Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 08:48
Huawei şirkəti təkcə smartfonlar və məişət texnikası ilə tanınmır. Belə ki, şirkət həmçinin rəqəmsal cihazlar üçün müxtəlif komponent istehsalı ilə də məşğul olur. Verilmiş yeni məlumata əsasən Huawei tədqiqat mərkəzi yaradır və nəticədə həmin tədqiqat mərkəzi yeni videokartların istehsalı ilə məşğul olacaq. Gözləntilərə əsasən şirkətin istehsal edəcəyi videokartlar Nvidia şirkətinin məhsulları ilə rəqabət aparacaq.
Bu barədə GSMarena saytı xəbər verib. Məlumata əsasən Huawei şirkətinin ilk videokart modelləri data mərkəzlərdə, bulud hesablama sistemlərində və neyroşəbəkə funksiyalarının reallaşdırılmasında istifadə olunacaq. İnsayderlər qeyd ediblər ki, şirkət artıq yaxşı server həllərinə sahib Nvidia əməkdaşları ilə danışıqlar aparır.
Məlumata əsasən Huawei öz GPU-nu hələ 2012-ci ildən bəri hazırlayır. Beləliklə şirkət bütün bu illər ərzində yeni videokart modellərinin təqdim olunması üçün təməl baza yaradırdı. Misal üçün Huawei Kunpeng 920 adlı server prosessorlarını və Ascend 910 adlı neyron hesablama modullarını istehsal edir. Huawei şirkətinin videokart modellərinin nə zaman təqdim olunacaqları və necə adlanacaqları barəsində bir məlumat yoxdur.