Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış azərbaycanlı alim vəfat edib

Tanınmış azərbaycanlı alim vəfat edib

Tarix: 9 May 2020 12:33

Bakı. Asif Mehman - Trend:

Tanınmış bioloq alim, Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Telman Ağayev mayın 9-da 84 yaşında vəfat edib.

Bu barədə Trend-ə AMEA-dan məlumat verilib.

Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirib.

O, 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru vəzifəsində çalışıb.

T.Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filo- və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı.

Alim 340 elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlanıb.

Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Fizioloqlar Cəmiyyətinin prezidenti idi. AMEA-nın “Xəbərləri” (biologiya və tibb elmləri seriyası), “Ekoenergetika” və Gürcüstan EA “Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü idi. YUNESKO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin və Beyin tədqiqatçıları üzrə Beynəlxalq Təşkilatın üzvü idi.

2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilib.


Etiketlər:  Tanınmış azərbaycanlı alim vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ