Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 08:12
Naxçıvanın ərazisində qədim dövrlərdən bəri bir çox sayda memarlıq abidəsi mövcuddur. Bu abidələrdən biri də Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə abidəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən bu abidə orta əsrlər zamanı əhalinin və şəhərin ticarət-iqtisadi həyatında mühüm rol oynayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, müəyyən aşınmalara məruz qalsa da, zəmanəmizədək, əsasən salamat vəziyyətdə gəlib çatan, bu gün isə tam bərpa edilərək xalqımıza qaytarılan Qeysəriyyə abidəsi şəhərin mərkəzində, Dübəndi çayının sol sahilində, Came məscidinin lap yaxınlığında yerləşir. Bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadratmetrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası ölçüsü 10x10 metr olan mərkəzi səkkizbucaqlı zaldan və onun üstünü - tavanını qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Bişmiş kərpicdən hörülən divarların qalınlığı 80 santimetrdir. Mərkəzi günbəz də daxil olmaqla, abidənin hündürlüyü 8,5 metrdir.
Qeysəriyyələr orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən bazarlar qrupuna daxil idi. Bəzən "Bədistan" da adlanan bu abidələr üstüörtülü bazarlar tipinə aiddir. Bu bazarlarda, əsasən, xarici ölkələrdən gətirilmiş və ölkə sənətkarları tərəfindən hazırlanmış bahalı mallar, xüsusilə daş-qaş, cavahirat satıldığından onlara əhali arasında "Şah bazarı" da deyilirdi. Qaynaqlardan məlum olur ki, orta əsrlər zamanı hər şəhərdə Qeysəriyyə olmayıb. Məsələn, XVII əsrdə Mərənd şəhərində 3 min ev, 7 məscid, 3 karvansara, 5 hamam, 600 dükan, 70-ə qədər gəzməli xiyaban olsa da, orada Qeysəriyyə yox idi.
Orta əsrlərdə qeysəriyyələr, əsasən, ticarət-iqtisadi cəhətdən əhəmiyyətli şəhərlərdə fəaliyyət göstərdiyi üçün çox da böyük olmayan Ordubad şəhərində Qeysəriyyənin inşa edilməsi diqqəti cəlb edir. Bu, Ordubad şəhərinin Səfəvilər dövründə siyasi və ticarət-iqtisadi nüfuzunun artması ilə izah olunmalıdır. Çünki Ordubad şəhəri Səfəvilərin hakimiyyəti dövründə xüsusi statusla daim Səfəvi şahlarının diqqət və qayğısı ilə əhatə olunub. Hətta Səfəvi hökmdarı I Şah Abbas 1604-cü ildə fərman verərək Ordubad şəhər əhalisini xəzinəyə ödəniləcək bir sıra vergilərdən azad etmişdi. I Şah Abbas özü bir neçə dəfə Ordubadda olub, gözəl havası, dadlı meyvələri, təmiz suyu ilə seçilən bu şəhərdə və bəzi şəhərətrafı kəndlərdə gəzib istirahət edib. Məhz buna görə də göstərilən qayğının nəticəsi olaraq XVII əsrdə, I Şah Abbasın zamanında burada Qeysəriyyə binası inşa olunub.
Şərq memarlığında nadir abidələrdən olan Ordubad Qeysəriyyəsi uzun müddət tarixi və memarlıq ədəbiyyatında Zorxana binası kimi qələmə verilib, hətta sovet hakimiyyəti illərində cənubdan giriş qapısının yanında onun Zorxana binası olduğunu və tarix-mədəniyyət abidəsi kimi qorunduğunu bildirən lövhə vurulmuşdu. Akademik Ə.Salamzadə yazır ki, xalq arasında "Qeysəriyyə" adı ilə tanınması belə bir mülahizəni irəli sürməyə imkan verir ki, ola bilsin, bu binadan yalnız sonralar zorxana kimi istifadə olunub.
Yerli əhalinin söylədiyinə görə, zorxana kimi fəaliyyət göstərdiyi zaman binanın döşəməsinə səliqə ilə gəvən kolları düzərək üstünə narın torpaq tökərmişlər. Bundan sonra İrandan, Osmanlı dövlətindən və başqa yerlərdən gələn pəhləvanlar burada güləşərmişlər. Qalib gələn pəhləvan hücrədə əyləşən xandan mükafat olaraq bir kisə qızıl alarmış. XIX yüzillikdə Qeysəriyyə binasından müxtəlif məqsədlərlə istifadə olunub, orada ipəksarıyan sex fəaliyyət göstərib. Bu vəziyyət sovet hakimiyyəti illərində davam etdirilib. Həmin vaxt bina daxildən hissələrə bölünərək anbar, aşxana, mağaza kimi istifadə olunub. Bir müddət Came məscidində yerləşən Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə Qeysəriyyə binasına köçürülüb.
Zaman keçdikcə müəyyən aşınmalara məruz qaldığından Qeysəriyyə binasının bərpasına ehtiyac yaranıb. 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə Qeysəriyyə binasında əsaslı bərpa və təmir işləri aparılıb. Binanın dam örtüyü təmir olunub, köhnə şəbəkələr yeniləri ilə əvəz edilib, 200 kvadratmetr şəbəkə sistemi işlənib. Həmçinin binanın daxili divarları bərpa olunaraq naxışlı kərpiclərlə bəzədilib. Binada fəaliyyət göstərəcək Tarix-Diyarşünaslıq Muzeyi üçün fond otağı, əməkdaşlar üçün iş otaqları yaradılıb, ekspozisiya zalına uyğun işıqlandırma sistemi quraşdırılıb, fərdi qazanxana yaradılıb, abidənin ətrafı abadlaşdırılıb. Bərpa işləri başa çatdırıldıqdan sonra abidənin dövlət səviyyəsində açılışı olub. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: "Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar".
Yüksəksəviyyəli bərpa işləri və açılış mərasimindən sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi yenidən Qeysəriyyə binasında öz fəaliyyətini davam etdirməyə başlayıb.