Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 12:15
Anam biləndə ki, mən müğənniliyə başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla mübahisə elədi, dedi ki, mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən. Özün tarçı və xanəndə, mən isə ingilis dili müəlliməsi... Bizim ailəmizdən müğənni çıxa bilməz. O kişini (bəstəkar Vaqif Gərayzadə-red.) tanıyırıq? Qızımızı hara aparıb-gətirdiyini bilirik?" Atam isə deyib ki, qızım bir atanın yanına gedib-gəlir. Sən bu işlərə qarışma, artıq mən varam.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Gəl qonaq ol" proqramında iştirakı zamanı qeyd edib. Röya anasının illər əvvəl onun incəsənət aləminə girməyinə manelər yaratdığını bildirib.
Sənətçi atasının ona dəstək olduğunu, Vaqif Gərayzadəyə çox inandığını deyib: "Atam mənə ilk dəfə bir az kürəyi açıq paltar aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anam dedi ki, bu paltarı cırmaq lazımdır. Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. 5-6 ildən sonra anam İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim ki, nə oldu, bəs istəmirdin?"
Bundan əlavə, müğənni illər ərzində dəyişmədiyini vurğulayıb: "Yekəxanalıq, özünü öymək mənlik deyil. "Xalq artisti" adını zəhmətimin qarşılığında almışam. Amma həyatımda heç nə dəyişməyib. Eyni kətan köynəkdə, cins şalvarda yenə də dədəmin qızıyam. Hamı kimi mən də problem yaşayan bir insanam. Allah o insanları seçir, ulduz edir, amma həyatında çox şeylər vermir. Bir az nələrsə verir, onunla da dadını çıxarırıq".