Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 15:51
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Azərbaycanda donora ehtiyacı olan insanların sayı donor olmaq istəyənlərdən dəfələrlə çoxdur. Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov bildirib ki, əfsuslar olsun ki, ölkəmizdə hələ də orqan çatışmazlığı ilə əlaqədar bəzi problemlər mövcuddur: “Bildiyiniz kimi Azərbaycanda 1974-cü ildə ilk dəfə böyrək transplantasiyası keçirildiyi zaman həyatını itirmiş insanın orqanından istifadə olunub. Onun xaricində son 10 il içərisində aparılan bütün əməliyyatlarda xəstələrin yaxın qohumları və çevrəsindəki insanlar donor olub, onlardan öz razılığı ilə notariat qaydada icazə alındıqdan sonra istər qaraciyər, istərsə də böyrək canlıdan canlıya transplantasiya olunub”.
Deputat vurğulayıb ki, donora ehtiyacı olan insanların sayının donor olmaq istəyənlərdən dəfələrlə çox olması orqan bankının yaradılması məsələsini bir daha aktuallaşdırır:
“Orqan bankının yaradılması mürəkkəb proses kimi görünsə də əslində vacib bir nüansdır. Toxumaların laborator şəraitdə saxlanılması qismən daha asan olsa da orqanlara gəldikdə bu məsələ kifayət qədər çətinləşir. Çünki orqanlar ən qısa müddətdə transplantasiya olunmalıdır. Bu baxımdan bu gün ölkəmizdə transplantasiya sahəsində həyatını itirmiş insanlardan orqanların alınması ilə bağlı məsələlər hələ də aktualdır və bu sahə ilə bağlı qanunvericilikdə də boşluqlar mövcuddur:
“Digər tərəfdən bu məsələyə cəmiyyətin də yanaşması müsbət istiqamətdə olmalıdır. Necə ki, qan verərkən həyat bəxş edirik və biz donor olarkən bu qanın hansı insanda istifadə olunduğunu bilmirik, orqan donorluğu da belə olmalıdır. Bu baxımdan düşünürəm ki, orqanların donorluğu ilə bağlı məsələlər də könüllülük prinsipinə əsaslanmalıdır və biz özümüz də ətrafımızda hansısa yaxınımız həyatını itirdiyi zaman onun orqanlarının ehtiyacı olan insanlara köçürülməsinə razılıq verməyi bacarmalıyıq. Hətta bu dinimiz İslamda da yüksək qiymətləndirilir və kainatı xilas etməyə bərabər tutulur.
Ümid edirəm bu məsələnin ciddiliyi və həyati vacib önəm daşıması cəmiyyətimizdə hər zaman diqqət mərkəzində qalar. Çünki bu məsələ yalnız orqan köçürülməsi demək deyil, bir insana həyat, onu sevənlərə isə sevinc bəxş etmək deməkdir. Bu baxımdan KİV-lər də bu məsələdə aktiv olmalı və düzgün maarifləndirmə həyata keçirməlidirlər. Bəzən bütün şərait uyğun olsa da yalnız orqanın tapılmaması həm xəstəyə, həm ətrafına ciddi psixoloji zərbə endirir. Buna görə də, mən inanıram ki, ölkəmizdə bütün mövcud şəraitin imkan verdiyi bir dövrdə orqanların könüllü şəkildə bağışlanması məsələsi də öz həllini tapacaq, İcbari Tibbi Sığortanın tətbiqi və pandemiya dövründə səhiyyə sahəsində əldə edilmiş yeniliklər və uğurlar bu sahədə də öz müsbət nəticələrini göstərməyə imkan verəcək. Beləliklə Azərbaycan səhiyyəsində də transplantasiya sahəsi daha da əlçatan və daha da yüksək standartlara uyğun şəkildə icra olunacaq”.