Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vüqar Rəhimzadə: Ölkə Prezidenti korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün bir-birindən əhəmiyyətli addımlar atır

Vüqar Rəhimzadə: Ölkə Prezidenti korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün bir-birindən əhəmiyyətli addımlar atır

Tarix: 4 May 2020 17:06

Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri ilk olaraq vətəndaş-dövlət birliyinin, həmrəyliyinin zəruriliyi məsələsini aktuallaşdırdı. Dövlətimizin başçısı İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına uyğun olaraq ayrı-ayrı dövlət qurumları, idarə və müəssisələr, sahibkarlar, sadə iş adamları öz birliklərini əməli fəaliyyətləri ilə təsdiqləməyə səy göstərdilər.

Bu həmrəylik insanların evdə qalıb özlərini, ətraflarını infeksiyadan qorumaqla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkan daxilində ianələrin köçürülməsində, həmçinin ehtiyacı olan insanlara, kimsəsizlərə, o cümlədən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə maddi yardımların göstərilməsində də özünü büruzə verdi. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birillik əməkhaqlarını ilk olaraq Fonda köçürmələri hər bir dövlət məmuruna xalqın yanında olmağa, onların qayğıları ilə maraqlanmağa, ən əsası vətəndaş amilinə yüksək dəyər verməyə bir çağırış idi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında daim bu məqam öz əksini tapır ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Onların sağlamlığının təminatı, sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsiz şəraitdə yaşamaları prioritetdir.

Milli.Az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, koronavirus pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir:

"Tədbirlərə başlandığı gündən indiyədək atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, məqsəd insanların sağlamlığını təmin etmək, eyni zamanda, bu bəladan minimum itkilərlə çıxmaqdır. Amma təəssüflər olsun ki, belə çətin günlərdə öz maraqlarını düşünən, dövlət strukturlarında çalışıb, dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar da var. Dövlətimizin sosial dəstək tədbirlərindən öz şəxsi mənafeləri üçün bəhrələnməyin təbii ki, bir adı var - vicdansızlıq və xəyanət. Cənab İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən də əsas diqqət göstərdiyi məsələlərdən biri məhz bu olmuşdur. Dövlətimizin başçısı bildirmişdir:

"Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır. Vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə formalaşdırılması bütün dövrlər üçün aktual olub. "Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır" söyləyən cənab İlham Əliyev dövlət məmurlarına bu çağırışı edir ki, onlar yaddan çıxarmamalıdırlar ki, xalq üçün işləyirlər, xalqın xidmətçiləridir. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır".

Baş redaktor vurğulayıb ki, mənfi mənzərə ilə üzləşəndə dövlətimiz daim ciddi tədbirlər görür, günahkar məmurlar cəzalandırılır:

"Cənab İlham Əliyevin son zamanlar yeni təyin olunmuş icra başçıları, həmçinin digər strukturların rəhbərləri ilə görüşlərində verilən tapşırıqlara diqqət yetirmək kifayətdir. "Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun" çağırışını edən ölkə Prezidenti müstəqilliyimizin böyük sərvətimiz olduğunu hər zaman onların diqqətinə çatdırır. Təbii ki, dövlətçilik maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyi əsasdır. Dövlətini, xalqını düşünən, ən əsası dövlət idarəçiliyində irəli çəkilmənin, tutduğu vəzifənin məsuliyyətini dərk edən kəs öz cibinə yox ona göstərilən etimadı doğrultmağa çalışacaq. Şübhəsiz, bu gün icra orqanlarında vəzifəsindən sui-istifadə edərək rüşvətxorluğa, korrupsiyaya bulaşmış məmurlarla yanaşı, öz işini yüksək səviyyədə, vicdanla yerinə yetirən, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanlar da var. Onların fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və bu gün də dəyərləndirilir".

Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün biri-birindən əhəmiyyətli addımlar atır. Bu gün "ASAN xidmət", DOST layihələrinin uğurlu icrasında da məqsəd şəffaflığın qorunması, süründürməçilik hallarına son qoyulması, vətəndaş məmnunluğunun artırılmasıdır. Prezident İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının, həmçinin açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının uğurlu icrası da bu istiqamətdə işlərin davamlılığına, problemin həllinə diqqətin təsdiqidir.

"Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin pandemiyanın müharibə kimi qəbul olunduğu bir zamanda xeyli şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində həbs olunanlar sırasına təəssüf ki, Ağstafa, Yevlax, Neftçala rayonlarının ardınca Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı da daxil olmuşdur",- söyləyən V.Rəhimzadə bildirib ki, cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq, hələ də belə halların mövcudluğu ikrah doğurur, bu yolu tutanlar vətəndaşlıq məsuliyyətindən və təəssübkeşliyindən nə qədər uzaq olduqlarını nümayiş etdirirlər. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı dövlətin mənafeyinə ciddi zərbə vurmuş, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəmişdir.

Baş redaktor vurğulayıb ki, cənab Prezident İlham Əliyev qeyd etdiyimiz videoformatda qəbulda da bu kimi hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini önə çəkərək bildirmişdir ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq:

"Təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da belə hallarla bağlı siqnallar var və onlar araşdırılır. "Vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır" söyləyən dövlətimizn başçısı İlham Əliyev pul verib vəzifəyə gələn adamın ilk növbədə neyləyəcəyini də diqqətə çatırmışdır: "Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. İslahatları yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirən cənab İlham Əliyev bildirmişdir ki, digər sahələrdə olduğu kimi, hüquq mühafizə orqanlarında da islahatlara böyük ehtiyac var".

V.Rəhimzadə qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisini təyin etməsi də ölkəmizdə korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyev videoformatda qəbulda bu inamı ifadə etmişdir ki, iş təcrübəniz və peşəkarlığınız imkan verəcək ki, mənim bu göstərişlərimin icrası təmin edilsin. Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, islahatlar prosesinin bütün sahələri əhatə etməsi ölkəmizin hərtərəfli inkişafının prioritetliyini təsdiqləyir:

"Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmil islahatlar da deyilənlərin təsdiqidir. Mühüm addımlardan biri ölkədə icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında körpünün yaradılmasıdır. Bu əlaqələndirməni isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqəlar şöbəsi həyata keçirir. Hər bir yenilik, təkmilləşmə inkişafın dayanıqlığına təminatdır. Siyasi partiyalarla qanunvericilik hakimiyyəti arasında əlaqələrin birliyinin formalaşdırılması aparılan təkmil siyasi islahatların göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək belə bir əminliyi iifadə etmişdir ki, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar davam etdirələcək".

Milli.Az


Etiketlər:  Vüqar Rəhimzadə Ölkə Prezidenti korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün bir birindən əhəmiyyətli addımlar atır


RƏYLƏR