Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 12:12
Bakı. Elçin Mehdiyev - Trend:
Gənclər Fondunun 12-ci qrant müsabiqəsi elan olunub.
Trend-in məlumatına görə, bunu Fondun icraçı direktoru Fərid Cəfərov deyib. O bildirib ki, bu qrant müsabiqəsi çərçivəsində gənclər təşkilatlarının yerli və xarici layihələrinin maliyyələşdirilməsi həyata keçiriləcək.
F.Cəfərovun sözlərinə görə, bu layihələrin prioritet mövzuları elan olunacaq və gənclər artıq bu gündən etibarən fonda müraciət edə biləcəklər:
"Bildiyiniz kimi, Prezidentin müvafiq göstərişi ilə xaricdə gənclərin magistr pilləsi üzrə təhsil almasının maliyyələşdirilməsi də Gənclər Fonduna həvalə edilib. 23 may tarixində müvafiq elan verilib və bu istiqamətdə nəzərdə tutulan işlər barəsində müşahidə şurasına hesabat veriləcək”.
Fondun icraçı direktoru vurğulayıb ki, 12-ci qrant müsabiqəsi sırf gənclər təşkilatlarına şamil olunacaq:
“Fərdi gənclərin layihələri ilə bağlı müsabiqənin də yay aylarında artıq elan edilməsi nəzərdə tutulur. Əsas kriteriyalar ənənəvi mövzularla yanaşı, risk qrupunda olan gənclərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəyə ehtiyacı olan gənclərlə bağlı iş və s. proqramlardır. Fondun akkreditasiya sistemindən qeydiyyat keçmiş bütün qeyri-hökümət gənclər təşkilatları öz layihələri ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər”.
Əməkhaqları barədə məlumat verən Fond direktoru üstünlüyün sosial müdafiəyə ehtiyacı olan gənclərə verildiyini də diqqətə çatdırıb:
“İş axtaran, iş təcrübəsi olmayan gənclər və müəyyən kateqoriyaya daxil olan regionlarda yaşayan gənclər də bura daxildir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin