Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 21:45
Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu barədə TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində danışıb.
Prezident İlham Əliyev deyib:
"Onu demək kifayətdir ki, bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunda sənaye məhsulları istehsalının həcmi 23 faiz artıb. Bu, mütləq rekord göstəricidir. Mənim fikrimcə, pandemiya şəraitində bu rəqəm, əlbəttə, bizim apardığımız işə hörmət doğurur. Buna görə qeyri-neft sektoruna oriyentasiya bizim əsas prioritetimiz olub və yenə belədir. Dəfələrlə dediyim kimi, biz neft sektorunu yaddan çıxarmalıyıq. Demək olar ki, bu gün neftin bu qiymətləri ilə postneft dövrü, əslində, başlanıb. Buna görə Azərbaycan iqtisadiyyatının artımının əsas hərəkətverici qüvvəsi onun aşkarlığı olacaq. Bu istiqamətdə - iqtisadiyyatın kölgədən çıxarılması üçün çox iş görülür. Təəssüf ki, bu problem bizim üçün hələ də aktualdır. Burada qeyri-formal məşğulluqdan başlamış vergi ödəməkdən yayınmağa qədər bütün məsələlər bir-biri ilə sıx bağlıdır. Bizim gördüyümüz tədbirlər öz nəticələrini verir. Həm keçən il, həm də bu il biz büdcəni, əsasən, iqtisadiyyatın kölgədən çıxarılması hesabına artırırıq. Yəni, bu, əsas hərəkətverici amil olacaq.
İqtisadiyyatın sahələrinə gəldikdə, əlbəttə, mən, ilk növbədə, kənd təsərrüfatını qeyd edərdim, orada çox böyük potensial var və bu sahəyə çox böyük investisiyalar yatırılıb. Artım da kifayət qədər ciddidir. Nəqliyyat-logistika sahəsi. Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Ölkəmiz Şərq-Qərb nəqliyyat dəhlizində fəal iştirak edir. Bu, "Bir kəmər, bir yol" təşəbbüsü, Şimal-Cənub dəhlizi, həmçinin artıq qeyd etdiyim Şimal-Qərb dəhlizi layihəsidir. Odur ki, nəqliyyat-logistika infrastrukturunun yaradılması başa çatdırılıb və bu gün biz daşımaları artırmaq, Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik.
Biz turizmə böyük diqqət yetirirdik və yenə belədir. Bu sektor çox perspektivli idi. Son 4 ildə turistlərin sayı hər il 10 faizdən 24 faizə qədər artıb. Müasir turizm infrastrukturu yaradılıb. Lakin əlbəttə, pandemiya bu sektora çox güclü zərbə oldu. İndi biz daxili turizmin stimullaşdırılması barədə düşünürük. Xüsusən ona görə ki, Azərbaycanın milyonlarla vətəndaşı il ərzində, o cümlədən istirahət üçün ölkədən kənara gedir. Onlar sərhədlərin bağlanmasını nəzərə alaraq yəqin ki, bu il yayda daxili turizmə istiqamətlənəcəklər.
Əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sektorunu da qeyd etməliyəm. Burada da yaxşı təməl yaradılıb. Üç süni peyki olan Azərbaycan artıq kosmik klubun üzvüdür. İKT sektoru çox fəal inkişaf edir və bu sahədə çox ciddi artım var. Ona görə düşünürəm ki, bu istiqamətlər bundan sonra da mühüm rol oynayacaq. Əlbəttə, iqtisadiyyatın qlobal məsələlərinə bir daha qayıdaraq deməliyəm ki, bu, həm yerli, həm də əcnəbi investorlar üçün biznes mühitinin yaxşılaşması və kiçik sahibkarlığa dəstək deməkdir. Biz hazırda bu istiqamətdə böyük addımlar atırıq. Bu, həm məşğulluğu, həm də iqtisadiyyatın şaxələndirilməsini təmin edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən bilirik ki, orada ümumi daxili məhsulun yarıdan çoxu kiçik və orta biznes hesabına formalaşır. Biz də buna çalışmalıyıq".