Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 23:52
Mütəxəssislər düşünür ki, onlayn ticarət sahəsindəki inkişaf postpandemiya dövründə də davam edəcək
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
"Elektron ticarətlə məşğul olan şirkətlər pandemiyadan sonra insan əməyinin minimuma endirilməsi üçün yeni addımlar atacaqlar. Dronlarla çatdırılmadan, robotlaşdırılmış anbarlardan istifadə olunacaq. Həmçinin şirkətlər növbəti mərhələ üçün xidmətlərində yeniliklər edəcəklər".
Bu sözləri pandemiyanın elektron ticarətə təsiri mövzusunda bizimlə həmsöhbət olan "Amazon" şirkətinin Avropa Birliyi üzrə biznes analitiki Yaşar Əhmədov dedi. O qeyd edir ki, mövcud vəziyyət insanları elektron ticarət xidmətlərindən istifadəyə məcbur etdi: "Pandemiyadan öncə də insanlar elektron ticarətin xidmətlərindən istifadə edirdilər. Yəni alış-verişlərini daim onlayn edən müəyyən müştəri bazası var idi. "Amazon" son dönəmlər təkcə avadanlıqların, oyuncaqların, aksesuarların yox, artıq gündəlik tələbat mallarının çatdırılması üçün də xidmət göstərirdi. İnsanlar çox zaman toxunmadıqları, real olaraq görmədikləri əşyanı almağa meyilli olmurlar. Amma bu dövr istehlakçıların davranışında müəyyən dəyişikliyə səbəb oldu. Pandemiya dönəmində insanlar evdə qalmalı olduqları üçün onlayn alış-veriş sahəsində daha böyük müştəri bazası formalaşmağa başladı. Ömründə bir dəfə belə olsun onlayn xidmətdən istifadə etməmiş insanlar da məcbur qalıb xidməti yoxladılar və xoşlarına gəldi".
"Amazon" kimi şirkətlərə böyük dəyər qazandırdı
Biznes analitik elektron ticarət sahəsindəki genişlənmənin post pandemiya dönəmində də davam edəcəyini bildirdi: "Karantin rejimi bitdikdən, mağazalar real satışa başladıqdan sonra elektron ticarətin payında indiki ilə müqayisədə bir az azalma olacaq. Lakin məsələyə ümumi olaraq yanaşsaq, mövcud vəziyyət "Amazon" kimi şirkətlərə böyük dəyər qazandırdı. Onlayn alış-veriş sahəsindəki genişlənmə gələcəkdə də davam edəcək. Dronlarla çatdırılmanı, robotlaşdırılmış anbarları misal göstərmək olar. Bunlar indi də var, amma elə də geniş yayılmayıb. Məncə, pandemiya şirkətlərin növbəti mərhələdə xidmətlərində yeniliklər etmələri üçün bir səbəb oldu".
Bəs, yerli bazarda vəziyyət necədir?
Maraqlıdır ki, pandemiya ölkəmizdə elektron ticarətə necə təsir etdi, istehlakçı davranışlarında nələr müşahidə edildi?
İlk araşdırmanı sosial media üzərindən onlayn olaraq 102 şəxs arasında sorğu şəklində keçirdik. Nəticələrə əsasən deyə bilərik ki, pandemiyadan əvvəl internetdən alış-veriş edənlər 66 faiz idisə, pandemiya dönəmində göstərici 85 faizə qalxıb. Alınan məhsullara gəlincə isə gündəlik ərzaq tələbatları ön sırada olmaqla, müxtəlif aksesuarlar, texniki avadanlıqlar üstünlük təşkil edir. Görünən odur ki, 2 aya yaxın bir müddətdə elektron ticarətin xidmətindən istifadə edənlərin sayında 19-20 faizə yaxın artım müşahidə edilib. Diqqəti cəlb edən digər məqam alınan məhsullar içərisində oyun konsulları və aksesuarlarının ərzaq məhsulları ilə ciddi şəkildə rəqabətə girməsidir. Hətta, karantinin bəzi günlərində oyun kosullarının onlayn satışı zəruri, gündəlik tələbat üçün lazım olan məhsulların satışını üstələyib.
"Mağazanı bağlayıb, onlayn satışa keçək"
Belə ki, oyun konsullarının satışı ilə məşğul olan Polad Tağıoğlu pandemiya günlərində satışlarında ciddi artım olduğunu dedi: "Bizim satışlarımız karantindən əvvəl çox zəif idi, əsas satış demək olar ki, elə karantin dövründə onlayn şəkildə oldu. Çünki hamı evə qapandı və vaxt keçirmək üçün bizim oyun konsullarından aldı. Pandemiya səbəbindən mağazamız fəaliyyətini dayandırdığı üçün onlayn satış imdadımıza yetişdi. Əlimizdə alıcıların bizi internetdə axtarma statistikası var. Demək, əvvəllər bizi 200-300 nəfər "Google"da axtarırdısa, indi bu rəqəm 62 minə yüksəlib. Karantinin ilk dönəmlərində gündəlik 50-yə yaxın sifarişimiz oldu. "Biz karantin dönəminin hesabına tanındıq" desək, yanılmarıq. Bir ara postpandemiya dönəmi üçün də mağazaları bağlayıb, sırf internet üzərindən satış etməyi düşündük. Bu addımı atmaqla aylıq xərclərimizi minimuma endirə bilərik".
Onlayn satış 2-3 mağazanın dövriyyəsini verir
Yerli bazarda olan dəyişikliklə bağlı mütəxəssislərin də fikirlərini öyrəndik. Elektron Ticarət İcmasının təsisçisi Rəşad Mehdiyev Azərbaycanı elektron ticarət üçün təhlükəsizlik baxımından ən etibarlı ölkələrdən biri hesab edir: "Pandemiya dönəmində çölə çıxma qadağası tətbiq edildiyindən istehlakçıların elektron ticarətdən istifadə etməkdən başqa variantı qalmadı. Deyərdim ki, Azərbaycan elektron ticarət üçün təhlükəsizlik baxımından ən etibarlı, rahat ölkələrdəndir. Karantin günlərində elektron ticarətlə bağlı ciddi bir problem və ya şikayətlə qarşılaşmadım. Ola bilər, logistikada müəyyən narazılıqlar yaransın, bu da çox güman ki, müştərinin çoxluğundan qaynaqlanıb. 2 aylıq müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan şirkətləri elektron ticarətə Amerika, Çin, Türkiyə qədər də olmasa, ölkə əhalisini razı salacaq səviyyədə hazırdılar".
İcmanın təsisçisindən elektron ticarətin bu dönəmlərdə hansı sahələrdə daha geniş tətbiq edildiyini soruşduq: "Düşünürdüm ki, mebelin onlayn satışı ölkəmizdə ən son inkişaf edəcək sahədir. Çünki bizim vətəndaşlarımız mebel alarkən toxunmağa, onu incələməyə böyük önəm verir. Lakin bu sahədə çalışan dostlardan aldığım məlumata əsasən, elektron ticarət onlar üçün də qazanc mənbəyi olub. Hətta, bəziləri etiraf edirlər ki, onlayn satış 2-3 mağazanın dövriyyəsini verir. Amma təbii ki, ən çox artım qida sahəsindədir. Hələ ki, parfümeriya sektorunda aktivlik görmədim. Digər sahələrdə də pandemiya dönəmindən əvvəlki dövrə nisbətən onlayn satışlarında ciddi artım, irəliləyiş müşahidə edildi".
Onlayn ticarətin inkişafına mane olan nüanslar
Marketinq üzrə mütəxəssis Fərid Hacıyevin sözlərinə görə elektron ticarət ölkəmizdə son illər inkişaf etməyə başlayıb: "Həm müxtəlif məhsulların satışını edən mağazalar, həm də fərdi şəxslər "Instagram", "Facebook" və öz saytları üzərindən satış həyata keçirirdilər. Təbii ki, karantin dövrü bu inkişaf tempini müəyyən mənada sürətləndirmiş oldu. Əlimizdə birbaşa dövriyyə və satışın artımı ilə bağlı şirkətlər tərəfindən açıqlanan statistika yoxdur, ancaq ümumi mənzərəni analiz etdikdə, bu dövrdə dəyişmiş olan istehlakçı davranışlarına nəzər saldıqda, onlayn ticarətdən istifadənin artdığını görə bilərik. Təəssüf ki, ölkəmizdə elektron ticarətin inkişafına mane olan bəzi amillər var. Bunlara ödəniş sistemləri, plastik kart istifadəçilərinin sayı, insanların onlayn ticarətə güvəni kimi nümunələri misal göstərmək olar. Bu amillərdən bəzilərini aradan qaldırmaq şirkətlərin üzərinə düşsə də, onların müdaxilə edə bilmədiyi və əllərində olmayan hissələr də var. Pandemiya dövründə elektron ticarətə dəstək üçün milli ödəniş sistemlərimiz tərəfindən kifayət qədər addım atılmadığını düşünürəm. Məsələn, onlar inteqrasiya prosesini asanlaşdıra, qoşulma şərtlərini sadələşdirə və ya komissiyaları azalda bilərdilər. Bu şəkildə daha çox şirkət xidmətlərini onlayn sataraq, ödənişi də onlayn almaq imkanını qazanacaqdı. Təbii ki, Azərbaycanda elektron ticarətin vəziyyətini birdən-birə inkişaf etmiş ölkələrin səviyyəsində olmasını gözləyə bilmərik. Ancaq ümumi mənzərədə inkişafın olmalı olduğundan bir az zəif getdiyini düşünürəm".
F.Hacıyevdeyir ki, kitabdan elektronikaya, kosmetikadan dəftərxana mallarına qədər bir çox qeyri-qida məhsulunu internet vasitəsi ilə sifariş verənlərin sayı çoxaldı: "Qlobal bazarda aprel ayının ilk iki həftəsinin statistikasında 2020-in ilk 6 həftəsinə olan statistikası ilə müqayisədə onlayn supermarketlərin sifarişlərində 251% artım müşahidə olunub. Karantin başlayandan Azərbaycanda da qida məhsullarının sifarişini və çatdırılmasını həyata keçirən bir çox yeni xidmət və şirkətlər yarandı. Əvvəllər onlayn ticarətə çox da isti baxmayan şəxslər, indi məcburiyyət səbəbindən bu xidmətdən istifadə etməyə başladılar. Təbii ki, bu da onların mövcud fobiyalarının qırılmasına və yeni vərdişlərinin yaranmasına səbəb oldu".
Postpandemiya dönəmi üçün proqnozlar
"Pandemiya dövrü rəqəmsallaşma prosesinə başlamamış şirkətlər üçün buna başlamağa, başlamış olanlar üçün isə prosesi sürətləndirməyə fürsət yaratmış oldu" deyənmarketinq mütəxəssisi bildirdi ki, bu fürsəti dəyərləndirən şirkətlər postpandemiya dövründə ciddi üstünlük əldə etmiş olacaqlar: "Həmçinin ehtimal edirəm ki, dəyişilmiş istehlakçı davranışları sonrakı dövrdə da izlər qoysun və müəyyən mənada dəyişikliklər daimi hal alsın. Təbii ki, postpandemiya dövründə sosial mediadan, onlayn ticarətdən istifadə, indiki dövrlə müqayisədə azalmış olacaq, lakin müqayisəni epidemiyadan əvvəlki dövrlə müqayisə edəcək olsaq, ortada artımın olduğunu görəcəyik".
E-ticarət icmasının təsisçisi Rəşad Mehdiyev isə postpandemiya dövrü üçün dəqiq rəqəmlərlə proqnoz verməyin mümkün olmadığını qeyd etdi: "Artımın davam edəcəyi gözləniləndir, amma bunun neçə faiz üzərindən olacağını indidən deyə bilmərik. Yəni indiki halda 80 faizlik artım varsa, karantin bitdikdən, mağazalar açıldıqdan sonra, məncə, bu faiz dərəcəsi 20-30% aralığına düşəcək. Konkret rəqəmləri isə yalnız o dövrkü araşdırmaya əsasən demək olar".