Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 13:57
""Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın həbsi bu ölkədə hakimiyyət böhranının artıq dərinləşdiyini və siyasi rejimin iflasını bariz şəkildə göstərir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, 2020-ci ilin 16 iyun tarixində Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib:
"Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.
"Bundan əvvəl də Ermənistanda silsiləli siyasi həbslərin şahidi olmuşuq və inqilab dalğası üzərindən hakimiyyətə gələn "demokrat" Nikol Paşinyanın hazırkı antidemokratik hücum taktikası nəinki onun oponentlərində, artıq müstəqil siyasi dairələrdə də birmənalı qarşılanmır. Məsələn, onun bu addımlarının çökməkdə olan siyasi nüfuzunu qoruyub saxlamaq məqsədi daşıması hazırda heç kəsdə şübhə yaratmır, lakin irəliyə apardığı bu tədbirlər söz və fikir azadlıqlarını məhdudlaşdırmaqla yanaşı, özəl biznesə uzanan "əl" kimi də dəyərləndirilir. Dolayısı ilə küçə hərəkatından qalxaraq hakimiyyətə yiyələnən Paşinyan və onun ətrafı da varlanmaq və biznesi tam nəzarətə götürmək barədə düşünür."
Son dövrlərdə Ermənistanda baş verən hadisələrə, siyasi həbslərə beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi isə heyrət doğurur.
Q.Sarukyanla bağlı son hadisələr fonunda "azadlıq carçısı" olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi təəccüb yaradır!."
Deputat vurğulayıb ki, Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib".
Deputat vurğulayıb ki, Ermənistanda baş verən bu hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin "önəm verdiyi" bütün dəyərlər ayaq altına salınıb:
"Lakin nədənsə Qərbin təsisatları və beynəlxalq qurumlar hələ də hadisələrə reaksiya vermirlər, özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
Baş verənlərin ciddi nəticələrə yol aça biləcəyini nəzərə alaraq hazırkı vəziyyətdə beynəlxalq təşkilatların hadisələrə müşahidəçi mövqeyi yolverilməzdir, münasibət mütləq olmalıdır.
Görünən odur ki, Ermənistan hakimiyyəti yeni böhran dalğası ilə üz-üzədir, ölkənin siyasi səhnəsində yeni qarşıdurma və çaxnaşmalar qaçılmazdır".