə əlaqədar martın 10-da İtaliya Futbol Federasiyası, Milli Olimpiya Komitəsi və ölkə hökuməti nümayəndələrinin iştirakı ilə təcili toplantı keçirilib. Toplantıda bildirilib ki, mövsümü yekunlaşdırmaq üçün həftəyə üç oyun salmaq mümkün deyil.
Daha əvvəl mövsümün mayın 31-nə qədər uzadılması variantı olub. Bu halda millinin Avro-2020-yə hazırlaşması üçün iki həftədən də az vaxtı qalır. Amma virusun daha geniş yayılmasından sonra mövsümün erkən dayandırılması ehtimalı daha yüksəkdir.
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina vəziyyətdə çıxış yolu kimi üç varıant təklif edir.
1. Çempionatı turnir cədvəlindəki indiki durumla dayandırmaq. Bu halda lider “Yuventus” çempion olur, “Latsio”, “İnter” və “Atalanta” yeni mövsümdən Çempionlar Liqasında, “Roma” və “Napoli” Avropa Liqasında oynamaq hüququ qazanır, hazırkı autsayderlər “Leççe”, SPAL və “Breşiya” isə A seriyasını tərk edir.
2. Çempion elan edilmir. Amma skudettonu qazanmayan “Yuventus” “Latsio”, “İnter” və “Atalanta” ilə birgə ÇL-ə, “Roma” və “Napoli” Avropa Liqasına gedir. Qurumun prezidenti bu zaman 3 komandanın A seriyasını hansı halda tərk edəcəyini dəqiqləşdirmir.
3. Çempionluq və A seriyasında qalmaq üçün pley-off oyunları keçirilir.
Qabriele Qravina bildirib ki, bunlar yalnız ideyadır, qərar səviyyəsində deyil. O əlavə edib ki, A, B və C seriyası klubları martın 23-də keçiriləcək növbəti iclasda öz təkliflərini hazırlayıb təqdim edə bilərlər.