Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 15:06
"Bu gün kainatımız yeni qlobal pandemiya - koronavirus (COVID-19) infeksiyası ilə qarşı-qarşıyadır. İnsanların sağlamlığını təhdid altına alan virus üzündən dünya ölkələri bir-birlərinə qapılarını bağlamaq, kütləvi tədbirləri təxirə salmaq, iqtisadi əlaqələri məhdudlaşdırmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, tibbin, texnologiyaların inkişaf etdiyi bir dövrdə bir sıra Avropa ölkələrində infeksiyanın yayılması nəzarətdən tamamilə çıxıb".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Onun sözlərinə görə, dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) və Səhiyyə Nazirliyinin birlikdə cəmiyyətimizin sağlamlığının təhlükəsizliyi üçün həyata keçirdikləri tədbirlər aktuallığını qoruyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizlə sıx əməkdaşlıq edir, tövsiyələrini, maarifləndirmə işlərini əsirgəmir:
"Hər zaman vətəndaşının yanında olan, onların sevincinə də, dərd-sərinə də şərik çıxan ölkə Prezidenti İlham Əliyev koronavirus epidemiyasının sərhəd tanımadığı belə bir çətin vaxtda vətəndaşların təhlükəsizliyinin təmin edilməsini ən vacib, prioritet məsələlərdən olduğunu bir daha təsdiq etdi. Çevik, vaxtında verilmiş qərarlar, yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "COVID-19" (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət ünvanlaması da koronavirus epidemiyası ilə bağlı vəziyyətin, əhalinin sağlamlığının etibarlı qorunması ölkə rəhbərliyinin nəzarəti altında olduğundan xəbər verir.
Lakin görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər bir vətəndaşlarımız daha məsuliyyətli olmalı, unutmamalıdırlar ki, COVID-19 infeksiyası sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərsə, həyata keçirilən tədbirlərə dəstək olarsa təkcə onun özünün yox, ailəsinin, doğmalarının, səhhətini qorumuş olar, ən başlıcası dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar".