Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 18:18
Qurani-Kərimin "Qədr" surəsində Allah bu gecənin min aydan daha xeyirli olduğunu bəyan edir. Min aydan xeyirli olması Qədr gecəsinin dəyərinin ədədi silsilə olmasında deyil, bu dəyərin aylara və illərə sığmayacaq qədər geniş olmasındadır.
Sonxeber.net bildirir ki, bu sözləri Axar.az-a ilahiyyatçı Rəsul Mirhəşimli Qədr gecəsinin fəzilətləri haqqında danışarkən deyib.
İlahiyyatçı bildirib ki, islam dünyası Ramazan ayının bərəkətini yaşayır:
"Artıq bu mübarək ayın sona çatmasına sayılı günlər qalır. İslam dinində mübarək ay olan Ramazanın daha bir önəmi bu ayın içində Qədr gecələrinin olmasıdır. Qədr gecəsinin dəyəri isə Qurani-Kərimin bu gecədə nazil olmasıdır. Əslində, Allah bu bəyanı ilə daha bir hikməti öyrədir bizə: "Ey insan, düşünün ki, məqsəd zamana dəyər vermək deyil, qayəsi insanlığı dəyərlilərin dəyərlisi olduğunu bəyan edən bu Kitab həmin mübarək gecədə enibsə, Ramazan ayını on bir ayın sultanına çeviribsə, görün, həyatınıza nə qədər dəyər qazandıra bilər".
R.Mirhəşimli bildirib ki, Azərbaycanın bir çox tarixi şəxsiyyətləri də bu gecənin dəyərinin xüsusi olduğunu qeyd ediblər:
"Azərbaycanın klassik şairi və nəqşbəndilik təriqətinin şeyxi Seyid Mir Həmzə Nigari şeirlərinin birində yazır: Hər gecəni Qədr bil/ Hər keçəni Xızır bil.
Nigari insana bütün ömrünü Qədr gecəsi kimi yaşamağın təntənəsini təşviq edir. Zamanın heç bir anını dəyərsiz yerə xərcləməməyi tövsiyə edir. Zamanı boşuna xərcləmək israfdır. Allah da israf edənləri sevməz. İslam dinində, Ramazan ayında xüsusi yeri olan Qədr gecəsinin bərəkəti xatirinə ibadət edən bütün insanclı insanlarımızın ibadət və dualarının qəbul olunmasını Uca Allahdan diləyirəm".