Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atamı şair kimi ölümündən sonra anladım” - Nüsrət Kəsəmənlinin oğlu

“Atamı şair kimi ölümündən sonra anladım” - Nüsrət Kəsəmənlinin oğlu

Tarix: 4 Aprel 2020 15:30

Sonxeber.net Modern.az-a istinadən "Məşhurların övladları" layihəsini təqdim edir.

Bu dəfəki həmsöhbətimiz Azərbaycan gəncliyinin bu gün də sevilən sevgi şairi Nüsrət Kəsəmənlinin oğlu Reşat Kəsəmənlidir.

Arayış: Reşat Nüsrət oğlu Kəsəmənli 1975-ci il iyulun 20-si Bakı şəhərində anadan olub. 1982-1992-ci illər ərzində  əvvəlcə 95 saylı, daha sonra 173 saylı orta məktəbdə təhsil alıb. O, 1992-ci ildə orta təhsilini bitirərək, Təfəkkür universitetinin "Beynəlxalq hüquq" fakültəsinə daxil olub. Burada bir il təhsil alandan sonra, könüllü olaraq ordu sıralarına yazılıb. Lakin geri dönərkən yarımçıq qalan hüquq təhsilini davam etdirməyərək, səndlərini ADMİU-nin aktyorluq fakültəsinə verib. Aktyorluq sənətinin sirlərini isə  Xalq artisti Azərpaşa Nemətovdan alıb. Reşatın ilk uğuru 1999-cu ildə Xalq artisti Nazpəri Dostəliyevanın "Mənim göz yaşımı görməyəcəksən" adlı mahnıya çəkilmiş klipdən başlayıb. Bu kliplə ulduzu parlayan Reşat bir çox film və seriallara dəvət alıb. Ailəlidir 3 övladı var.

- Reşat bəy, məşhur övladı olmaq necə bir hissdir?

- Mən şəxsən atamla fəxr edirəm. Bu tək onun şairliyi ilə bağlı deyil, müsbət insani xarakterə sahib olmaq keyfiyyətindən də irəli gəlir. Hansı bir məclisə düşsəm hər kəs onun gözəl bir şair olduğundan çox, əsl kişi  xarakterinə sahib olduğunu söyləyir. Bu artıq mənim üçün böyük bir qürur mənbəyidir. Mən hər zaman qürur hissi keçirmişəm və belə də davam edəcəm. Lakin hər şey təəssüf ki, kənardan göründüyü kimi deyil.

- Niyə?

- Qıraqdan baxanlar elə bilirlər ki, məşhur övladıdır, bütün qapılar üzünə açıq olacaq. İnanın ki, çox qapılar üzümə bağlı vəziyyətdədir.  Ola bilər ki, bu sizə təəccüblü gəlsin, ancaq reallıq budur. Bu vəziyyətə artıq ətrafımdakılar da alışıb, yəni onlara təəccüblü gəlmir.

- Hər kəs atanızı sevgi şairi adlandırır. Poeziyasında da daha çox sevgi şeirləri üstünlük təşkil edir. Kədər motivi isə danılmaz bir faktdır. Sizcə bu yanğına səbəb nə idi?

- Heç bir şey. Bilirsiniz hamı elə bilir ki, şair şeirlərində öz həyatını vəsf edir. Bütün tarix boyu şairlərin şeirlərinə nəzər salsaq görərik ki, yalnız 20 faiz onun həyatını  əks etdirir. Şairi digərlərindən fərqləndirən əsas cəhət bilirsiniz nədir? O başqalarının həyatındakı dərdi-kədəri də, ən az o insan qədər mənimsəyib vərəqə köçürə bilir. İndi o sevgidən yazırsa, bu o demək deyil ki, ömrünün axırına qədər 50 nəfəri sevməlidir. Şair sadəcə olaraq hər sevəni anlaya bilir. Bir sevən sizə dərdini danışar və siz ona acıya bilərsiniz. Ancaq şair həmin insana çevrilib, onun çəkdiyini çəkər. Əslində bu sualı mənə çox verirlər ki, atanız niyə dərddən-kədərdən daha çox yazır. Hər dəfə cavabım da bu olub ki, sevincini bölməyə insanın elə də ehtiyacı olmur. Hansı şən üslubda yazılmış şeir daha çox populyar olur? Diqqət etsəniz görərsiniz ki, ayrılıq-kədər motivli şeirlər daha çox populyarlıq qazanır. İnsanların ruhu belə şeirlərə daha çox yaxın olur.

- Nüsrət Kəsəmənli adı sizə ən çox nəyi xatırladır?

- Təbii ki, ilk olaraq atamla keçirdiyim uşaqlıq xatirələrim yada düşür. Atam rəhmətə gedənə qədər, mənim ən böyük ehtiyacım bir övladın ataya olan ehtiyacı olub. Mən onu həmişə ata olaraq görmüşəm, ancaq onu şair kimi ölümündən sonra anladım.  Bilirdim məşhur idi, ancaq bu hələ mənə maraqlı deyildi, deyirdim o mənim atamdır. Mənə onun atalığı vacib idi, gələndə onunla birlikdə vaxt keçirmək, əylənmək daha çox önəmli idi. Ancaq o öləndən sonra dərk etdim ki, bütün diqqət və qayğı mənim üzərimə köklənib.

- Hansı məqamda dərk etdiniz?

- O zaman da dərk etdim ki, insanlar mənə yaxınlaşıb təşəkkürlərini bildirirdilər. Hansı ki, atam həmin insanlara vaxtilə nə qədər yardım edib. İnanın bizim xəbərimiz olmayıb. Hətta neçə şəhid ailəsinə təmannasız olaraq aylıq maaş kəsdirib. Hazırda bir neçə vəzifədə olanlar var ki, onların işə girməyində bilavasitə atamın rolu olub. Yəni saymaqla bitməz bu yaxşılıqlar. Mənim təssüf etdiyim məqam odur ki, atamın bu qədər etdiyi yaxşılıqları görməzdən gəlirlər. Həmin insanların heç biri məni tanımır. Bir təsəlli tapıram, bütün bunları atamın şəxsiyyətinə bağışlayıram. Bu atamın böyüklüyü, o da onların insanlığı...

- Hazırda ölkədə yetəri qədər tanınan simalardansınız. Bizə maraqlıdır Reşat bəy necə bir xarakterə malikdir?

- Həddindən artıq kövrək insanam. Hətta deyərdim ki, uşaq qədər kövrəyəm. Kövrək olduğum qədər də, sərt biriyəm. Təbii ki, bu da qarşımda olan insanla bağlı olur. Kim mənə qarşı necədirsə, mən onun 5 qatını özünə qaytarıram. Əgər qarşımdakı həssas və kövrəkdirsə, inanın mən ondan betər kövrək oluram, hətta uşaq qədər oturub ağalaya biləcək bir xarakterə sahibəm. Bunu gizli yox, cəmiyyət içərisində də edə bilərəm, heç nədən çəkinmədən və utanmadan.

- Həm də çox əsəbisiniz...

- Bəli çox əsəbiyəm. Əsəbi olmağımın da əsas səbəbi haqsızlıqla barışmamağımdır. Məni tanıyan hər kəs bilir ki, doğmam olsam belə yenə də deyirəm ki, sən bu məqamda haqsızsan. Hətta çoxları mənə deyir ki, bu bir qəddarlıqdır. Düşünürəm bu bir qəddarlığın carçısı deyil. Mən qohum-əqraba saymıram, əgər bu işi yad daha yaxşı yerinə yetirəcəksə, niyə qohumumu irəli çəkim ki? Bu haqsızlıq deyilmi? Yəni mənə yad, ya qohum fərq eləmir. Hətta buna görə məni qınayanlar da olur ki, niyə qohuma əl uzatmırsan. Əl uzadım, amma sən o işi nə dərəcədə layiqli yerinə yetirəcəksən. Təəssüf ki, qarşıma həmişə paxıllar çıxır. Lakin o paxılları ifşa edəcək qədər də cəsarətliyəm. Həm də çox kinli biriyəm.

- Sizi daha çox tanıdan Nazpəri Dostaliyevanın klipindəki xəyanətkar kişi obrazı oldu. Həyatda necə bu obrazı oynamaq şansınız olubmu?

- Əslində ordakı obrazda qeyri-adi nəsə görmürəm. Sadəcə bu obrazda xəyanət çox ucuzlaşıb. Yəni o dərəcədə hərəkəti mən heç bir kişiyə yaraşdırmıram. Birincisi, əgər xanımın hər şeyin ən gözəlinə layiqdirsə, sən kənarda heç kəsi onun səviyyəsinə gətirib çıxarmalı deyilsən. Bu bir kişiyə yaraşan xarakter deyil. Təbii ki, belə insanlar ətrafımızda çoxluq təşkil edir. Düşünürəm ki, bu mənim uğurumdur ki, tamaşaçı məni o obrazda görür. Əgər inandıra bilmisənsə, demək işini uğurla başa vurmusan.

- Nəyə görə hüquq təhsilinizi yarımçıq qoydunuz?

- Çünki çox haqsızlıqların şahidi oldum. Bu da təxminən 1993- cü ilə təsadüf edir. Həmin dövrdə çox özbaşınalıqlar var idi. Ancaq bugünkü dövrdə haqq ədalətin bərpası özünü açıq şəkildə göstərir. Yəni mən kimisə gözüyaşlı qoya bilmərəm. Günü bu gün də bunu edə bilməzdim. Ona görə düşündüm ki, bu sahə mənim sahəm ola bilməz. İnanın ki, daha aşağı səviyyədə yaşayaram, amma kiminsə bədbəxtliyi üzərində öz xoşbəxtliyimi qura bilmərəm. Öncə şəxsiyyətimə tüpürərəm, yəni mən öz mənliyimi üstün tutan insanam. Əgər aşağı tutsaydım, indi lap yuxarı pillərdə oturardım.

- Bəs necə oldu aktyorluq sənətinə gəldiniz?

- Bu sənətə təsadüfən gəlmədim. Mən lap uşaqlığımdan, düz 3-cü sinifdən,7-ci sinifə qədər aktyorluq dərnəklərində iştirak edirdim. Hətta anam bəzən mənə zarafatla deyirdi ki, bəsdir də bu "Cırtdan", "Kosa" rolunu oynadın, bezdik evdə bu papaqların əlindən. Hələ indi də deyir ki, "Cırtdan"ı oynaya-oyanaya axır ki, aktyor oldun. Bu sənəti o qədər sevirdim ki, dərs bitəndə tez dərnəklərə qaçırdım. Ancaq buna baxmayaraq  hüquqşünas ixtisasını seçdim, burda da cəmi bir il təhsil aldım.  İkinci kursda təhsilimi yarımçıq qoyaraq, ordu sıralarına yollandım. Qayıdandan sonra da təhsilimi davam etdirmədim, çünki o vaxtı haqsızlıqları çox gördüm deyə, bunlar mənim üçün sanki  bir bəhanə oldu. Sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və xəbər tutdum ki, qabiliyyət imtahanına 3 gün qalıb. Çox gərgin hazırlıqlardan sonra ,ən yüksək balla bu imtahandan da keçdim.

- İlk uğurunuz kliplə başladı...

- Düzdür klip işini ciddi bir aktyor işi saymıram. Aktyor üçün ciddi iş serial və filmdir. Ancaq etiraf da etməliyəm ki, 1999-cu ildə çəkilən Nazpəri Dostaliyevanın klipi mənə bir tramplin rolunu oynadı. 1999-cu ildən bu günə kimi 15 klipdə, 11 serialda ("Küləklər şəhəri", "Həkimlər", "Bir ailəm var", "Günəşim ol", "Son ümid", "Uçurum" ,"O gecə", "Qəzəb", "Bir qadın", "Aldanmış hisslər", "Sayrışan işıqlar") və 2 bədii filmdə ("Yaşamaq istəmirəm", "Zaman") rol aldım. 2017-2018-ci ildə tamaşaçı rəylərinə əsasən "İlin ən yaxşı aktyoru" adına layiq görüldüm. 2018-ci ildə Türkiyədə "Turkiye-Azərbaycan kardeşlik ödülleri" mükafatlandırma mərasimində "ilin ən yaxşı serial aktyoru" mükafatı ilə təltif edildim. Bir məqamı da bildirim ki, 27 ildir ki, peşəkar olaraq ağır atletika ilə də məşğulam, 2-ci dərəcəli idman ustasıyam. Həmçinin bir çox yarışların mükafatçısı olmuşam.

- Ailəlisiniz, övladlarınız da var. İstər sosial media, istərsə də real həyat olsun. Hələ də sizə sevgi etirafı edən xanımlar varmı?

- O qədər olur ki, günü bu gün də yazanlar var. Amma mən bunu pis qarşılamıram.

- Bəs cavabınız necə olur?

- Sadəcə təşəkkürümü bildirirəm. O da baxır qarşıdakı insanın dediyi sözün kəsərliliyinə və kəmiyyətinə.  Bunun mədəniyyətlə çox bağlılığı var. Çünki içindəki sevgisini gizlədə bilmir və etiraf edir. Ancaq ummamaq şərtilə olsa daha doğru olar. Həmin insana sadəcə bildirirəm ki, çox sağ olun dəyərinizə görə və bununla da bitirirəm. Elə də olur ki, o qədər kobud şəkildə reaksiya bildirir ki, onda heç o mesajı oxumuram, eləcə də qalır. Düşünürəm ki, sevgini bildirmək ayıb bir şey deyil. Onların sevgisi bizim alqışımızdır, düşünürəm ki, təşəkkür etmək bizim borcumuzdur. Mənim gözümdən bir qadın düşürsə, o lap dünyanın huri-mələyi olsa belə mənim üçün kişidən bir fərqi olmaz. O əbədiyyən mənim üçün bitir.

- Atanız Rəhilə xanıma "Etiraf" şeirini həsr edib. Bəs sizin elə bir şeiriniz varmı ki, öz xanımınıza həsr edəsiniz?

- Nüsrət Kəsəmənlinin "Etiraf" şeirinin o cürə dahiləşməsi üçün, həmin şeirin yazıldığı insanın böyüklüyünü nəzərə almaq lazımdır. Onu yazdıran mənim anamdır və hər kişiyə də mənim anam kimi qadın da qismət olmur. O cəsarəti kişiyə verə biləcək qüvvə də qadındır. Hər qadın da mənim anam qədər həyatı düzgün dərk edən deyil.


Etiketlər:  Atamı şair kimi ölümündən sonra anladım Nüsrət Kəsəmənlinin oğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ