Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 14:02
Koronavirus pandemiyası paytaxtda mənzillərin qiymətinin ucuzlaşmasına səbəb olub.
Belə ki, ötən illərin müvafiq dövrü ilə müqayisədə indi qiymətlər nisbətən aşağıdır. Bu, həm təkrar, həm də ilkin mənzil bazarında müşahidə olunur.
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Nüsrət İbrahimov - Ekspert: "Əvvəlki illər adətən mart ayının sonlarına yaxın, yəni 3-cü dekadasında qiymətlər artıma doğru hərəkət edərdi. Lakin bu il isə azalma ilə müşahidə edilir. Və bu azalma, təbii ki, məlum hadisələrlə bağlı, dünyada tüğyan edən xəstəliklərlə bağlıdır".
Mənzillərin qiyməti aşağı düşsə də, hazırda bazarda alıcı qıtlığı müşahidə olunur.
Nofəl Quliyev - Ekspert: "Yəni qiymətlər ucuzlaşsa belə, hamı evdə qal kampaniyasına riayət etməklə, mənzil alışını müəyyən vaxta qədər, demək olar ki, dondurublar".
Ekspertlərin sözlərinə görə, mövcud vəziyyət koronavirus pandemiyası ilə yanaşı, neftin qiymətinin aşağı düşməsi ilə də bağlıdır. Xüsusən də bugünlərdə tətbiq edilən sosial izolyasiya tədbirləri həm şirkətlərin, həm də insanların gəlirlərinə mənfi təsir göstərib".
Xalid Kərimli - İqtisadçı: "Sosial karantin tədbirlərinin nə qədər davam edəcəyi də hələ sual altındadır. Hərəkət məhdudiyyətlərinin tətbiq olunduğu indiki məqamda insanlar daha çox əllərində olan resursları nəğd pul şəklində saxlamağa meyillidilər. İnsanlar psixoloji olaraq, daşınmaz əmlaka investisiya qoymağa çəkinirlər".
Hazırda bazarda real alıcı az olsa da, bəzi mənzil satanlar qiymətləri endirmək istəmirlər. Ümid var ki, pandemiyadan sonra qiymətlər əvvəlki vəziyyətə qalxacaq. Amma ekspertlər bir müddət də mənzil bazarında alıcılığın əvvəlki həddə qalxmayacağı fikrindədir.