Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 14:05
"Bu xəbərə biz inanmaq istəmədik. Təəssüf ki, son dövrlərdə sağ olan insanları "öldürmək", onların ölüm xəbərlərini yaymaq dəb halı alıb".
Sonxeber.net xəbər verir ki, bunu aparıcı Nanə Ağamalıyeva "Şou ATV"də Xalq artisti Teymur Mustafayevin ölümü ilə bağlı danışarkən deyib.
Nanə Teymur əmi ilə son telefon danışığını efirdə tamaşaçılarla bölüşüb:
"İlk eşitdiyimdə dedim ki, "Yalandı, mən inanmıram". Çünki bir həftə bundan qabaq mən Teymur əmiyə zəng vurdum. Burada uşaqlarla mərc etmişdik və nə idi mövzu? - Öz aramızda mübahisə etmişdik ki, ət alanda ətin hansı hissəsini alsaq daha dadlı olar. Əmi gözəl əhval-ruhiyyə ilə bizə cavab verdi, faydalı məsləhətlərini bizimlə paylaşdı. Gümrah idi hər zaman olduğu kimi. Bu həftə "Nanəli"ni mən Teymur Mustafayevə həsr etmək istəyirdim. Ötən həftə mən zəng vurdum zəng çatmadı. Oğluna zəng vurduq götürən olmadı. Dəfələrlə zəng vurduq, amma heç cürə əlaqə saxlaya bilmədik. Ötən gün bu xəbəri eşidəndə hamımız şok yaşadıq".
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. Məlumata görə, iyunun 4-ü "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulub. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, mərhum Xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.
T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Məhəmməd Vaqif