Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 12:54
Bütün mürəkkəb situasiyalarda, həlledici anlarda hər bir xalq üçün milli birlik çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" şüarı indiki məqamda dərin siyasi və ideoloji məzmun kəsb edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Ramin Məmmədov Prezident İlham Əliyevin birliyin və həmrəyliyin əhəmiyyəti barədə söylədiyi fikirləri şərh edərkən bildirib.
Deputat qeyd edib ki, bu fikir həm də Azərbaycan xalqının tarixi təcrübəsinə istinad edir.
Onun sözlərinə görə, ölkənin yeni tarixində məhz xalqın birliyinin ən çətin vəziyyətlərdən çıxmaqda həlledici rol oynadığına dair kifayət qədər faktlar gətirmək mümkündür:
"Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq. Lakin bu birliyin formalaşmasını şərtləndirən əsas amillərdən biri də dövlətlə cəmiyyət arasında möhkəm qarşılıqlı etimadın, inamın olmasıdır. Bu baxımdan, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Məhz buna görə də gözlənilməz vəziyyətlərdə dövlət cəmiyyəti vahid bir amal ətrafında birləşdirə bilir".
Millət vəkili qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət Azərbaycanda da cəmiyyətin bütün təbəqələrinin konsolidasiyasını zərurətə çevirib. Ölkədə güclü dövlət, siyasi hakimiyyət və güclü siyasi lider var. Ona görə də qısa bir müddətdə cəmiyyəti toparlamaq, ümümi hədəflər uğrunda səfərbər etmək mümkün olur:
"Hesab edirəm ki, bu çətin tarixi anda da Azərbaycan xalqı növbəti dəfə müdrikliyini nümayiş etdirərək dövlətin gördüyü çoxşaxəli tədbirlərə dəstəyini verəcək. Qısa müddət ərzində Koronavirusla Mübarizəyə Dəstək Fonduna kifayət qədər ciddi məbləğdə vəsaitin toplanması, müxtəlif təbəqələrdən, hətta fərqli siyasi cinahlardan gələn dəstək mesajları dediklərimizə əyani sübutdur. Doğrudur, yaranmış situasiyada öz məqsədləri üçün istifadə etməyə çalışan bəzi dairələr də var və bu yalnız təəssüf doğrurur. Ancaq cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, tarix artıq onlara öz yerlərini götərib"
R.Məmmədov qeyd edib ki, indiki halda hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Ancaq ən ağır vəzifəni yerinə yetirənlər səhiyyə işçiləri, həkimlərdir:
"Dövlət bu insanlara ən yüksək səviyyədə maddi və mənəvi dəstəyini göstərir. Ancaq xalqın mənəvi dəstəyi də onlar üçün xüsusi məna və əhəmiyyət kəsb edir. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində səslənən dəstək mesajları həkimlər üçün böyük mənəvi stimuldur".