Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalqımız yumşaldılma tədbirlərinə baxmayaraq, tətbiq olunan qaydalara ciddi riayət etməlidir''

''Xalqımız yumşaldılma tədbirlərinə baxmayaraq, tətbiq olunan qaydalara ciddi riayət etməlidir''

Tarix: 26 Aprel 2020 10:24

Prezident İlham Əliyev keçirdiyi son müşavirələrdə bir daha qeyd etdi ki, Azərbaycan hökuməti üçün vətəndaşların sağlamlığı bütün məsələlərdən üstün və əsasdır. Karantin rejimi mayın 4-dək uzadılsa da, ötən gün Nazirlər Kabinetinin qərarı əsasında yumşalma göstərir ki, ölkəmizdə pandemiya tam nəzarətə götürülüb. Xalqımız yumşaldılma tədbirlərinə baxmayaraq, tətbiq olunan qaydalara ciddi riayət etməlidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, ötən gün qəbul edilən yumşalma tədbirləri nəticəsində aprelin 27-dən etibarən bəzi iş və xidmət sahələrinin fəaliyyətinə dair məhdudiyyətlər aradan qaldırılır:

"Lakin atılan addımlar insanlarda arxayınlıq yaratmamalıdır. Ölkə başçısının da qeyd etdiyi kimi, əgər vəziyyət mənfi istiqamətə gedərsə, yenidən qərarların sərtləşdirilməsi mümkündür".

Ekspert söyləyib ki, ölkədə koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində görülən genişmiqyaslı tədbirlərin əsas məğzini əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir:

"Məhz buna görə də, dövlətimiz hər zaman olduğu kimi, pandemiya dövründə də vətəndaşların sağlamlığı ilə yanaşı, rifah halının yaxşılaşdırılması, eləcə də ölkə iqtisadiyyatının sabitliyini təmin etmək üçün bütün imkanlardan istifadə edir".

B.Quliyev qeyd edib ki, martın 31-dən Azərbaycanda tətbiq olunan ciddi karantin rejimi, aprelin 5-dən isə insanların çölə çıxmaması istiqamətində həyata keçirilən məhdudlaşdırıcı tədbirlər ölkəmizin qlobal pandemiyadan az itki ilə çıxmasında xüsusi əhəmiyyətli oldu:

"Son günlərin statistikasında sağalanların sayının yoluxanlardan çox olması bunun əyani sübutudur. Bununla yanaşı, pandemiyanın lokallaşdırılması istiqamətində aparılan dezinfeksiya, insanların koronavirusdan qorunması istiqamətində həyata keçirilən məlumatlandırma işləri, eləcə də digər addımlar nəticəsində ölkəmizdə yoluxanların sayının azalması bir daha göstərdi ki, Azərbaycan koronavirusla mübarizədə düzgün yolu seçib".

Ekspert vurğulayıb ki, burada səhiyyə, polis və digər qurumların fəaliyyətini də qeyd etmək lazımdır:

"Hesab edirəm ki, xalqımız yumşaldılma tədbirlərinə baxmayaraq, yenə də ən yüksək xüsusiyyəti olan həmrəylik, birlik göstərməli, tətbiq olunan qaydalara ciddi riayət etməlidir. Əgər belə davam edərsə, dövətimiz və xalqımız tezliklə bu bəladan az itkilərlə, birdəfəlik qurtulacaq. Əsas odur ki, müxtəlif tədbirlər nəticəsində pandemiya tam nəzarətə götürülüb. Amma lazım gəldiyi təqdirdə karantin rejiminin uzadılması və ya sərtləşməsi də qaçılmazdır".


Etiketlər:  Xalqımız yumşaldılma tədbirlərinə baxmayaraq tətbiq olunan qaydalara ciddi riayət etməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ