Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 22:24
Dünyanın nəhəng şirkətləri Azərbaycanla işləmək istəyirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə bildirib.
Dövlət başçısı vurğulayıb:
"Hesab edirəm ki, bizim bu ilin əvvəlindən beynəlxalq müstəvidə də fəaliyyətimiz uğurludur. Mənim Davos Forumunda və Münxen Konfransında iştirakım, hesab edirəm ki, çox müsbət nəticələrə gətirib çıxarıb. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli beynəlxalq iqtisadi tədbiridir və dünyanın siyasi, iqtisadi elitası orada iştirak edir. Mən Azərbaycana böyük marağı bir daha gördüm, bunun şahidi oldum. Dünyanın nəhəng şirkətləri Azərbaycanla işləmək istəyirlər. Növbəti addımların atılması və yeni razılaşmaların imzalanması üçün yaxşı şərait yaradılmışdır. Davos Forumunda keçirdiyim bir çox görüşlər konkret nəticəyə gətirib çıxarır. Azərbaycana sərmayə qoyulur, böyük şirkətlər Azərbaycanla daha fəal əməkdaşlıq edir və sair.
O ki qaldı, Münxen Təhlükəsizlik Konfransına, bu da dünya miqyasında təhlükəsizliklə bağlı bir nömrəli konfransdır. Bu dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Çünki bu auditoriya milyonlarla insanı əhatə edir. Nəzərə alsaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri canlı efirdə debatda idilər. Bu debatlara çox böyük maraq var idi. Bu, bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Bizim sözümüz isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Ona görə Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və bunların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq.
Ona görə hesab edirəm ki, həm münaqişə ilə bağlı, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir bizim böyük uğurumuzdur. Azərbaycan xalqı mənə göndərilən on minlərlə mesajlarda, məktublarda öz dəstəyini bir daha ifadə etmişdir".