Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdman Nazirliyi nə işlə məşğuldur?

İdman Nazirliyi nə işlə məşğuldur?

Tarix: 7 May 2020 14:00

Koronavirus pandemiyası dövründə dünya və Azərbaycanda ən çox zərər görən sahə idmandır desəm, yəqin ki, yanılmayacam. Bütün idman oyunları dayandırılıb, nəhəng beynəlxalq qurumlar, yerli federasiyalar, klubların ümumi itkisi milyardlarla dolları çatıb. Mənəvi və fiziki zərəri, yəni idmançıların iki aya yaxındır aktiv məşq etməməyini də nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, idman koma vəziyyətindədir.

Soruşa bilərsiniz ki, bəs, bu qlobal bəlanın bizim Gənclər və İdman Nazirliyi ilə əlaqəsi nədir? Ona görə də birbaşa mətləbə keçək.

Məlumdur ki, koronavirus səbəbindən müxtəlif ölkələrdə martın ortalarından tətbiq edilən karantin rejiminə görə idman yarışları ilə yanaşı idmançıların məşqlərinə də qadağa qoyuldu. O cümlədən Azərbaycanda da. Və ilk gündən Prezident İlham Əliyevin liderliyi ilə koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün zamanında ciddi, qabaqlayıcı tədbirlər görüldü (və görülməkdədir). Yaranmış bəzi sosial problemlərin həlli istiqamətində mühüm addımlar atıldı, bu proses indi də davam edir. Nəticədə ölkəmizdə koronavirusa yoluxanların, bu xəstəlikdən vəfat edənlərin sayı Avropa və bizə qonşu olan digər ölkələrlə müqayisədə kəskin səviyyədə aşağıdır.

Buna görə də Nazirlər Kabineti yanında Operativ Qəragah karantin rejimini bir qədər yumşaltmalı oldu. Bilindiyi kimi, bu qərar paytaxt Bakıda sahibkarlıq subyektlərinə, bütün sahələr üzrə fərdi ticarət obyektlərinə şamil olundu. Düzdür, bütün idman sferası həmin məhdudiyyətlərdən kənarda qaldı. Səbəb də haqlıdır. Çünki indiki vəziyyətdə kütləvi yarışların bərpasına icazə verilməsi böyük həyati risk olardı və bunu, əlbəttə, hökumət daha yaxşı bilir. Lakin ilkin mərhələdə idmançıların və futbolçuların komanda deyil, qrup halında hazırlığına icazə vermək mümkün idi. Qrup halında məşq nədir? Əvvəlca sanitar qaydalara əməl olunur, 3-4 dörd futbolçu bir məşqçinin rəhbərliyi ilə böyük futbol meydançasında və mütləq 2 metrlik sosial məsafəni gözləməklə məşq edir. Artıq Avropada bu cür məşqlərə icazə verilir. Özü də harda? Koronavirusun Azərbaycandan azı  10-20 dəfə geniş yayıldığı İtaliya, İspaniya, Niderland, hətta qardaş Türkiyədə belə. Almaniyada isə, ümumiyyətlə, mayın 15-dən sonra çempionatın davam etdirilməsinə (azarkeşlərsiz) hökumət icazə verib.

Koronavirus testindən keçdikdən sonra bu cür hazırlığın idmançıların həyatına təhlükə olmadığını həkimlər də təsdiqləyir. Yox, əgər Azərbaycanda indi elə real virus təhlükəsi varsa, bu, yüz faiz futbol meydançaları deyil. Tıxılı-təpili avtobuslardır, küçələrdə, marketlərdə, bankların qarşısında insanların sosial məsəfəni gözləmədən az qala bir-birinin ağzına girməsidir. Amma buna baxmayaraq, idmançılar və futbolçular bütün günü dar mənzillərdində, yaxud həyətlərində məşq etməklə günbəgün yaxşı formalarından uzaq düşürlər. Futbol komandalarını elə öz bazalarına yığıb karantində saxlamaq olmaz ki? Həm kənara çıxmırlar, həm də məşq edirlər. Bəs, bu kədərli mənzərə qarşısında idmana cavebdeh dövlət qurumu Gənclər və İdman Nazirliyi nə edir? Faktiki heç nə.

Operativ Qərargah üzvlərinin də keçirdiyi mətbuat konfransları zamanı verdikləri açıqlamalardan başa düşmək olar ki, idmanla bağlı yumşatlma, ümumiyyətlə, gündəmdə deyil. Qeyd etdiyimiz kimi isə bu gün söhbət heç də kütləvi idman yarışının yox, sadəcə, 3-4 nəfərin qrup halında məşqinin bərpasından gedir. Amma görünən odur ki, indiyədək Nazirlər Kabineti qarşısında məsələ ya qaldırılmayıb, ya da bunun üzərinə ciddi düşülməyib. Yoxsa hökumət onminlərlə idmançının əhatə olunduğu və dövlət başçısının özünün hər zaman xüsusi həssaslıqla diqqətində saxlayıb, dəstək verdiyi böyük bir sahəni görməzdən gəlməzdi. İdmançıların məşqi ilə bağlı yumşaldıcı qərar verərdi və verməsi arzuolunandır. Əks halda vaxtın uzanması onsuz da fiziki formasından uzaqlaşan idmançılara gələcək nəticələrində əlavə problemlər yaradacaq. Deməli, başda İdman Nazirliyi olmaqla idman qurumlarının, klubları və idmançıların fikri Nazirlər Kabinetinə çatdırılmalıdır.

O ki qaldı bugünlərdə idmançıları dövlət kanalına çıxarıb hər səhər məşq etdirib işgörmək görüntüsü yaratmağa, özünüreklam üçün həmişə vaxt olacaq. Amma indi vaxt daha vacib işlərə sərf olunmalıdır.

...Və futboldan danışırıqsa eyni sözlər həm də AFFA-ya aiddir.

“Evdə qalmaq” çağırışı heç də bütün günü evdə uzanıb istirahət etmək demək deyil. Hərəkətə gəlin! Feysbukda görünmək üçün idman etdinizsə, topu bir-birinizə ötürüb qurtardınızsa, indi də axır ki, idmançılar və futbolçular üçün ciddi bir iş görün.

Aydın BAĞIROV
[email protected]

 


Etiketlər:  İdman Nazirliyi işlə məşğuldur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ