Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Amazon''a qədər 25 şirkətdən ''yox'' cavabı aldım” - Uğur hekayəsi - FOTO

''Amazon''a qədər 25 şirkətdən ''yox'' cavabı aldım” - Uğur hekayəsi - FOTO

Tarix: 26 Aprel 2020 21:30

Vasif Əbilov: "Amerikada "yox" cavabı almaq faciə hesab edilmir"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Nəyi çox istəyisənsə, gec və ya tez sənin olur" kimi bir yanaşması var. Xüsusilə vurğulayır ki, burda söhbət istəməkdən yox, çox istəməkdən gedir. "Amazon" kimi böyük şirkətdə işləmək hədəfi olur və bunu çox istəyir. "Bunun üçün çalışdım, "yox" cavabı aldığımda həvəsdən düşmədim və nəticədə məqsədimə nail oldum" - deyən müsahibimiz "Amazon" şirkətində hesabat analitiki vəzifəsində çalışan azərbaycanlı gənc Vasif Əbilovdur.

- Vasif bəy, bakalavr təhsiliniz vergi, magistr isə maliyyə ilə bağlıdır. Hər iki təhsilə başlayan zaman indi çalışdığınız mühasibatlığı seçmək imkanı olub. Bəs niyə seçməmisiniz?

- Çünki biz universitetə qəbul olduğumuz illərdə ən prestijli, qəbul balı yüksək olan ixtisaslar vergi və maliyyə idi. O vaxt işin nə olduğunu detallı bilməsək belə, ən yüksək bal tələb olunan ixtisasları seçməyə çalışırdıq. Mən İqtisad Universitetində vergi sahəsi ilə bağlı ixtisasa qəbul oldum. İkinci kursda oxuyanda universitetin Xüsusi İstedadlar Qrupunda (XİQ) təhsil almaq imkanı qazandım. XİQ-də təhsil aldığım müddətdə maliyyəyə yönəldim. Həmin dövrdə məndə həm də mühasibatlığa maraq yaranmışdı. Ona görə magistrda dəyişiklik edib maliyyə üzrə oxudum. Daha sonra isə, ümumiyyətlə, mühasibatlığa yönəlmək qərarı verdim.

- Azərbaycanda magistr təhsilini başa vurandan sonra Amerikaya köçmüsünüz. Bu da magistr təhsili məqsədi ilə bağlı olub. Bu təhsil hansı istiqamətdə idi?

- Bakıda aldığım magistr təhsili maliyyə idi, ancaq sonra o sahənin də elə də çox marağımda olmadığı qənaətinə gəldim. Mühasibatlıq üzrə davam etmək qərarı verdim. Mən Amerikada çalışmaq istədiyim üçün burda mühasibatlıqla bağlı təhsil almalıydım. Məsələn, Bakıda şirkətlər bizim sahədə olan kadrları işə götürəndə ACCA, Amerikada isə CPA sertifikatlarına baxırlar. Düzdür, hələ Amerikada o sertifikatı almamışam, amma imtahanlar, hazırlıqlar gedir.

- Mühasibatlıq işini çətin, qəliz, yorucu adlandıranlar da çox olur. Bu sahədə sizə maraqlı gələn nə idi?

- Mühasibatlıq işini görmədən, iş mühitinin içində olmadan bu sahəni sevib-sevmədiyini deyə bilməzsən. Nəzəriyyədə bu sahə kiməsə çətin, kiməsə asan gələ bilər. Bu səbəbdən, praktikanı görmək vacibdir. Mühasibatlıqda mənə ən xoş gələn məsələ hesabatda gördüyümüz sonuncu rəqəmi əldə edənə qədər keçilən yollardır. Bu müəssisə tarix olaraq özünü necə göstərib, bu rəqəmlər necə əldə olunub? Bu kimi xırda detallar mənim üçün iş prosesini maraqlı edir.

- Ancaq "Rəqəmlər adamı yorur" kimi cümləni də tez-tez eşidirik.

- O da düzdür, amma bu, hamı üçün belə ola bilməz axı. Şəxsən mənim üçün elə deyil. Mən orta məktəbdə də oxuyanda riyaziyyata həvəsli idim. Rəqəmlər üzərində işləməkdən zövq alıram.

- Amerikaya yerləşmək, iş tapmaq prosesi necə oldu?

- Tələbə vaxtı "Work and travel" proqramı ilə Amerikada işləmişdim deyə, sosial nömrəm var idi. Mən Amerikaya təhsil imkanı qazanıb köçməmişdim. Turist kimi gəldim, sonra təhsil üçün müraciət etdim. 2013-də gəldim, 2014-cü ildə "Green card" qazandım. Ona görə Amerikaya yerləşmək, yaşamaq icazəsi almaq çətin olmadı. Sənədlərin müəyyən hissəsi hazır olanda, digərlərini rahat həll edə bilirsən.

İş prosesinə gəlincə, ilk olaraq azərbaycanlı dostlarımın biznesində çalışdım. Yarım il sonra bir dostumla elektronika təmiri və servisi ilə bağlı biznes qurduq. Bir il sonra isə biznesi tək idarə etməyə başladım. Bu səbəbdən Amerikaya yeni gəldiyimdə iş axtarmadım. Mən gələn illərdə iş tapmaq çətin deyildi, iqtisadiyyat yaxşı idi. Bir müddət öz işimi idarə etdikdən sonra artıq öz sahəm üzrə çalışmaq qərarı verdim.

- Dediniz ki, bu sahəni sevib-sevmədiyini müəyyənləşdirmək üçün iş prosesi ilə yaxından tanış olmaq önəmlidir. Sizin mühasibatlıqla tanışlığınıza gələk. İlk işiniz hansı oldu?

- Amerikada hər kəs il sonunda nə qədər qazandığı və nə qədər vergi ödədiyi ilə bağlı dövlətə hesabat göndərməlidir. Amerikaya köçəndə, özümlə bağlı olan hesabat işlərini özüm hazırlayırdım. Vergi və mühasibatlıqla tanışlığım özüm və işimlə bağlı olan işləri görməklə oldu. Müəyyən müddət sonra tibb işçilərini yerləşdirməsi ilə məşğul olan "Dependable Staffing Agency"də mühasibatlıq işinə başladım. Bu sahədəki ilk iş mənim üçün böyük təcrübə oldu. Belə ki həmin şirkətdə son 3 ildə hesabat aparılmamışdı. Mənim işim son 3 ilin hesabatını təmizləmək və əsl rəqəmləri ortaya çıxarmaq idi. O zaman iş mənə maraqlı gəldi və burda davam etmək qərarı verdim. Sonra otelləri idarə edən "StayPineapple" menecment şirkətində mühasibatlıq işinə keçdim. 3 otelin mühasibat işini aparırdım. Növbəti iş yerim isə "Amazon"dur.

- Azərbaycanda işləməmisiniz?

- Ümumilikdə, karyera baxımından yanaşanda, Azərbaycanda işləməmişəm. 4 il bakalavr, 2 il magistr oldu. Təhsil aldığım müddətdə iki il yay tətilini "Word and travel" proqramı ilə Amerikada işləməklə keçirdim. Tələbə vaxtı Azərbaycanda bank sektorunda təcrübə xarakterli işlərim olub. Magistr təhsilimi başa vuran ay Amerikaya köçdüm. Ona görə Azərbaycanda işləmək imkanım olmayıb.

- "Amazon"a işə düzəlmək prosesindən də danışaq. Çətin idi?

- "Amazon" kimi böyük şirkətlərə işə qəbul prosesi heç də asan olmur. İşə qəbul standartları yüksəkdir, proses müəyyən qədər vaxt aparır. Hər sahəyə görə, bu prosesdə yəqin ki  fərqlilik var. Məndə işə müraciət edəndən sonra 3 telefon müsahibəsi oldu. Sonra 6 saatlıq müsahibə üçün ofisə dəvət etdilər. Beş fərqli insanla görüşdüm, bir insanla isə günorta yeməyinə getdim. Günorta yeməyi müsahibədə verə bilmədiyimiz dostyana sualları ünvanlamaq üçündür. Sonra maaşı və s. izah edirlər, razılaşsan, qəbul edirsən.

- Böyük şirkətlərdə işə düzələnə qədər kadrların aldıqları "yox" cavabları da az olmur. Bir az da aldığınız "yox"lardan danışaq.

- Real yanaşmaq lazımdır, indi "Amazon"da işləyirəm deyə, "1000 təklif var idi, özüm bu şirkəti seçdim və s." deyə bilmərəm (gülür). Elə söhbət yoxdur. Mühasibatlıqla bağlı Amerikada işlədiyim ilk şirkətdən sonra artıq fərqli şirkətlərə iş üçün müraciət etməyə başladım. Onlardan biri də "Amazon" idi. Həmin dönəmdə 25 şirkətdən "yox" cavabı aldım. Otelləri idarə edən "StayPineapple" şirkətində işə qəbul oldum. Ancaq "Amazon"un işə qəbulla bağlı prosesi davam edirdi. Qeyd etdiyim kimi, bu şirkətdə işədüzəlmə prosesi müəyyən vaxt tələb edirdi, "hə" deyilənə qədər 3 ay vaxt getdi. Həmin 3 ayı mən "StayPineapple" şirkətində çalışdım. "Amazon"dan təklif gəldiyində, o işdən çıxdım.

Deyim ki, "e-mail"də inbox-da ayrıca qovluq yaratmışdım. Bütün "yox" aldığım müsahibə cavablarını orda saxlayırdım.

- "Yox"ların səbəbi nə idi?

- Hamısında ortaq səbəb kifayət qədər təcrübəmin olmamağı idi. Təbii ki mən təcrübəsiz deyildim, ancaq müraciət etdiyim işlər üçün təcrübəsiz sayılırdım. Bunun səbəbi də var idi. Belə ki mən çox asanlıqla görə biləcəyim işlərdə də çalışmaq istəmirdim. Bu zaman iş mənim üçün cansıxıcı olur. Rəqabətli mühitdə, məndən çox bilənlərin olduğu komandada çalışmaq istəyirdim. Bu zaman yeni şeylər öyrənmək, yüksəlmək üçün daha yaxşı imkan olur. Hamıdan yaxşı bilib bütün günü cansıxıcı iş görməyin mənası yoxdur. Ona görə həmişə bacardığımdan bir mərhələ yüksək yerlərə müraciət edirdim. Təbii ki çoxundan da "yox" cavabı alırdım. "Amazon"dan "hə" cavabı alandan sonra o "yox"lar təcrübə kimi qaldı.

Onu da qeyd edim ki, Amerikada "yox" cavabı almaq faciə hesab edilmir. Söhbət böyük şirkətlərdən gedir. Proses o qədər sürətli gedir və bir işə müraciət edənlər o qədər çox olur ki, sən bu "yox"u faciə kimi qəbul etmirsən. Şirkətə 2 kadr lazımdır, elana 2-3 min nəfər müraciət edir. Onların çoxu da proqramlar vasitəsilə ələnir. Əgər sənin CV-in müraciət etdiyin işə kifayət qədər uyğun deyilsə, o proqramların ələnmə prosesindən keçmə şansın olmur. Ona görə burda "yox" cavabı almaq normaldır. Bu, heç də həvəsdən düşməyə səbəb olmur. Əksinə, müsahibələrə öyrənmə mərhələsi olur. "Yox" aldıqca CV-ni daha da təkmilləşdirirdim, verilən suallara cavablarımı, yanaşmamı dəyişirdim. Aldığım həmin "yox" cavabları "Amazon"un müsahibəsində mənə çox kömək oldu, çünki hazırlıqlı idim.

- Getdiyiniz ilk dönəmlərdə ABŞ-da biznes qurmusunuz. Maraqlıdır, indi öz biznesinizi qurmaq fikriniz var?

- Növbəti hədəflərimdən biri də budur. Ancaq hazırda işi idarə etmək üçün lazım olan təcrübəmin kifayət qədər olmadığını düşünürəm. Ona görə indi o riski etmək istəmirəm. ABŞ-a yeni gəldiyimdə qurduğum biznes bir növ dolanmaq, xərclərimi qarşılamaq üçün pul qazanmaq məqsədli idi. Bu dəfə isə daha yaxşı məqsədlərlə qurmaq istəyirəm. Hazırda lazım olan təcrübəmi toplamağa çalışıram. O vaxtı heç bir qorxum yox idi, deyirdim ki, uzağı batacaq, gedib hardasa işləyəcəm. O baxımdan risk etməsən, alınmır. Subay idim, lazım olan bir adamın yeməyi idi, onu da tapmaq olurdu (Gülür). Ətrafda dostlar da çox idi. Əsl risk etmək vaxt idi. İndi ailəliyəm, övladım var. Ona görə, bir az daha planlı addım atmalıyam.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurlu olmağın sirri nədir?

- Karyerada uğur qazanmaq asandır, çətin və edilməyəcək bir şey deyil.

İlk olaraq deyim ki, nəyi çox istəyisənsə, gecə və ya tez sənin olur. Bu yanaşmayla düşünmək lazımdır. Əgər sən "Ferrari" sürməyi çox istəyirsənsə, mütləq buna nail olacaqsan. Söhbət istəməkdən yox, çox istəməkdən gedir. 

Təbii ki yalnız istəməklə də olmur. Həm də bu istək üçün çox çalışmaq vacibdir.

Bir də heç vaxt həvəsdən düşmək olmaz. Məqsədə gedən yolda müəyyən mərhələlər olur, onları keçmək lazımdır. Bu zaman təbii ki çətinlik də, alınmayan məqamlar da olacaq, çoxlu "yox" cavabları alacaqsan. Yenə də vaz keçmək olmaz. Davamlı şəkildə istəmək lazımdır.

İstiqamətin düzdürsə, istəyin kifayət qədərdirsə, ona yüz faiz çatacaqsan.

"Amazon" kimi böyük şirkətdə işləmək hədəfim var idi və mən bunu çox istəyirdim. Bunun üçün çalışdım, "yox" cavabı aldığımda həvəsdən düşmədim və nəticədə buna nail oldum. Ancaq deyim ki, "Amazon"da işləmək mənə görə uğur deyil. Uğur, işi görərkən hansısa dəyişiklik etməkdir. Uğur "Amazon"a hansısa məhsulu yaratmaq, onun insanlara, şirkətə faydasının dəyməsi olardı.

Milli.Az


Etiketlər:  Amazona qədər şirkətdən cavabı aldım Uğur hekayəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ