Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 16:06
2019-cu ilin sonlarında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus dünyada sürətlə yayılır. Hazırda 205 ölkədə qeydə alınan virusu martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edib. Son məlumata görə, COVID-19 infeksiyasına indiyədək yoluxanların sayı 1 130 000-i ötüb. Dünyada koronavirusa yoluxanlar arasında idman ictimaiyyətinin nümayəndələri də az deyil.
Bəs görəsən Azərbaycanda bu arzuolunmaz virusa görə karantin altına alınan idmançı və ya idman adamları varmı?
"Report" agentliyinin əməkdaşı bu sualla bir neçə məşqçiyə, bəzi federasiyalara, eləcə də Gənclər və idman Nazirliyinə müraciət edib:
Elnur Amanov (Taekvondo üzrə qadınlardan ibarət millinin baş məşqçisi və kişilərdən ibarət yığmanın köməkçi-məşqçisi): “Yığma üzvlərindən heç kimdə problem yoxdur, hər birinin səhhəti qaydasındadır. Martın əvvəllərində Niderlanddakı yarışdan qayıdanda hamı aeroportda yoxlanışdan keçdi və evə buraxıldı. Heç kim karantin altına alınmadı. Çünki həmin vaxt Niderlandda virus demək olar ki, yayılmamışdı. Sevindirici haldır ki, indiyə qədər heç bir idmançıda virus aşkarlanmayıb. Hamısı öz evlərindədirlər. Əlaqə saxlayırıq. Məşq edib, videolarını məşqçilərə atırlar, biz də baxıb tapşırıqlarımızı veririk. Nə vaxt icazə versələr, məşqlərə başlayacağıq. Hələ ki, federasiya bağlıdır”.
Şahin Xudaverdiyev (Karate üzrə kişilərdən ibarət millinin böyük məşqçisi): “İdmançılarımızdan heç kim xəstələnməyib, hər şey qaydasındadır. Martın əvvəlində Avstriyanın Zalsburq şəhərində yarışda olduq. Həm gedəndə, həm də gələndə xüsusi aparatlarla bizi yoxladılar. Avstriyada da yoxlanışdan keçdik. O vaxtdan bu yana 1 ay keçib. Sevindirici haldır ki, heç bir idmançıda problem aşkarlanmayıb. Nə isə olsaydı, çoxdan üzə çıxardı. Hər şey əladır. Uşaqlarla daim əlaqədəyik, deyirik ki, ora-bura getməyin. Özləri də karantin rejiminə ciddi əməl edirlər. Hamısı fərdi məşq edir. Azyaşlıları nəzarətdə saxlayırıq. Məşqlərini videoya çəkib, bizə göndərirlər. Əsas yığma komandadır. Formadan düşmək olmaz, hazır olmaq lazımdır. Yarışlar hər an başlaya bilər”.
Firdovsi Umudov (Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti): “İdmançıların hamısının səhhəti yaxşıdır. Koronavirusa görə heç bir problemlə üzləşməmişik. Heç kim karantinə alınmayıb. Hər biri öz evində fərdi qaydada məşqlərinə davam edir. İdmançılara xüsusi proqram vermişik, onun əsasında hazırlaşırlar”.
Nəriman Abdullayev (Boks üzrə Azərbaycan millisinin böyük məşqçisi): “Böyük Britaniyanın paytaxtı Londondakı Avropa Olimpiya Təsnifat Turnirindən qayıdarkən hamı hava limanında yoxlanıldı. Heç kimi karantin altına almadılar. Nə isə olsaydı, üzə çıxardı. Yenidən analiz götürüb-götürməyəcəklərini bilmirəm. Mənə bu barədə heç nə deyilməyib. Bütün idmançılar diqqət mərkəzindədir. Hamısı öz evində fərdi məşq edir. Legionerlər də Bakıdadırlar. Heç biri ölkəsinə qayıtmayıb. Ümumiyyətlə, kiminsə bunun üçün federasiyaya müraciət etdiyini də eşitməmişəm”.
Azərbaycan Boks Federasiyasından isə bildiriblər ki, Böyük Britaniyanın paytaxtı Londonda Avropa Olimpiya Təsnifat Turniri yarımçıq dayandırıldıqdan sonra Bakıya qayıdarkən komandanın hər bir üzvünün burnundan yaxma götürülüb: “Qaydalara uyğun olaraq və idmançıların sağlamlığı baxımından bu, çox vacib idi. Bizdə olan məlumata görə, hamıda testin nəticəsi neqativ çıxıb”.
Federasiyadan verilən məlumata görə, aprelin 15-də yenidən analiz verib, məşqləri qapalı şəraitdə bərpa etmək planlaşdırılsa da, hazırkı durum üzündən hazırlıq prosesi yenidən təxirə salınıb: “Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 20-dək hərəkət məhdudiyyəti tətbiq edib, həmçinin ölkədə bütün idman qurğularının işi dayandırılıb. Hər şey növbəti qərarlardan asılı olacaq. Yığma üzvləri digər idman növlərində olduğu kimi, evdə fərdi məşqlərlə kifayətlənirlər. Millimizin baş məşqçisi plan üzrə lazımı tapşırıqlarını verir, ehtiyac olduqda telefonla əlaqə də saxlayır. Bununla yanaşı, idmançılarımıza həkimimiz tərəfindən lazımı tövsiyələr verilib”.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova isə deyib ki, idmançılardan kimsə koronavirusa görə karantinə alınsa, o dəqiqə mətbuata məlumat verilər: “Beynəlxalq turnirlərdə iştirak edənlərin hamısı qayıdıb. Son olaraq, boksçularımız Londondan gəliblər. Tək idmançılar deyil, həmin reyslə gələn bütün vətəndaşlardan test götürüldü. Hələ bizi narahat edəcək halla rastlaşmamışıq”.
Koronavirus pandemiyasına görə bağlanan idman qurğuları barədə də danışan S.Məmmədova həmin obyektlərdə mütəmadi yoxlamaların aparıldığını bildirib: “Gənclər və İdman Nazirliyinin balansındakı bütün idman qurğuları müvəqqəti bağlıdır. Ona görə də həmin obyektlərə giriş-çıxış yoxdur. Əvvəlcədən dezinfeksiya işləri aparılmışdı. Mütəmadi olaraq, idman qurğularında yoxlamalar gedir. Bağlanmaq o demək deyil ki, tamamilə nəzarətsiz qalır. Nə zaman rəsmi qərar verilsə, qurğular həmin vaxt açılacaq”.