Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 18:57
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 19 il bundan öncə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirdi. Ötən 19 ildən artıq dövrün Azərbaycana nə verdiyini təhlil etdikdə, yalnız bir məqam daha çox diqqəti çəkir: ikili yanaşma, ədalət meyarının maraqların arxasında əriməsi, Ermənistana dəstək. AŞPA-dan qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən qondarma prezident seçkilərinə münasibətdə susqunluğu bunun bariz nümunsidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Tərtər rayonuna səfəri çərçivəsində Olimpiya İdman Kompleksinin açılış mərasimində bu məsələyə xüsusi diqqət yönəldib. "Bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası"nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir" söyləyən möhtərəm Prezidentimiz bildirmişdir ki, Dağlıq Qarabağdakı "seçki" şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, AŞ PA Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolon"u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.
"Azərbaycan ötən 19 ildən artıq dövrdə qurum qarşısında götürdüyü öhdəliklərə sadiqliyini atdığı addımları ilə sübut etsə də fürsət düşən kimi bunun dəyərləndirilməsi olaraq qarşı tərəfin ikili siyasəti ilə üz-üzə qalıb" söyləyən baş redaktor vurğulayıb ki, bu yanaşmalar öncədən məlum idi. Demokratik prinsiplərin inkişafı ilə məşğul olmalı olan Avropa Şurasının işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda tamhuquqlu üzv kimi sıralarına qəbul edəndə sonrakı dövrlərdə ədalət meyarını necə qoruyacağına işıq salmışdı: "Avropa Şurası Parlament Assambleyasının keçmiş həmməruzəçiləri Andreas Qross və Andres Herkelin ölkəmizlə bağlı qərəzli hesabatlarını hansı mənbələr hesabına hazırladıqlarını yada salaq. Andreas qrosslar səbəbsiz yerə radikal müxalifətin və "hüquq müdafiəçiləri"nin dostu kimi qəbul edilmirdi. Dağıdıcı ünsürlərə bu dəstək hazırda da davam edir. Azərbaycanı demokratik inkişaf baxımından zəif ölkələr sırasına daxil edən andreas qrosslar işğalçı Ermənistanı "azad ölkələr" qrupuna daxil edirdilər. Hər dəfə eyni qərəzli yanaşmalara rəsmi Bakının münasibəti belə olub ki, Avropa Şurası təkcə həmməruzəçilərdən ibarət deyil. Heç kəs öz şəxsi mövqeyini qurumun ümumi mövqeyi kimi qəbul etdirə bilməz".
V.Rəhimzadə belə bir məqama diqqət yönəldib ki, Avropa Şurası ölkəmizlə bağlı qəbul etdiyi "Azərbaycanda demokratik təsisatların inkişafına dair" adlı qətnamədə Azərbaycanın demokratik inkişafını təqdir edir, amma ikili yanaşmasından da əl çəkmir. Hansı ki, Azərbaycanla Ermənistanı eyni vaxtda sıralarına qəbul edərkən bu öhdəlik götürülmüşdür ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə nail olmalıdırlar: "Qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən hər bir "seçki" şousuna müsbət rəyini ya açıq şəkildə ifadə edən, yaxud da bu dəstəyini susmaqla bildirən Avropa Şurası üzərinə götürdüyü missiyanı hansı şəkildə yerinə yetirə bilər? Avropa Şurasından gözləntilərimizi açıqlayarkən qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini xüsusi qeyd edirik. Amma qurum istər demokratik islahatlara münasibətdə, istərsə də Dağlıq Qarabağ probleminin həllində ikili siyasətini gizlətmir. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞ PA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə daim hücumlara məruz qalır. Bu, reallıqdır. Dövlətimizin başçısı İlham Əliyev Tərtər Olimpiya Kompleksinin açılışında da Avropa Şurasına bu çağırışı etmişdir: "Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar".
Baş redaktor bu məqamlara da diqqət yönəldib ki, Avropa Şurasının, eyni zamanda, "Human Rights Watch", "Fredoom Hause, "Amnesty İnternational" kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Azərbaycana qarşı qərəz, Ermənistana qarşı isə sevgi daim özünü qabarıq şəkildə büruzə verib. Bu təşkilatların təmsil etdikləri ölkələr daim atılan bu məqsədli addımları ört-basdır etmək üçün təsadüf adı ilə pərdələməyə çalışsalar da "xoruzun quyruğu" zaman-zaman görünüb: " Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ən əsası problemin həlli prosesinin uzanmasına səbəb olan dünyanın ikili siyasətinə diqqət yönəldilməsin.
Ölkə Prezidenti ədalət meyarına fərqli yanaşmanı əsaslı şəkildə diqqətə çatdırır. Bu yanaşmaların formalaşmasında sözsüz ki, Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı, dünyaya ən yüksək tribunalardan səsləndirdiyi "Bütün dövlətlərə vahid meyarlarla yanaşılmalıdır" kimi çağırışları əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, dünyanın ikili standartlarının mövcudluğuna baxmayaraq, Azərbaycan geri çəkilmir, daim irəli baxır, erməni yalanlarına qarşı ədalətli mövqeyimizi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızı, ən əsası gücümüzü, birilyimizi, həmrəyliyimizi nümayiş etdiririk".
V.Rəhimzadə bir daha bildirib ki, bu gün dünya hüquq problemini yaşayır. Beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın Avropa Şurası kimi nüfuzlu təşkilatı bu mövqenin ona inamsızlığın yaranmasına səbəb olduğunu düşünürmü? Özlüyündə yaranan bu suallar bir daha dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanlanan bu çağırışları aktualalşdırır: Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!" deməsi zamanıdır.
Baş redaktor onu da əlavə edib ki, Avropa Şurası kimi qurumlar unudurlar ki, artıq yalanlarının ayaq tutub yeriməsinin vaxtı çoxdan keçib: "Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni yalanlarının diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışmağın nə qədər gülünc və mənasız olduğunu görməmək mümkün deyil. Azərbaycanın uğurları tarixin saxtakarlığı sevmədiyini, faktlara əsaslandığını təsdiqləməklə yanaşı, atılan addımların hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcəyə hesablandığını nümayiş etdirir".