Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Rəhimzadə: “Qobu Park-3” qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir real nümunəsidir

Vüqar Rəhimzadə: “Qobu Park-3” qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir real nümunəsidir

Tarix: 29 May 2020 15:36

İstər keçən il ərzində, istərsə də cari ilin ötən dövründə həyata keçirilən təkmil islahatlar Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Hazırda dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir dönəmdə dövlətimizin başçısı cənab İlham Əliyevin COVID-19-un iqtisadi və sosial fəsadlarının aradan qaldırılması məqsədilə imzaladığı Sərəncama uyğun olaraq dörd sektoru və 20 fəaliyyət sahəsini əhatə edən Tədbirlər Planının uğurlu icrası Azərbaycanın inkişaf modelinin beynəlxalq aləmdə təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günündən bu çağırışı etdi ki heç bir sosial layihə təxirə salınmayacaq. Bugünümüzün həqiqətləri bir daha bu çağırışın real həyatda öz əksini tapdığını təsdiqlədi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır: "Sosial siyasətin əsas istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsidir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində qarşıdakı dövr üçün prioritetləri açıqlayarkən bəyan etmişdi ki, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin miqyası genişliyi ilə diqqət çəkir. Belə ki, müasir infrastrukturlara malik olan yeni qəsəbələr salındı, 2007-ci ildə ölkəmizdə sonuncu çadır şəhərciyi ləğv olundu. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ümumilikdə 2004-2019-cu illərdə 75 Fərman və Sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərin kompakt məskunlaşdıqları yerlərdə, ictimai binalarda kommunal xidmətlərin təşkilinin yaxşılaşdırılması barədə Prezident Fərmanı da diqqətçəkəndir. "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Sərəncama uyğun olaraq bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə ayrılan vəsaitlər onlara göstərilən diqqət və qayğının göstəricilərindəndir. Məcburi köçkünlərin sosial təminatı yaxşılaşır, onlara verilən müavinətin həcmi 50 faiz artmışdır. Möhtərəm Prezidentimiz məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılış mərasimində bildirmişdir ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət numunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər".

"Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritetdir" söyləyən Vüqar Rəhimzadə bildirib ki, ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park -3" yaşayış kompleksinin açılışı da bu diqqət və qayğının tərkib hissəsidir. Yeni qəsəbə Lökbatanda istifadəyə verilən "Qobu Park-1" və "Qobu Park-2" yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mehriban xanım Əliyeva hər zaman qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə həssaslıqla yanaşır, onların məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsu ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Dövlətimizin başçısı mərasimdə bildirmişdir ki, bu qəsəbələrin açılışı göstərir ki, əgər iradə varsa, siyasət düzgün aparılırsa, istənilən təşəbbüs, gözəl ideya həyata keçər.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın yeni qəsəbələrə köçürülməsi ideyasının müəllifi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev olub. Ulu Öndərin Fərmanı əsasında 1999-cu ildə Dövət Neft Fondunun vəsaitlərinin yönəldildiyi istiqamətlərdən biri də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

"Dövlətimizin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daimi xarakter alan diqqət və qayğısı doğma yurdlarından didərgin düşən soydaşlarımız tərəfindən yüksək qiymətləndirlir" söyləyən Vüqar Rəhimzadə bildirib ki, "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi çox əlamətdar günə təsadüf edir: "Azərbaycan Xalq Cümhuriyyətinin 102 illik tarixinin vərəqləndiyi gundə-Respublika Günündə keçirilən açılış mərasimi bir daha xalqımıza bu əminliyə çağırışdır ki, müstəqilliyimiz əbədi, dönməz, sarsılmaz olmaqla yanaşı, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Dövlətimizin başçısı bildirmişdir ki, kompleksin açılışının Müstəqillik Gününə təsadüf etməsi rəmzi xarakter daşıyır, yalnız müstəqillik dövründə Azərbaycan öz potensialını böyük dərəcədə inkişaf etdirə bilmişdir".

V.Rəhimzadə üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı günün uzaqda olmadığını bildirib: "Ölkə Prezidenti Azərbaycanın diplomatik və iqtisadi tərəqqisinə uyğun artan hərbi qüdrəti fonunda bu əminliyi böyük inam və qətiyyətlə ifadə etmişdir ki, beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynayacaq. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik".

"Möhtərəm Prezidentimiz nitqində "Nə üçün torpaqlarımız işğal altına düşdü" sualını da cavablandıraraq Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlmək üçün etdiyi xəyanətləri bir daha diqqətə çatdırmışdır. Bu reallıq bir daha vurğulanmışdır ki, əgər o dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış torpaq da düşmən tərəfındən işğal edilə bilməzdi" söyləyən baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi inkişaf, tərəqqi yoluna çıxardı: "Bu gün müasir müstəqil Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, aparılan islahatlar, iqtisadi, sosial sahədə milli dəyərlərə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun".


Etiketlər:  Vüqar Rəhimzadə Qobu Park qaçqın məcburi köçkünlərə yüksək dövlət qayğısının daha real nümunəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ