Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarixçi: 1918-ci ildə Azərbaycanda həyata keçirilən qətl və talanlar xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi

Tarixçi: 1918-ci ildə Azərbaycanda həyata keçirilən qətl və talanlar xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi

Tarix: 31 Mart 2020 10:42

Mart soyqırımı son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ən qanlı nümunələrindən biridir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə tarixçi Tural Vəlizadə deyib.

1918-ci ildə Bakı şəhərində bolşevik-daşnak alyansı tərəfindən azərbaycanlılara qarşı törədilən mart soyqırımından 102 il keçdiyini xatırladan tarixçi qeyd edib ki, bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan" dövləti yaratmaq olub:

"Bakıda mart soyqırımı hələ 1917-ci ilin sonlarında "Daşnaksütyun" partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.

Təbii ki, Bakı Xalq Komissarları Soveti tərəfindən, xüsusən onun sədri Stepan Şaumyanın şəxsi istəyi nəticəsində istər Bakıda, istərsə də Azərbaycanın digər bölgələrində həyata keçirilən bu qətl və talanlar milli istiqlalımıza qarşı yönəlmişdi və xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi. 1918-ci il martın ayının 15-də çıxış edərkən "Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir", - deyə Şaumyan yazırdı: "Bizim siyasətimiz - vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir". 1918-ci il mayın 16-da fəhlələr qarşısında çıxış edən SŞaumyan bildirmişdi ki, müsavatçıların Bakını Muxtar Azərbaycanın paytaxtı elan etmək planı vardır. Şaumyan heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun. Bakıda daşnaklarla belə əməkdaşlıq edən və bütün dünya müllətlərinin qurtuluşundan bəhs edən bolşeviklər türk-müsəlman əhalinin muxtariyyətini burjuaziyanın muxtariyyəti hesab edirdi. Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. Şaumyan Stalinə məktub yazaraq, xahiş edirdi ki, Qafqaz qırmızı ordusunu (erməni ordusunu) təşkil etmək üçün təcili olaraq on milyon manat (rubl) ayırsınlar. Ermənilərdən fərqli olaraq Bakıda türk-müsəlman əhalinin hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbiidir ki, mübarizədə müsəlmanların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən Şaumyan, "Daşnaksütyun" və Erməni Milli Şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr türk-müsəlmanların yaşadığı məhəllələrdə baş verirdi".

T.Vəlizadə qeyd edib ki, 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etdi, lakin onun üç günü görünməmiş amansızlıqla qəddarlıq və azğınlıq edən daşnak dəstələri tərəfindən şəhərin türk-müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin kütləvi xarakteri ilə səciyyələnirdi. Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən qırğınlar yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhərkənarı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.

Tarixçi vurğulayıb ki, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ölkədə siyasi vəziyyəti kökündən dəyişdi:

"Azərbaycan Hökuməti Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli iclasında ermənilərin həyata keçirdiyi soyqırımı aktını geniş və ətraflı müzakirə edərək, "Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkili haqqında" qərar qəbul etdi. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. 1918-ci ilin sentyabrında Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı.

Sənədlərdən aydın olur ki, mart hadisələri azərbaycanlıların əksəriyyəti üçün gözlənilməz olub və müsəlman ictimaiyyətinin müxtəlif zümrələrindən olan insanlar bolşeviklərin deyil, məhz ermənilərin xəyanətindən sarsılmışdılar, çünki onlar "sonuncuları düşmən kimi görmürdülər. Bununla bərabər, şahid ifadələri göstərir ki, azərbaycanlıların əksəriyyəti talanlardan bir neçə gün qabaq "ermənilərin şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçdüyünü" müşahidə etmiş, şəhərin "Ermənikənd" məhəllələrində "ermənilər tərəfindən qazılmış səngərləri" görmüş, ermənilərin "1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınlarını başlamaq" niyyətləri və "ermənilərin müsəlmanlara qarşı çıxışlara hazırlaşdıqları barədə şəhərdə gəzən şayiələri" eşitmişdilər. Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasının türk-müsəlman kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10.068 nəfər öldürülmüş və ya şikəst edilmişdi. Lakin bu rəqəmlər də faciəni tam əks etdirmirdi, reallıqda erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan qaçqın düşdüklərindən qurbanların sayını dəqiq müəyyənləşdirmək mümkün olmamışdı. 1917-ci ildə Zəngəzur qəzasında 123.085 nəfər təşkil edən türk-müsəlman əhali 1926-cı il siyahıyaalınma göstəricilərinə görə say baxımdan heç 5000 nəfər deyildi".


Etiketlər:  Tarixçi 1918 ildə Azərbaycanda həyata keçirilən qətl talanlar xüsusi qəddarlıq görünməmiş amansızlıqla icra edilirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ