Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 15:30
Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-loqistika mərkəzi kimi öz roluna məsuliyətlə yanaşır, üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, Türk Şurası türkdilli ölkələr tərəfindən dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Azərbaycan isə sədrliyi dövründə təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir.
S.Fətəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi də qardaşlığımızın və birliyimizin ifadəsidir.
Millət vəkili Türk Şurasının dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olduğunu xüsusi vurğulayıb:
"Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Zirvə görüşünə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun qoşulması da Azərbaycanın bu təşəbbüsünün nə dərəcədə aktual olduğunu təsdiqləyir. Görüşdə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var. Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri, və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir".
Deputat vurğulayıb ki, Zirvə görüşündə çıxış edən dövlət və hökumət başçıları da Azərbaycan Prezidentinin təşəbbüsünü çox yüksək qiymətləndirib və hazırkı şəraitdə əməkdaşlığın genişləndirilməsi üçün vacib təkliflər irəli sürüblər:
"Sammitin sonunda qəbul olunan Bəyannamədə əksini tapan məqamlar bu baxımdan əhəmiyyətlidir. Prezident İlham Əliyevin bu təşəbbüsü bütövlükdə beynəlxalq birlik üçün bir nümunədir. Çünki dünyanın üzləşdiyi qlobal problem dövlətlərin və xalqların birgə əməkdaşlıq səyləri nəticəsində aradan qaldırıla bilər. Türk Şurasının fövqəladə Zirvə görüşü bu baxımdan böyük məna kəsb edir. Bu hadisə, həmçinin türkdilli ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir".