Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin günlərində şagirdləri Luvr muzeyinə ''aparan'' müəllim - FOTO

Karantin günlərində şagirdləri Luvr muzeyinə ''aparan'' müəllim - FOTO

Tarix: 4 May 2020 23:02

Mətanət Kərimova: "Həmin an lövhəyə söykəndim, o sözü mənə deyən uşağa diqqətlə baxdım və anladım ki..."

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Onun bir devizi var: şagirdlər boyama kitabları deyil ki, onları istədiyimiz rənglərə boyayaq. Biz müəllimlər, onların sevdiyi rəngləri öz dünyamıza gətirməyə çalışmalıyıq. Deyir ki, müəllimin yanaşmasından çox şey aşlıdır. Monotonluqdan nə qədər uzaq olsaq, o qədər şagirdlər üçün maraqlı olar.

Müsahibimiz Oğuz şəhəri 3 nömrəli məktəb liseyin tarix müəllimi Mətanət Kərimovadır. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2011-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək müsabiqədən keçir və 9 ildir ki, müəllimlik fəaliyyətini davam etdirir.

Həmsöhbətimiz müəllimlik fəaliyyətinə başlayandan elektron resurslardan daim istifadə edib: "Elektron resurslar bizə geniş imkanlar yaradır. Mən şagirdlərimə proqramlarla testlər hazırlayır, keçdiyim dərsləri yaratdığım saytda yerləşdirirdim. İT-yə olan maraq Respublika Elektron Təhsil müsabiqəsinə üz tutmağıma səbəb oldu. Hətta həmin müsabiqənin ən yaxşı internet resursları nominasiyası üzrə iki dəfə qalibi oldum".

- Mətanət xanım, İT sahəsinə marağınız olduğu halda nə üçün müəllimlik?

- Uşaq vaxtı  Rəşat Nuri Güntəkinin "Çalıquşu" əsərini oxuduqdan sonra müəllim olmaq qərarına gəldim. Əsərdə bir hissə var idi ki, balaca bir uşağın həyatının gözəlləşməsi üçün müəllim çalışırdı. Əsərdə o qızın əzmi, müəllimlik yolunda çəkdiyi zəhmətlər mənə çox təsir etmişdi. Tarix müəllimi olmağıma səbəb isə humanitar elmlərə həvəsimin olması idi. Kitabxanada tarixi əsərlər oxuyur, hadisələri beynimdə analiz edirdim. İndi də şagirdlərimə həm Azərbaycan, həm dünya tarixinin maraqlı məqamlarını bu fənn vasitəsilə çatdırıram.
 
- Məlumdur ki, pandemiya ilə bağlı dərslər onlayn keçirilir. Lakin müəllimlər və valideynlər hər zaman razı qalmır. Bir müəllim kimi nə deyə bilərsiniz? Onlayn dərsləri maraqlı etmək mümkündürmü?

- Müəllimlik asan peşə deyil. İstər canlı, istərsə də real dərslərdə çətinliklər, istər-istəməz, olur. Bəzən internetin sürətinin zəifliyi, yaxud evdə hansısa avadanlığın olmaması səbəbindən şagirdlər dərsə qatıla bilmir. Bu problemləri hamımız yaşayırıq. Uşaqların dərslərə olan marağına gəldikdə isə onları cəlb etmək müəllimdən asılıdır. Hər müəllimin öz metodları var. Mən tarix müəllimi kimi dərslərimi uşaqlar üçün maraqlı etməyə çalışıram. Onlayn dərslər başlayanda uşaqlara tarixi filmlərdən hissələr nümayiş etdirir, maraqlı videolar göstərirdim. Düşünürdüm ki, bu, hələ də yetərli deyil. Dərslə bağlı, şagirdlərimə interaktiv oyunlar hazırlamağa başladım. Bu oyunları müxtəlif proqramlarda yaradır, oyunun sonunda uşaqlara motivasiya verən sözlər yazırdım. Məsələn, "afərin", "düzgün işlədin", "növbətə mərhələyə keçid al, daha çox bal qazan" kimi sözlərdən istifadə edirdim. Bu zaman şagird tapşırığı sona qədər etmək istəyir və bal qazanır. İnteraktiv oyunlar, maraqlı videolar onları müəyyən qədər cəlb edirdi. Müəyyən mövzuları keçdikdən sonra onlar üçün həmin mövzularda bilik yarışları təşkil edirdim. Ötən bilik yarışlarımızın sonunda onlara sertifikatlar da təqdim olundu. Hətta paylaşıb deyirdilər ki, müəllimimiz bizə karantin günlərində sertifikatlar göndərir.

- Son günlər sosial şəbəkələrdə şagirdlərlə muzeylərə olan virtual səyahətləriniz müzakirə edildi. Bu necə baş verdi?

- Şagirdlərin asudə vaxtını səmərəli keçirməsi barədə həmişə düşünürəm. Canlı dərslərimiz olanda, vaxtaşırı onları ekskursiyalara aparıram. Əksər hallarda rayonumuzun ərazisindəki tarixi abidələrə gedirdik. Rayonumuzun ərazisi qədim Albaniya dövlətinin abidələri ilə zəngindir. Burada alban kilsələri, müxtəlif dövrlərə aid müdafiə tikililəri var. Şagirdlərimi, demək olar ki, əksər abidələri ziyarət etməyə aparmışam. Karantin günlərində onların bəziləri mənə zəng etdilər ki, müəllim, çox təəssüflənirik, siz söz vermişdiniz ki, bizi yazda gəzintiyə aparacaqsınız. Uşaqların üzülməyi mənim üçün də xoş deyildi. İnternetdə araşdırma etməyə başladım və öyrəndim ki, dünya muzeylərinə virtual səyahət etmək mümkündür. Oradan muzeyləri seçdim və şagirdlərimlə gün təyin etdim ki, maraqlı dərsimiz olacaq. Amma əvvəldən nə olduğunu demədim. Tarix Muzeyinə virtual səyahət etdik. Uşaqlar təəccüblərini gizlədə bilmirdilər. O qədər maralı idi ki, gəzintiyə apardığım uşaqlar başqa sinifdən şagirdlərə də deyiblər. Həmin şagirdlər də əlaqə yaradıb sual verirdilər ki, bizi nə vaxt aparırsınız? Onlar üçün də gün təyin etdim. Növbəti gəzintimizdə artıq 30-dan çox uşaq iştirak edirdi. Bu dəfə yerli muzeylərimizi gəzdik. Bu vasitə ilə uşaqların onlayn təhsilə marağını təmin etmək mümkündür. Şagirdlər belə dərsləri həvəslə gözləyirlər.

- Bir çox hallarda müəllimlər şikayətlənirlər ki, uşaqların 10-u dinləyib, 1-i dərsi pozmağa çalışanda tədris prosesi alınmır. Siz belə hallarla qarşılaşmısınızmı və necə reaksiya verirsiniz?

- Uşaqlar yaş dövrünə görə fərqli yanaşırlar. Əslində, bilərəkdən qoşulmaq istəməyən uşaqlarla rastlaşmamışam. Üzrlü səbəblərdən dərslərdə iştirak edə bilməyənlər olub. Bağlantı bəzən kəsilir, dərsin ortasında internet bitir. Belə olan halda müəllim səbirli davranmalı, valideyn də evdə uşağına nəzarət etməlidir.

- Bəs interneti bitən şagird daha sonra o dərsi dinləyə bilərmi?

- Şagirdlərimə çətinlik olmasın deyə, dərslərimin ekran görüntüsünü alır, videoya çəkirəm. Həmin kameraya dərsi izah edirəm və sosial şəbəkədə də paylaşıram. İllər öncə müsabiqəyə qatılanda saytı yaradarkən, eyniadlı "youtube" kanalını da istifadəyə vermişdim. Dərslərimi orada  yayımlayıram. Həmin and qatıla bilməyən şagirdlər, sonradan dərsi izləyə bilsin. Çalışıram ki, uşaq, dərsi ötürdüyünə görə təəssüflənməsin. Mənim şagirdlərlə, dərsə bilərəkdən qatılmamaq, yaxud nadinclik etmək kimi bir problem olmayıb. Şagirdlərlə canlı olduğu kimi, virtual dərsləri də normal şəkildə keçə bilirik.

- Deməli, istər canlı, istər onlayn dərslərdə şagirdin diqqətini cəlb etmək müəllimdən asılıdır...

- Bəli. Şagirdə dərsi çatdırmaqdan çox şey asılıdır. Adi testləri şagirdə necə təqdim edəcəyin çox önəmlidir. Testi müəyyən proqramlarla şagirdə elə çatdırmaq lazımdır ki, ona həvəslə yanaşsın. Məsələn, 5-ci siniflər üçün tapşırıq hazırlamışdım. Soruşdum ki, uşaqlar, testi işləyibsiniz? Dedilər ki, müəllim yox, axı siz bizə test verməyibsiniz. Dedim ki, bəs "qaçış marafonu"nu kimlər işləyib? Sinifdə ən zəif oxuyan uşaq belə yazdı ki, bəli, bunu işləmişik. Deməli, adi "testi işləyibsən" sualını verəndə maraqlı gəlmir. Mən testi kompüter proqramında hazırlamışdım. Orada oyunçulara qarşı oynayırsan və suallara cavab verdikcə, finiş xəttini tez keçirsən. Bunun adını "qaçış marafonu" qoymuşuq. Məncə, müəllimin yanaşmasından da çox şey aşlıdır. Yanaşmalarımız şagirdlərin baxışlarını da dəyişə bilər. Müasir dövrün uşaqları onsuz da texnologiya həvəskardırlar. Müəllimlər də bunu öyrənib dərslərində tətbiq etməlidirlər.

- Mətanət xanım, sizcə, virtual təhsil, yoxsa real təhsil effektivdir?

- Əgər canlı dərsləri virtual dərslərlə müqayisə etsək, təbii ki, üstünlük canlı dərslərə verilməlidir. Onlayn təhsilin müəyyən üstünlükləri var, lakin canlı dərslərin effekti tamamilə başqadır. Çünki bu dərslər şagirdlə birbaşa kontaktda olmaq imkanı verir. Canlı ünsiyyətin yerini təbii ki, heç bir texnoloji avadanlıq verə bilməz. Buna baxmayaraq, bu sualı uşaqlara versək, hamısı virtual dərsləri seçər, çünki 21-ci əsrin uşaqları yeniliklər üçün açıqdır və hətta məktəbə getməmişdən əvvəl müasir texnologiyalardan istifadə ediblər. Bəzi uşaqlar canlı dərslər zamanı çox sıxılırlar və utanırlar. Bu uşaqlar virtual dərslərdə çox rahat şəkildə iştirak edirlər. Hətta ən utancaq, ən sıxılan, daima kənarda duran uşaqlar belə, onlayn dərslərdə fəal iştirak etməyə çalışır. Digər mühüm məqam odur ki, virtual dərs zamanı valideynlər dərsi izləyir və uşaqların düzgün və ya səhv cavab verməsini görür. Təsəvvür edin, ötən dərslərimin birində evdə nə qədər adam varsa - ana, ata, nənə uşaqla birlikdə bizi izləyirdi. Hətta kamera önündə arada valideyn görünürdü. Bu, əslində pis deyil, prosesin gedişatını valideyn izləyir. Uşağın cavab verib-vermədiyini görür. Virtual dərslər geniş auditoriya üçün nəzərdə tutulub və həm müəllimlərin, həm da şagirdlərin məsuliyyət hissini artırır. Təbii ki, mənfi tərəfləri da var, məsələn, bəzi şagirdlərin evində planşet, telefon və yaxud kompüterin, internetə çıxış imkanının olmaması və s. Bu vəziyyətdən da çıxış yolları mövcuddur. Məsələn, bir şagirdim hazırda virtual dərslərə qatıla bilmir və mən bütün materialları diskə köçürüb ona çatdıracağam ki, o da dərslərindən geri qalmasın.

- Artıq 9 ildir ki, müəllimsiniz və daim yeni metodlarla öyrətməyə çalışırsınız. Bəs şagirdlərinizdən öyrəndiyiniz və unutmadığınız dərs varmı?

- Bəli. Müəllimlik fəaliyyətinə başladığım ilk il idi və mən 6-cı sinfə dərs keçirdim. Mənim bir ifadəm var idi, hansı ki, artıq onu tərgitmişəm. Şagirdlərimlə dərs vaxtı sual-cavab edəndə, bir şagird ayağa qalxdı və verdiyim sualın cavabını yanlış dedi. O vaxtı tarixin dövrlərini keçirdik. Həmin şagirdə neolit dövrü barədə sual verdim, o isə mənə mezolit dövrü haqqında cavab verdi. Mən isə ona bildirdim ki sən burda "ağ yalan" danışdın. Həmin an, qabaq sırada oturan yaşılgözlü və sarışın gözəl bir qız şagirdim ayağa qalxdı və dedi: "Müəllimə, siz "ağ yalan" ifadəsini dediniz, amma Lütfizadənin nəzəriyyəsinə görə, heç bir şey tam ağ və yaxud tam qara ola bilməz. Həyatda hər şey nisbidir və tam yalan isə yoxdur, necə ki, tam doğru da mövcud deyil. Sizin cavabınıza səhv cavab verdi şagird, amma eyni zamanda bu cavab digər bir sualın doğru cavabıdır". Mən xatırlayıram ki, həmin anda lövhəyə söykəndim. O sözü mənə deyən uşağa diqqətlə baxdım və anladım ki, həqiqətən də, yanlış cavab verən şagird, əslində başqa bir dövr barədə tamamilə düzgün cavab səsləndirdi. Bu, mənə dərs idi və bir daha "ağ yalan" ifadəsini işlətmədim. Şagird səhv edə bilər. Amma hər bir səhvin arxasında səbəblər var və mən heç vaxt demirəm ki, şagird tamamilə yanlışdır. İndi o şagird 641 balla universitetə daxil olub və müəllim olacaq.


Etiketlər:  Karantin günlərində şagirdləri Luvr muzeyinə aparan müəllim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ