Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 15:45
Bakı. Trend:
Ölkəmizin tarixinə xüsusi hörmətlə yanaşan və bu istiqamətdə müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” ənənəsinə növbəti dəfə sadiq qalıb. 640 min həmvətənimizin iştirakı ilə faşizm üzərində qələbənin qazanılmasının 75-ci ildönümü münasibətilə Şirkətlər Qrupu adından 2 dəfə Sovet İttifaqı qəhramanı olmuş Həzi Aslanovun abidəsi önünə gül dəstəsi qoyulub. Bununla bərabər “Azərsun Holdinq” tərəfindən veteranlara və yüzlərlə aztəminatlı ailəyə ərzaq bağlaması hədiyyə edilib.
Qeyd edək ki, müharibədə Azərbaycan xalqı çox itkilərə və hədsiz məhrumiyyətlərə məruz qalaraq düşmən üzərində qələbənin qazanılmasında mühüm rol oynayıb.
Azərbaycandan cəbhəyə səfərbər olunan 640 min nəfərin böyük bir hissəsi həlak olmuş və itkin düşmüş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə insan isə müxtəlif orden və medallarla təltif edilib. Bununla bərabər Azərbaycan, həm də həmin dövrdə Sovet İttifaqının əsas yanacaq təminatçısı idi ki, bu məqam da II Dünya Müharibəsində qələbənin qazanılmasında əsas 3 faktordan biri hesab olunur. Faşizm üzərində qələbənin qazanılmasında misilsiz rol oynayan neftin 70 faizdən çoxu, benzinin 80, sürtgü yağlarının isə 90 faizi məhz Azərbaycan tərəfindən təmin edilirdi.
Müstəqilliyimizin ilk illərində səriştəsiz şəxslərin hakimiyyətə gəlməsi ilə 9 may Qələbə Günü ikinci plana keçirilsə də, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu tarixi günə layiq olduğu qiyməti verdi. Ulu Öndər 1994-cü ildə veteranlara dövlət qayğısının göstərilməsi üçün xüsusi Fərman da imzaladı ki, Azərbaycan və dünya tarixinə adlarını qızıl hərflərlə yazdırmış bu şəxslərə dəstək verilir. Veteranlar barədə danışan Ümummilli Lider söyləmişdi ki, “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər". O, hər bir namuslu azərbaycanlının və dövlətin bu insanlara qayğı ilə yanaşmalı olduğunu qeyd etmişdi.