Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2019 01:28
Bakı. Trend:
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən 28 may – Respublika günü ilə bağlı silsilə tədbirlər təşkil olunub.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, həmin tədbirlər Ombudsmanın regional mərkəzləri tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatlarında, o cümlədən Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, Ahılların Resurs Mərkəzində və təhsil müəssisələrində keçirilib.
Belə ki, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhəri İ.Qayıbov adına 3 saylı və Ağstafa şəhəri A.Abdullayev adına 2 saylı tam orta məktəblərdə, Göygöl və Şəmkir rayonlarında, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun Tütəpeştə və Kənarmeşə kənd tam orta məktəblərində, Astara rayon Mərkəzi Kitabxanasında, Yardımlı rayon Heydər Əliyev Mərkəzində, Cəlilabad şəhər 2 saylı tam orta məktəbdə, Şəki Regional Mərkəzi tərəfindən Qəbələ rayonu Çuxurqəbələ və Balakən rayonu Hənifə kəndlərində, Quba Regional Mərkəzi tərəfindən isə Qusar şəhər 6 nömrəli tam orta məktəbdə, Quba rayonunun Əlik və Xınalıq kəndlərində silsilə tədbirlər təşkil olunub. Burada aidiyyatı dövlət qurumlarının əməkdaşları, təhsil işçiləri, müəllimlər və şagirdlər, geniş ictimaiyyət iştirak ediblər.
Eyni zamanda Liderlik Məktəbində keçirilən tədbirə Müdafiə Nazirliyinin zabiti, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani, Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, Liderlik Məktəbinin üzvləri və valideynləri, Ahılların Resurs Mərkəzində isə Aparatın sektor müdiri Müqalib Mahmudov, habelə ahıllar qatılıblar.
Habelə Aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları üzrə pilləli tədris proqramı keçirilən paytaxt və regionlardakı 15-dən artıq məktəbdə də Respublika günü ilə bağlı tədbirlər keçirilib.
Bütün bu tədbirlərdə 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi”nin qəbul edildiyi, Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyinin, beynəlxalq birliyin üzvləri ilə, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğu bildirilib. Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verilərək diqqətə çatdırılıb ki, müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika olmaqla, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasəti xarakterizə edir.
Qeyd olunub ki, Xalq Cümhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı, 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törədildi, ölkəmizdə tam hakimiyyətsizlik və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının üzvləri və Cümhuriyyət hökuməti Tiflisdən Gəncəyə köçdü, 4 ay ərzində Gəncə ölkənin paytaxtı oldu. 1918-ci il sentyabr ayının 15-də Bakı şəhəri azad olundu, sentyabrın 17-də F.Xoyski hökuməti Gəncədən Bakıya keçdi və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.
Diqqətə çatdırılıb ki, 26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı, həmçinin həmin dövrdə müstəqil respublikanın Parlamenti, ədliyyə, məhkəmə, polis və prokurorluq orqanları yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də Azərbaycanın ərazisi işğal edildi və qazandığımız müstəqilliyə son qoyuldu. Bütövlükdə cəmi 23 ay yaşamış, hələ güclü ordusu tam formalaşmamış, habelə dövlət büdcəsi tam təsdiq edilməmiş müstəqil demokratik Azərbaycan dövlətinin əsas fəaliyyət prinsiplərinin, habelə idarəetmə mexanizmlərinin, dövlət qurumlarının özülünü qurmaqla yanaşı, soydaşlarımızın ürəyində müstəqillik arzularının toxumlarını səpdi.
Vurğulanıb ki, Azərbaycan xalqı qarşısında ölçüyəgəlməz xidmətləri olan, dünya şöhrətli siyasi və dövlət xadimi, fenomenal bir şəxs kimi tanınan, bu il anadan olmasının 96-cı və hakimiyyətə qayıtmasının 26-cı ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyev hər zaman fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinə yüksək önəm verərək həmin tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasını və varislik prinsipinin qorunaraq daha da inkişaf etdirilməsinə böyük səy göstərmişdir.
1918-ci il soyqırımından yalnız 80 il sonra – 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Ölkə boyu keçirilən tədbirlərdə həmçinin bildirilib ki, Ulu öndərin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ötən ildə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İlinin elan olunması, bununla əlaqədar paytaxt və regionlarda silsilə konfransların, tədbirlərin, habelə hərbi paradların təşkili hər bir azərbaycanlının, o cümlədən xaricdə yaşayan soydaşlarımızın ürəyində fərəh və sevinc hissi yaşatmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan respublikamızda dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə sürətli sosial-iqtisadi inkişaf, köklü islahatlar, ordu quruculuğunda, insan hüquqlarının təmin olunmasında irəliləyişlər, habelə Azərbaycan idmanının böyük nailiyyətləri xalqımız tərəfindən qürurla dəyərləndirilir. Respublikamız dünya miqyasında, o cümlədən MDB məkanında öndər ölkə kimi tanınır.
Silsilə tədbirlər interaktiv müzakirələr şəraitində davam etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin