Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 13:40
Bakı. Trend:
Bolqarıstan Respublikasının Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (International Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, dünyanın hər yerindən turistik istiqamətləri təqdim edən festivalın məqsədlərinə turizm məhsulları barədə videoçarxların geniş kütləyə çatdırılması, mədəni və tarixi irsin reklamına investisiya qoyulmasının stimullaşdırılması, turizm şirkətləri arasında marağın yaradılması, peşəkar audio-vizual səyahət istehsalının təşviq edilməsi, yüksək effektiv reklam üçün mühitin formalaşdırılması və s. daxildir. Film festivalında ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət və ayinlər və s. mövzular üzrə hazırlanmış videoçarxlar online şəkildə geniş auditoriya tərəfindən izlənilib.
Səfirliyin təşəbbüsü əsasında Naxçıvan Televiziyası tərəfindən hazırlanmış “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmin ingilis dilində olan variantının namizədliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən festivalın təşkilatçılarına təqdim olunub. Film festivalının münsiflər heyəti tərəfindən təqdim olunmuş filmlər nəzərdən keçirilmiş və 3 may 2020-ci il tarixində qaliblər elan olunub. Festivalın “Turizm məkanı” kateqoriyası üzrə “Reportaj və ya sənədli film” alt-kateqoriyasında “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmi qalib gəlib.
Sənədli film festivalın rəsmi internet səhifəsində və “youtube” kanalında yerləşdirilmişdir. “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmi aşağıdakı keçidlərdən izləmək olar:
https://tourfilm-bg.com/en/filmography/competition-2020?view=campaignimg&id=60
Festivalda iştirak muxtar diyarın mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını təbliğ etməklə yanaşı, regionun zəngin irsi, potensialı və mövcud tərəqqisinin Avropa məkanında tanıdılmasına imkan verib.
Festivalda, həmçinin təbiət-ekoturizm, idman-macəra və turizm xidmətləri kateqoriyaları üzrə mükafatçılar müəyyən olunub.
Qeyd olunmalıdır ki, 2020-ci ildə Azərbaycanla yanaşı festivalda Bolqarıstan, Danimarka, Xorvatiya, Sloveniya, Cənubi Afrika Respublikası, Çili, Fransa, Avstriya, Norveç, Rusiya, Portuqaliya, İndoneziya, İspaniya və Yaponiya daxil olmaqla, sözügedən festivalda 24 ölkə 54 filmlə iştirak edib.