Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 13:54
Mayın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə iki məsələ var.
Birinci məsələ "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilib. "Təhsil haqqında" Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. "Dövlət rüsumu haqqında" Qanuna təklif olunan dəyişikliklər isə "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.
Komitə sədri bildirib ki, ikinci qanun layihəsi "Hərbi qulluqçuların statusu haqqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi (üçüncü oxunuş) barədədir.
Qeyd olunub ki, ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi ilə Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli fərmanı ilə "Elmi dərəcələr verilməsi qaydası haqqında" və "Elmi adlar verilməsi qaydası haqqında" əsasnamələr təsdiq edilib. Həmin əsasnamələrdə elmi dərəcələr və adların verilmə qaydası, xarici ölkələrdə verilmiş elmi dərəcə və adların nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə kimi məsələlər və şikayətlərə baxılma proseduru öz əksini tapıb. Mövcud layihə yuxarıda qeyd olunan fərmanla əlaqədar və müvafiq qanunvericiliyə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.
Onlayn iclasda çıxış edən komitə üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov və Aqiyə Naxçıvanlı müzakirə olunan məsələlərə münasibət bildiriblər, layihələri yüksək qiymətləndiriblər. İclasda komitə üzləri Musa Qasımlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım iştirak ediblər.
İclasın sonunda gündəlikdəki hər iki məsələ yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.