Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 11:36
Pandemiyanın yaratdığı mürəkkəb şəraitə, iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq Azərbaycan sosial əhəmiyyətli layihələri fasiləsiz olaraq davam etdirir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri bir daha göstərdi ki, müəyyən olunmuş prioritetlər hətta fors-major şəraitdə də dəyişməz olaraq qalır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Emin Hacıyev deyib.
Deputat qeyd edib ki, sosial layihələrin heç bir halda təxirə salınmayacağı ilə bağlı dövlət başçısının müəyyən etdiyi prinsipial yanaşma Azərbaycan dövlətinin siyasətinin, bu siyasətin mərkəzində vətəndaşın dayandığının ifadəsidir:
"Azərbaycan Prezidentinin regionlara hər bir səfəri həmin regionda yeni inkişaf mərhələsini şərtləndirir. Qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatından və qeyri-neft sənayesindən çox asılıdır. Bu mənada regionların üzərinə böyük yük düşür. Bölgələrdə açılan müəssisələr, sahibkarların kənd təsərrüfatına marağını artıran stimullaşdırıcı addımlar ÜDM-də regionların payını artırır. Dövlət tərəfindən regionların inkişafı ilə bağlı həyata keçirilən ardıcıl siyasət bölgələrlə paytaxt arasındakı fərqi tamamilə aradan qaldırmaqdadır.
Son 17 il ərzində regionların inkişafı ilə bağlı uğurla həyata keçirilən üç dövlət proqramı nəticəsində bölgələrimizdə 3 500-dən çox məktəb, 700-dən artıq tibb ocağı tikilib, 16 min kilometr yerli və beynəlxalq əhəmiyyətli avtomobil yolu çəkilib, 30-dan çox elektrik stansiyası istifadəyə verilib və bütün elektrik təsərrüfatı yenidən qurulub, ölkədə qazlaşdırma təxminən 100 faizə yaxındır, 50-ə yaxın Olimpiya idman Mərkəzi, Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər istifadəyə verilib və s.
Bu, işlərin yalnız bir hissəsidir. Nəticədə, bölgələrin siması tamamilə dəyişib və olduqca mühüm prioritetin həllinə nail olunub. Birincisi, bölgələrdə iş yerləri artıb, ikincisi, kənd və şəhərlərimiz arasında fərq əsas etibarilə ortadan qalxıb. Şamaxıda yeni sosial müəssisələrin - uşaq bağçalarının, kommunal və digər xidmət sahələrində işləyəcək texnikaların, eləcə də avtobusların istifadəyə verilməsi dövlətin sosialyönümlü siyasətinin komponentləridir".
E.Hacıyev qeyd edib ki, ölkədə həyata keçirilən struktur-institusional və kadr islahatları, o cümlədən, biznes mühitinin liberallaşdırılması ilə bağlı addımlar regionların inkişafına da ciddi təsir göstərir:
"Doing Business" hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Bu, aparılan islahatlara beynəlxalq təşkilatın münasibəti olmaqla yanaşı, xarici investorların diqqətinin ölkəmizə yönəldilməsi baxımından da əhəmiyyətlidir. Müstəqillik dövrü ərzində, 2015-ci ilədək Azərbaycana 206 milyard dollar həcmində investisiya qoyulub, 2019-cu ildə bu 270 milyon dollar həcminədək yüksəlib. 5 ilə 64 milyard manatlıq sərmayə olduqca böyük rəqəmdir. Xarici sərmayə isə təbii ki, ölkəmizə valyuta axını ilə yanaşı, yeni infrastrukturun, yeni texnologiyaların, Azərbaycanın prioritetləri sırasında olan 4-cü sənaye inqilabının innovasiyalarının ölkəmizə gətirilməsi deməkdir".