Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 15:00
Bəzi ölkələrdə dövlət orqanları və özəl təşkilatlar koronavirusun yayılmasının qarşısının alınması üçün distant iş rejiminə keçib. Ölkəmizdə də koronavirusla bağlı narahatlıq davam edir. Maraqlıdır, önləyici tədbir kimi evdən iş tətbiq oluna bilərmi? Hazırkı şəraitdə uzaqdan işi məqsədəuyğun hesab edən ekspertlər ölkəmizdə bu təcrübənin olduğunu deyir.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Anar Məlikov - Ekspert: "2000-ci illərdən sonra, xüsusən də xarici şirkətlərdə ilk dəfə başladı, sonra yayıldı. Xüsusi bir səbəblər olmadan şirkətlər bəzi işçilərinin evdən işləməsinin, bəzi işçilərinin distant işləməsi üçün şərait yaratdılar. Bu da əsasən daha çox ofis işləri ilə bağlı sahələri əhatə edirdi".
Ekspertin sözlərinə görə, elə iş yerləri var ki, orada distant iş alınmaz. Amma idarəetmə, elmi-tədqiqat işlərini, yaxud başqa işləri məsafədən etmək olar.
Anar Məlikov - Ekspert: "Təbii ki, burada da kompüterin, internetin rolu böyükdür. Distant işçilər biznes sahələri ilə əlaqə yaradıb, öz işlərini icra edirlər. Amma zavod şəraitində hansısa bir avadanlığın arxasında müəyyən bir əmək fəaliyəti ilə, məhsuldarlıqla istehsalla məşğul olan təşklatlarda bu biraz çətinlik yaradır".
Yeri gəlmişkən, bir neçə gün əvvəl koronavirus təhlükəsi ilə əlaqədar SOCAR baş ofisini qismən bu cür iş rejiminə keçirib.
İbrahim Əhmədov - SOCAR-ın rəsmisi: (Telefon danışığı) Bəzi işçilər, əgər onların ofisə gəlməsinə zərurət yoxdursa, evdən də işləyə bilir. Onların evdən işləməsi ilə bağlı qərar artıq verilmişdir. Lakin bu kütləvi hal almadı. Ona görə ki, bir çox işçilərin istehsalat zərurətinə görə, həm ofisdə, həm də istehsalatda olması zəruri idi".
Ekspertlər bu məsələyə qanunvericilikdə də diqqət ayrılmasının vacib olduğunu deyir.
Samir Qasımov - Hüquqşünas: "Hər iki tərəfin, işəgötürənlə işçinin razılığı əsasında baş tutur. Bu həm əmək müqaviləsində əvvəlcədən nəzərdə tutula bilər və yaxud sonradan əmək müqaviləsinə dəyişiklik etmək formasında da həll oluna bilər. İndiki vəziyətdə də bu koronovirusun yayılması ilə əlaqədar bu məsələ aktuallaşıb".
Qeyd edək ki, baş nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsusi rejimdə iş normalarına dair təlimatları imzalayıb. Sənəddə mümkün olduğu halda işçilerin mesafeden işlemesi meselesine baxılması tapşırılıb. Eyni zamanda, iclasların telefon rabitəsi, mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilməsi tövsiyə olunur.