Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tofiq Bəhramovun “yoxa çıxan” heykəli

Tofiq Bəhramovun “yoxa çıxan” heykəli

Tarix: 6 Iyun 2019 12:28

O heykəl niyə yoxa çıxıb, daha doğrusu, adını daşıdığı arenanın girişindən hansı qəribə məntiqlə götürülərək gözdən-könüldən uzaq bir yerə qoyulub, buna toxunacağıq. Hələlik isə ondan başlayaq ki, bizim idman və futbol dairələrində bəzi dəyələrimizə qarşı soyuqluq, laqeyd münasibət davam etməkdədir.

Rəsmi qaynaqların məlumatına əsasən, Azərbaycanda futbol indi 108 yaşındadır. Bu 108 ildə Tofiq Bəhramov hakim, Anatoli Banişevski isə bir futbolçu kimi adlarını Azərbaycan və o vaxtkı SSRİ-nin sərhədlərindən kənarda tanıtmağı bacarmış, ölkəmizin layiqli təbliğatçısına çevrilmişdilər. Amma acı gerçəlik budur ki, onların əziz xatirəsinə biganəlik var. Məsələn, Azərbaycan milli komandasının son dəfə öz ev oyununu kiminlə və nə vaxt futbolumuzun məbədi sayılan “Tofiq Bəhramov” stadionunda keçirdiyini, əminəm ki, indi çoxumuz xatırlamırıq. AFFA bunu onunla izah edir ki, Respublika stadionuna icarə haqqı çox çıxır, ona görə də tabeçiliyindəki arenaları seçir. Amma başda Bakı Olimpiya Stadionu olmaqla həmin arenalarda keçirilən matçların azarkeşləri və futbolçuları razı salmadığı bilinən faktlardır. Bir neçə gün sonra millinin “Avro-2020”də Macarıstan və Slovakiya ilə vacib oyunları var. Hər iki görüşü AFFA 8 minlik azarkeş tutumu olan “Bakcell Arena”ya təyin edib (AFFA Olimpiya stadionunun Avroliqanın finalına görə texniki baxımdan qəbul edə bilməyəcəyini əvvəlcədən açıqlayıb). Halbuki oyunları stadiondan azı 20-25 min tamaşaçı izləmək istəyər. Normal futbol idarəçiliyi zamanı bu görüşlər metronun bir addımlığındakı 30 min yerlik “Tofiq Bəhramov”a salınmalı, ilk növbədə millinin və azarkeşlərin maraqları təmin edilməli idi, daha AFFA-nın biznes maraqları deyil.

İnsafən qeyd edək ki, Tofiq Bəhramovun heykəlinin stadionun girişindən götürülməsi AFFA-nın günahı deyil. Ümumiyyətlə, futbolumuzdakı dəyərli şəxslərə heykəl qoyulması, xatirələrinin əbədiləşdirilməsi kimi məsələlərə federasiya yalnız bir halda isti baxır. Ortada pul olanda. Məsələn, yəqin çoxları xatırlayır ki, Anatoli Banişevskinin adının AFFA-nın Bakıdakı 4 stadionundan birinə verilməsi ilə bağlı təklifə qurumun prezidenti Rövnəq Abdullayev elə beləcə də cavab vermişdi: “Kim istəyirsə pul verib, stadiona lap dədəsinin adını qoysun”.

Bu, bazarsayağı, futbolumuzda əziyyəti və haqqı olanlara kobud, qeyri-etik münasibət olsa da, istənilən halda funksionlərimizin futbol baxışının gerçək göstəricisi idi.

Anatoli Banişevski ilə bağlı mənzərə aydındır. İndi gələk Tofiq Bəhramovun başıbəlalı heykəlinə.


Əvvəl...

Bu heykəl əvvəlcə stadionun lap girişində ucaldılıb. 2004-cü il oktyabrın 13-də, DÇ-2016-nın Azərbaycan – İngiltərə matçından əvvəl AFFA-nın o vaxtkı prezidenti Ramiz Mirzəyev, o vaxtkı gənclər və idman naziri Əbülfəz Qarayev iştirakı ilə açılışı olub. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun laysmanı olduğu oyunda Almaniyaya o məşhur qolu vuran Cefri Herst də iştirak edib. 2012-ci ildə stadionda aparılan təmir işləri zamanı isə Bəhramovun heykəli götürülüb və arenanın inzibatı binası ilə stadionun idman sarayının qarşısında yerləşdirilib. Həmin vaxt rəsmi olaraq belə bir açıqlama verilib ki, bu dəyişiklik həm stadionun əsas girişinin qarşısını genişləndirmək, həm də abidənin inzibati bina qarşısında daha möhtəşəm görünüşünü təmin etmək məqsədilə edilib.

Bəs, o inzibati bina harda yerləşir? 2012-ci ildən üzü bu yana əvvəlcə “Neftçi”nin, daha sonra  “Qarabağ”ın avrokubok matçlarına gələn üst-üstə yüzminlərlə azarkeşin həmin binadan da, o heykəlin varlığından da xəbəri olmayıb. Çünki elə bir yerdə yerləşir ki (əsas girişdən sola dönüb azarkeşlər arasında “tablonun altı” kimi tanınan sektorlar istiqamatinə hərəkət edəndə), onu oyunlara gələn azarkeşlərin üç-beş faizi görə, ya görməyə.


... İndi

Qəribəsi isə odur ki, heykəl “stadionun əsas girişinin qarşısını genişləndirmək” adı ilə oradan götürülüb. Halbuki o, ətrafdakı yaşıllığı ilə birgə cəmi 20-25 metr ərazini əhatə edib və bunun 8 il ərzində (2004-2012-ci illərdə) arenaya gələn yüzminlərlə azarkeşə heç bir maneçiliyi olmayıb. Əksinə Tofiq Bəhramovun heykəli stadionun memarlığına əlavə rəng qatıb. Gələn xaricilər də bugünədək Tofiq Bəhranovu tanımayıblarsa belə, onun şəxsiyyəti ilə maraqlanmağa başlayıblar.

İndi isə...

Heykəl geniş kütlənin görmədiyi, başqa sözlə, heç kimə lazım olmayan bir yerdədir. Niyə və Tofiq Bəhramovun kiçik heykəli neçə hektar ərazidə kimə mane ola bilərdi ki? Və onu əvvəlki yerinə qaytarmaq, böyük hakimizin əziz xatirəsinə bu soyuq münasibətə son qoymaq çoxmu çətindir?

Ümid edirəm, bir gün Gənclər və İdman Nazirliyi heç olmasa, sonuncu suala cavab verəcək.

Aydın BAĞIROV
[email protected]

 


Etiketlər:  Tofiq Bəhramovun yoxa çıxan heykəli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ